VƏTƏNDAŞLARIMIZIN QƏTİYYƏTLİ ADDIMI
Digər xəbərlər

VƏTƏNDAŞLARIMIZIN QƏTİYYƏTLİ ADDIMI

Dekabr ayının 12-dən etibarən Qeyri-Hökumət Təşkilatlarının (QHT), vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai fəallar, ekoloqlar Laçın-Xankəndi yolunda Ermənistan tərəfindən ölkəmizin ərazisinə qanunsuz silah-sursat və hərbi dəstələrin daşınmasına, milli sərvətlərimizin ölkədən çıxarılmasına və ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Mən də ictimai fəal kimi, həmin aksiyada könüllü iştirak etmək üçün müraciət etdim. Müraciətim qəbul olundu. 2022-ci il dekabr ayının 14-də Şuşaya yola düşdüm. Avtobus QHT nümayəndələrindən, ekofəallardan ibarət idi. Yol boyu dağılmış kəndlərimizi gördükcə ürəyim sızlayırdı, ərazi bütövlüyümüz uğrunda gedən 44 günlük çətin və amansız savaşlar sanki gözlərimin önündən keçirdi. Hər kəs sakit və süküt içində dağıdılmış, viran edilmiş yaşayış məskənlərinə baxa-baxa, şəhidlərimizin ruhuna dualar oxuya-oxuya Xankəndi-Laçın yoluna gəldik.

  Bu ərazilərimizi işğal etmiş erməni qəsbkarları 30 il ərzində təkcə yaşayış məntəqələrimizi dağıtmamış, həm də minlərlə insanlarımızı əsir götürüb işgəncələr vermiş və qətlə yetirmişlər. Fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək ərazilərimizi işğaldan azad etdilər. Erməni işğalçıları gördülər ki, savaş 2 gün də artıq  davam etsə, sonu pis nəticələnəcək. Savaşın dayandırılmasını və sülh tərəfdarı olduqlarını bəyan etdilər. Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli Bəyanat imzalandı.

Lakin erməni işğalçıları 10 noyabr 2020-ci il razılaşmasını tez bir zamanda unutdular. 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Ancaq erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmadı.

Bəyanatın 9-cu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Bu bənddə Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkili və Ermənistan tərəfindən hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verilsə də, ermənilər imzaladıqları razılaşmanı kobud şəkildə pozurlar.

Hələ üstəlik xarici şirkətlərin dəstəyi ilə Azərbaycan torpaqlarında olan təbii sərvətləri talan edir, fauna və floramıza ciddi zərbə vururlar.

Ağdərə rayonunda yerləşən "Qızılbulaq" qızıl yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. 2013-cü ildən 2020-ci ilə qədər bu sərvətlər "Base Metals" şirkəti tərəfindən talanıb.

 Xaricdə yaşayan ermənilər Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon tona qədər filiz istehsal edən mədən emal zavodunun tikintisini aparıblar. Bu isə öz növbəsində, 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir.

2013-cü il mayın 1-dən "Base Metals" şirkətinin iqtisadi göstəriciləri daha da yüksəlmiş, 2013-cü ilin iyununda 3 milyon dollar dəyərində məhsul istehsal edilmişdir. Həmin ilin iyul ayında isə 55 min ton kaşen filizi emal edilmişdir.

 "Qızılbulaq" qızıl yatağı hazırda Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyniadlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. "Dəmirli" mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxil olan Dəmirli kəndində yerləşir. Ermənilər bu kəndi Kaşen adlandırırlar.

Biz, aksiya iştirakçılarının ermənipərəst sülhməramlılar qarşısında qoyduğumuz tələblər bunlardan ibarətdir:

Xalqımızın təbii sərvətləri xarici şirkətlər və vətəndaşlar tərəfindən talan edilməsinə son qoyulsun, Azərbaycan tərəfinin yataqlarda monitorinq keçirilməsinə şərait yaradılsın, silahlı erməni dəstələri ərazilərimizdən çıxarılsın, minalanmış ərazilərin xəritələri Azərbaycana verilsin, Azərbaycanda yaşayan ermənilər dövlətimizin qanunlarına, Konstitusiyasına tabe olsunlar, xarici vətəndaşlığı olan ermənilər, əsasən də separatçı Ruben Vardanyan kimiləri törətdiyi əməllərə görə qanunla cinayətə cəlb edilsinlər və s.

Biz, aksiya iştirakçıları tələb edirik ki, 10 noyabr 2020-ci il 3 dövlət arasında imzalanmış üçtərəfli Bəyanata Ermənistan əməl etsin. Azərbaycan dövləti müharibə şəraitində yaşayıb, müharibənin fəsadlarını yaxşı bilir və müharibəyə yox deyir. Lakin separatçı ermənilər daim Azərbaycana qarşı təxribatlar törətməkdən çəkinmirlər. Biz təklif edirik ki, Laçın yolunda gömrük-sərhəd postu qoyulsun, lakin ermənilər postun qoyulmasını istəmirlər. Bir sözlə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl etməli, xüsusilə qanunsuz silahlı qüvvələrini Azərbaycandan çıxarmalı, təbii resursların qanunsuz istismarını dayandırmalı və ekoloji terrora son qoymalıdır. İctimai fəllar, könüllülər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri bütün beynəlxalq təşkilatlara, ətraf mühitin və ekologiyanın mühafizəsi ilə məşğul olan xarici ölkələrə, müraciət edir ki, ermənilərin və xarici şirkətlərin ölkəmizdə yaratdığı ekoloji terrora son qoymaq üçün haqlı aksiyamıza dəstək olsunlar. Biz inanırıq ki, bu sahədə də zəfər qazanacağıq.

Arifə ƏHMƏDLİ,

GDU-nun müəllimi,

siyasi elmlər üzrə fəlsəfə doktoru.