Vətən uğrunda ucalanlar
Sosial həyat

Vətən uğrunda ucalanlar

Şirvan şəhidi  Yusif Mübariz oğlu Cəfərovun doğum günü qeyd edildi. Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Elvin Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi İlkin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının üzvü Hacı Vasif Əlizadə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib,  ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzdülər. Belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin anası Gülbəniz xanıma təşəkkürlərini bildirdilər.
2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində düşmənə qan uddurmaq üçün cəbhəyə yollanan, qanları ilə şanlı tariximizi yenidən  yazan oğullarımızdan biri də Yusif idi. O, Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq göstərib, döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yüksəldi.Ömrü doğma yurda bəzək oldu. Şücaətli Vətən oğlu 4 noyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Şəhid Yusif Cəfərov  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva  ərazi bütövlüyümüz uğrunda həyatlarının ən gözəl çağında canlarından keçərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin  daim əziz tutulacağını, hər zaman dərin ehtiramla yad ediləcəyini söylədi. Qəhrəman oğullarımız sayəsində 44 günlük Vətən müharibəsində bütün dünyanın vətən sevgisinin yenilməz gücünə, əsl həmrəyliyə, birliyə şahid olduğunu diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına  göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.
YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi İlkin Məmmədov  çıxış edərək Böyük Qələbəni bizlərə yaşadan, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı yenidən dalğalandıran şanlı ordumuzun gücünü düşmənə bir daha göstərən igidlərimizin qəhrəmanlıq tariximizi yenidən yazdığını  bildirdilər. Yusiflə bağlı xoş xatirələrini bölüşən şəhid anası oğlunun mərdliyindən, vətənpərvərliyindən, şərəfli ömür yolundan söz açdı. Gülbəniz xanım şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Sonra şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında onun xatirəsinə ithaf olunan bulağın açılışı oldu.

Tofiq HÜSEYN,

  “Respublika”.