Vətən uğrunda sipər oğullar
Region

Vətən uğrunda sipər oğullar

Azərbaycan  Ordusu  İkinci  Qarabağ  müharibəsində  zəfər  yürüşü  ilə  dünya  hərb  tarixinə  parlaq  səhifə  yazdı.  Xarici  havadarlarının  köməyi  ilə  işğal  etdiyi  ərazilərdə  düşmənin  tikdiyi  hərbi  istehkamlar,  topladığı  döyüş  texnikaları və  canlı  qüvvəsi   Azərbaycan ordusu  tərəfindən  44  gün  ərzində  darmadağın  edildi.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif  Ağayev, aparatın məsul  nümayəndələri, hüquq-mühafizə  orqanlarının  rəhbərləri  və   ictimaiyyət  nümayəndələri, Vətən   müharibəsində  fəal  iştirak  edən  şəhid Sabir Əhmədovun   anım  mərasimində  iştirak etdilər.  Mərasim  iştirakçıları  Sabirin  məzarını  ziyarət  edib,  üstünə  gül dəstələri  qoyub,  ruhuna  dualar  oxuyub  və  əziz  xatirəsini  ehtiramla  yad  etdilər.
Azərbaycan Prezidenti  İlham  Əliyevin müvafiq sərəncamı  ilə ölümündən  sonra Sabir  Əhmədovun  təltif olunduğu  "Şuşanın  azad  olunmasına  görə" medalını rayon icra hakimiyyətinin başçısı Asif  Ağayev   şəhidin   əmisinə  təqdim  etdi.  Rayon  rəhbəri   şəhidin  ailəsinə  başsağlığı  verib,   qəhrəman şəhidimiz  ilə  xalqın  hər  zaman   qürur duyacağını  qeyd  etdi.
Şəhid  ailəsi  dövlətin   onlara  göstərdiyi  diqqət və qayğıya  görə  Azərbaycan Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevə, Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildirdilər.

Sabir  Əhmədov  1989-cu il  iyunun 14-də  Beyləqan  rayonunun  Qəhrəmanlı qəsəbəsində  anadan  olub. 2005-2016-cı illərdə Qəhrəmanlı  kənd  tam  orta məktəbində təhsil  alıb. Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri  olan Sabir  Əhmədov  2020-ci il  sentyabrın  27-də  başlanan Vətən  müharibəsi  zamanı  Xocavənd  və  Füzuli  rayonunun  azadlığı uğrunda  gedən  döyüşlərdə  iştirak edib. Sabir Əhmədov  oktyabrın  29-da  Füzuli  döyüşləri  zamanı  şəhid  olub. Beyləqan  rayonunun Qəhrəmanlı qəsəbəsində  torpağa  tapşırılıb.

Azərbaycanın  ərazi  bütövlüyünün təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılaraq hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  Sabir Əhmədov  ölümündən  sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad  olunmasına  görə" medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

“Respublika”.