Vətəndaşlara məxsus pul vəsaitini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Vətəndaşlara məxsus pul vəsaitini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin üzvləri üçün inşa olunan çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu qeyd edərək, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə Birliyin üzvü olmayan 92 şəxsin ümumilikdə 5 milyon 781 manat məbləğində pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC