VƏTƏNDAŞ MƏMNUNLUĞU BAŞLICA ŞƏRTDİR
Digər xəbərlər

VƏTƏNDAŞ MƏMNUNLUĞU BAŞLICA ŞƏRTDİR

Artıq iki ildir ki, ədliyyə işçiləri peşə bayramlarını qürurla, iftixarla, böyük sevinclə qeyd edirlər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilmiş, qazandığımız möhtəşəm qələbə, tarixi zəfər xalqımızı qalib, məğrur xalq kimi bütün dünyaya tanıtdırmışdır.

Dövlətimizin hüquq siyasətini həyata keçirən ədliyyə orqanları ilk müstəqil dövlətimiz - Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman təsis edilmiş, şanlı, şərəfli inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə ədliyyə orqanlarının fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdə rolunun və mövqeyinin yüksəldilməsinə xüsusi qayğı göstərmişdir. Ulu öndərin müstəsna diqqəti və qayğısının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla noyabr ayının 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderin hüquqi dövlət quruculuğu kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun məhkəmə-hüquq islahatlarının aparılmasını davamlı prosesə çevirmişdir. Bu baxımdan, möhtərəm Prezidentimizin 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmanı müstəsna əhəmiyyət daşıyır. Fərmana uyğun olaraq Ədliyyə Nazirliyinin strukturunda müvafiq dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş, digərlərinin statusu genişləndirilmişdir. Həyata keçirilən ardıcıl, mütərəqqi islahatlar ölkəmizin ədliyyə sisteminin müasirləşdirilməsini, onun mühüm dövlət təsisatına çevrilməsini təmin etmişdir.

Məhkəmə və ədliyyə orqanlarının əsas məqsədlərindən biri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, onların həmin orqanlara müraciətinin asanlaşdırılmasıdır. Bölgələrdə regional ədliyyə, rayon (şəhər) qeydiyyat şöbələrinin, notariat orqanlarının fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsi cəmiyyətdə razılıqla qarşılanmış, vətəndaş məmnunluğu yaratmışdır. Son illər ədliyyə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş və bu sahədə xeyli işlər görülmüşdür. Müasir dövrün tələblərinə uyğun olaraq vətəndaşlara rahat, operativ və keyfiyyətli xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, veb-kameralar quraşdırılmışdır. Eyni zamanda, nazirliyin saytında "e-xidmətlər" bölməsi, məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır.

Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, bu sahədə vətəndaş məmnunluğuna nail olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların, sürətli sosial-iqtisadi inkişafın parlaq təzahürüdür. Möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində  dövlətimizin Əsas Qanunu olan Konstitusiyada təsbit olunmuş hüquqi, demokratik, dünyəvi müstəqil dövlət bərqərar olmuşdur. Ölkəmiz hüquqi dövlət olaraq insan və vətəndaş hüquqlarının müdafiəsinə tam təminat verir.

Bu günlər ədliyyə işçiləri ikiqat sevinc, gözəl bayram əhvali-ruhiyyəsi içindədirlər. Bu sevinci, qüruru, fəxarəti bizə yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Müdrik ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq mütərəqqi inkişaf yolu ilə işıqlı gələcəyə inamla addımlayır. Bütün sahələrdə, o cümlədən ədliyyə sisteminin müasirləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edilməsi, demokratikləşmə sahəsində yeni-yeni uğurların qazanılmasının şahidi oluruq. Möhtərəm Prezidentimizin dediyi kimi, "hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır". Azərbaycanın bugünkü dinamik, davamlı inkişafı onu deməyə əsas verir ki, ölkəmiz insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dünyanın qabaqcıl dövlətləri sırasında öncül yer tutur.    

Səfər İSMAYILOV,

Lənkəran rayon 1 saylı notariat ofisinin notariusu.