Vətəndaşlara saxta vaksin sertifikatı təqdim edən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Vətəndaşlara saxta vaksin sertifikatı təqdim edən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Vətəndaşlara COVID-19 testinin neqativ nəticələrini əks etdirən saxta arayışların verilməsi ilə məşğul olan bir qrup şəxsin qanunazidd əməlləri ifşa olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 101 nəfərin tikinti prosesinə cəlb edilməsi məqsədilə Sankt-Peterburq şəhərinə getməsi üçün COVID-19 testinin neqativ nəticələrini əks etdirən saxta arayışlar ilə mayın 18-də Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə "Əsr Travel" MMC-nin direktoru Əsgər Bayramovu və "Arkan Group" MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfərin adına saxta COVID-19 testinin neqativ nəticələrini əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.

Həmin qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

AZƏRTAC