VƏTƏNDAŞLARA DÖVLƏT QAYĞISININ İNNOVATİV NÜMUNƏSİ
Sosial həyat

VƏTƏNDAŞLARA DÖVLƏT QAYĞISININ İNNOVATİV NÜMUNƏSİ

Çağdaş dünyamızda bir çox ölkələr əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən son texnologiyalardan istifadə etməklə "bir pəncərə" prinsipini sistemləşdirir və həyata keçirir, bununla da dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı münasibətlərdə yeni keyfiyyət yanaşması formalaşdırır.

Azərbaycanda "ASAN xidmət" adlanan bu sistem ölkənin inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Bəs artıq beynəlxalq miqyasda rəğbət qazanmış Azərbaycanın bu təcrübəsinin əsas mahiyyəti nədən ibarətdir?

Azərbaycanda bu xidmət mərkəzlərinin yaradılması ölkənin sosial-iqtisadi sferasında əldə olunan uğurların məntiqi nəticəsidir. Dövlət vətəndaşların həyat şəraitinin və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş sosialyönümlü siyasət həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

"ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi sahəsində dövlətin vətəndaşlara doğru atdığı innovativ addımdır ki, bu da vətəndaşların rifahının yaxşılaşdırılmasına və insan hüquqlarının təmin edilməsinə yönəlmiş davamlı və sistemli sosial islahatların bariz nümunəsidir. Xidmətin fəaliyyəti əsasən əhalinin tələbatının ödənilməsi üçün şəraitin təmin edilməsinə, korrupsiyaya qarşı mübarizəyə və müasir texnologiyaların tətbiqinə yönəlib. Xidmət öz milli xüsusiyyətlərini qorumaqla, dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparan müstəqil və mütərəqqi Azərbaycanın uğurlarının güzgüsü və göstəricisidir.

Mərkəzlərdə xidmətlər "vahid məkan" prinsipi ilə həyata keçirilir. Bir inzibati binaya daxil olan vətəndaşlar eyni vaxtda ona yaxın dövlət orqanının, eləcə də özəl müəssisə və şirkətin 250 xidmət növündən istifadə edə bilərlər. Bütün bunlar xərclərin və vaxt itkisinin azaldılmasına kömək edir, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, eləcə də göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına imkan yaradır. Bu  xidmətin unikallığı xidmətlərin göstərilməsi prosesində maraqların toqquşmasının tam aradan qaldırılmasındadır.

Vətəndaşların dövlət xidmətlərinə olan tələbatının ödənilməsi sahəsində uğurlu təcrübənin davam etdirilməsi məqsədilə xidmətlərin göstərilməsinin daha bir innovativ üsulu - Səyyar "ASAN xidmət" istifadəyə verilib. Bütün zəruri müasir avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar "ASAN xidmət" mərkəzlərinin olmadığı bölgələrə gedib yerlərdə vətəndaşlara xidmət göstərir. Səyyar avtobuslar vasitəsilə 1 milyon 300 mindən çox müraciət daxil olub və müvafiq xidmətlər göstərilib.

Aparılan sorğulara əsasən vətəndaşların xidmətlərdən məmnunluğu 98-100 faiz təşkil edir. Vətəndaşların xidmətlərə olan tələbatının yüksək səviyyədə ödənilməsinin daha bir sübutu bu xidmətin ISO 9001:2008 keyfiyyət idarəetməsi üzrə beynəlxalq sertifikatının verilməsidir.  Xidmət yarandığı gündən könüllülük fəaliyyətindən ən çox istifadə edən dövlət qurumuna çevrilib. Xidmət mərkəzlərində gənclərin həyata keçirdikləri könüllü fəaliyyətlər də onların özünüinkişafına öz töhfəsini verir. Mərkəzlərin fəaliyyətində 14 mindən çox gənc könüllü kimi iştirak edib.

Azərbaycanda dövlət xidmətlərinin göstərilməsinin inkişafının növbəti mərhələsi kimi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN 2.0 konsepsiyasının tətbiqini planlaşdırır. Yeni konsepsiya dövlət qulluqçuları ilə vətəndaşlar arasında təmasları minimuma endirəcək, bununla da daha yüksək dərəcədə şəffaflıq və operativliyi təmin edəcək, həmçinin dövlət xidmətlərinin səviyyəsini daha da artıracaq.

Yüksək peşəkar və məhsuldar fəaliyyəti nəticəsində "ASAN xidmət" çoxsaylı beynəlxalq mükafatlara və sertifikatlara layiq görülüb, dövlət xidmətlərinin göstərilməsinin inkişafına verdiyi töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının (UNPSA 2015) mükafatının sahibidir. O, həmçinin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" nominasiyası üzrə birinci yerə layiq görülüb. BMT-nin bu mükafatı dövlət idarəçiliyi sahəsində mükəmməlliyin və peşəkarlığın ən nüfuzlu beynəlxalq dəyərləndirilməsidir. Xüsusilə qeyd etmək lazımdır ki, bu yeni, innovativ xidmət  bütün postsovet məkanında BMT-nin bu kateqoriya üzrə mükafatını alan ilk dövlət qurumudur.

Bundan əlavə, Dövlət Agentliyi ISO 9001:2008 beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatına, sağlamlıq və təhlükəsizlik idarəetmə sistemi OHSAS 18001:2007 sertifikatına, həmçinin Britaniya Təhlükəsizlik Şurasının mükafatına layiq görülüb.

"Price Waterhouse Coopers" beynəlxalq audit şirkəti tərəfindən 2015-ci ilin avqust ayında aparılan araşdırmaya əsasən dünyanın iri şəhərlərindəki dövlət xidmətləri mərkəzlərinin işinin müqayisəli təhlilinə əsasən "ASAN xidmət" mərkəzləri ən yüksək səviyyəli mərkəzlər üçlüyünə daxil olub. Burada müştərilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir, onların rahatlığı tam təmin olunur.

Nüfuzlu dünya mediası, eləcə də beynəlxalq təşkilatlar dövlət xidmətlərinin göstərilməsində "Azərbaycan modeli" kimi "ASAN xidmət"in qabaqcıl təcrübəsini xüsusilə qeyd edirlər. Dövlət və özəl xidmətlərin göstərilməsinin unikal üsulu olan növü Azərbaycanın "milli brendinə" çevrilmiş və haqlı olaraq aparıcı beynəlxalq təşkilatlarda, ilk növbədə BMT-də, eləcə də qeyri-hökumət strukturlarında tanınır. Beynəlxalq hüquqi müqavilələr əsasında Azərbaycanın bu qabaqcıl təcrübəsi digər ölkələrdə də uğurla tətbiq olunur. Artıq Əfqanıstanda bu ölkənin vətəndaşlarına xidmət göstərəcək eyniadlı "ASAN Khedmat" təşkilatı yaradılıb. İndoneziya, İtaliya, Monteneqro və  xidmətin  təcrübəsi ilə maraqlanan digər dövlətlərlə də əməkdaşlıq müqavilələri imzalanıb.

"ASAN xidmət" Azərbaycanda yaradılmış, dövlətin prioritetlərini - dövlət xidmətlərinin göstərilməsində əlçatanlıq və şəffaflığı, vətəndaşyönümlü idarəetməni, sosial məsuliyyəti, innovasiyaları ön plana çıxaran, Azərbaycan Prezidenti İlham Əliyevin ərsəyə gətirdiyi XXI yüzilliyin dövlət idarəetmə sisteminin mühüm və qabaqcıl tərkib hissəsidir.

Emin QASIMOV,

 "Respublika".