Vətəndaşlara xidmətin yeni mərhələsi məmnunluq doğurur
Sosial həyat

Vətəndaşlara xidmətin yeni mərhələsi məmnunluq doğurur

Ölkəmizin bütün bölgələrinin inkişaf etdiyini, kənd və qəsəbələrinin abadlaşdırıldığını, yeni iş yerlərinin açıldığını, işğaldan azad edilən torpaqlarda başlanmış genişmiqyaslı quruculuq işlərini hər kəs görür, əhalinin həyat şəraiti və sosial təminatı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində paytaxt və iri şəhərlərlə yanaşı, rayon mərkəzlərinin, kənd və qəsəbələrin də siması dəyişir. Respublikamızın hər yerində infrastruktur layihələr həyata keçirilir, məktəblər, uşaq bağçaları inşa edilir və ya əsaslı təmir olunur, yeni yollar çəkilir, iş yerləri açılır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulur, sabitlik və təhlükəsizlik tam təmin edilib. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və müdafiə edir. Həyatın bütün sahələrində həyata keçirilən davamlı islahatlar dövlətçiliyin, iqtisadiyyatın inkişaf etdirilməsində, yeni texnologiyaların tətbiqində, milli-mənəvi dəyərlərin qorunmasında, məmur-vətəndaş münasibətlərinin tənzimlənməsində, bir sözlə, dünyada ölkəmizin mövqeyinin möhkəmlənməsində yeni bir mərhələ başlayıb. Mübaliğəsiz demək olar ki, Azərbaycanın inkişafının yeni modelinin ilk rüşeymləri 2003-cü ildə özünü büruzə verib və yerlərdə xalqın razılığını, məmnuniyyətini qazanmaq hakimiyyət üçün çox önəmli yerlərdən birini tutub. Danılmaz faktdır ki, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı müsbət tendensiyalı siyasəti bəzən tamahkar, rüşvətxor məmurlar zədələyir. Bəzi narazılıqların artmasında, problemlərin həll edilməməsində yerli məmurların günahları həddən artıq çoxdur. Vəzifəyə gəlir nöqtəsi, biznes obyekti kimi baxdıqları üçün xalqla ünsiyyət, insanların üzləşdiyi problemin həllinə diqqət arxa plana keçirdi. Vətəndaşları get-gələ salırdılar, onları dinləmir, süründürməçiliyə yol verilirdi. Adi bir arayış almaq üçün vətəndaş uzaq kənddən rayon mərkəzinə günlərlə ayaq döyür, xərcə düşür, məmurdan narazı qalır, əsəbiləşirdi. Belə mənfi hallara qarşı ciddi mübarizə aparılır, günahkarlar cəzalandırılır. Təbii ki, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, vətəndaşlara ögey münasibət göstərən, rüşvət və korrupsiya hallarına son qoymayan məmurların cəzalandırılması qaçılmaz idi. Aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəbindən həbs olunmuş icra başçılarının naqis hərəkətləri haqlı olaraq dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

Həmin icra başçıları onlara göstərilən etimadı doğrulda bilməmiş, sözün əsl mənasında harınlamış, özlərinin qanunlardan üstün olduqlarını açıq-aşkar nümayiş etdirmiş, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlərə yol vermişdilər. Atalar demişkən, su çanağı suda sınar və nankorluğun cəzası çox ağır olur. Xidmət sahələrində acınacaqlı vəziyyətə son qoyulması üçün daha mühüm islahatlara imza atıldı. Belə ki, 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "Asan xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa yüksək şəkildə xidmətin göstərilməsinə nail olmaq idi. Ötən doqquz il göstərdi ki, "Asan xidmət"lər vətəndaşların razı qaldığı, yüksək xidmət nümayiş etdirən milli brendə çevrilib.

Dövlət başçısının ciddi tapşırıqları və prinsipial mövqeyi nəticəsində ölkədə mənfi təzahürlərə qarşı aparılan mübarizə tədbirləri, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması xalqımız tərəfindən razılıqla qarşılanır.

Prezident İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Bu hallara qarşı görülən tədbirlər, aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçdiyini aydın göstərir. Vətəndaşların qəbulunun yüksəldilməsi üçün Bakı şəhərində yeni mərkəzin istifadəyə verilməsi də məmur-vətəndaş arasında maneəsiz körpünün yaradılmasına xidmət edir.

Dövlət başçısı İlham Əliyev martın 28-də Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Yeni və müasir beşmərtəbəli binada gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları var. Vətəndaş Qəbulu Mərkəzində Çağrı Mərkəzi istifadəyə verilib, vətəndaşlar 1111 nömrəsinə zəng edə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanı yaradılıb, ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var. Mərkəzdə iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.

Qeyd edək ki, ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.

Danılmaz faktdır ki, inkişaf insana xidmət etməlidir. Dövlət o zaman tərəqqi edir ki, onun inkişafı vətəndaşın rifahına, sağlamlığına, sosial təminatına və intellektual inkişafına münbit şərait yaradır. Doğma xalqının yanında olan, onun sevincinə, kədərinə şərik olan, imkansızın, kasıbın qəlbində işıq yandıran, dövlətçiliyin inkişafı naminə fədakar xidmətləri ilə dünyada dərin hörmət və nüfuz qazanan İlham Əliyev siyasətinin əsasında vətəndaşa xidmət dayanır.

Salman ALIOĞLU,

"Respublika".