Vətən uğrunda əbədiyyətə qovuşanlar
Region

Vətən uğrunda əbədiyyətə qovuşanlar

Azərbaycanın hərb tarixinə şərəflə yazılan və işğalçı  Ermənistanı ağır məğlubiyyətə uğradan 44 gün davam edən Vətən müharibəsində yüzlərlə soydaşımız şücaət və igidlik nümayiş etdirib. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının  itkisinə göz yaşı töksələr də, məğrur dayanaraq bildirirlər ki, Qarabağı azad edən oğullarla fəxr edirik, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.

Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Tural Qubatov 1998-ci il iyulun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya göz açıb. Hələ uşaq yaşlarından hərbçi olmaq arzusu ilə boy atıb, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. Gün gəlib, vaxt-vədə yetişib. Tural həqiqi hərbi xidmətə çağrılıb. Əsgər həyatına tez alışıb, ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib. Əsl kişilik məktəbi hesab olunan əsgəri xidmətini başa vurub. Ancaq ordu sıralarında qalmağa qərar verib. Həmlə taborunda Vətənə xidmətini davam etdirib.

Turalın atası birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Keçmiş cəbhə xəttinə yaxın ərazidə yaşayıblar. Mərdliyi, qorxmazlığı ilə seçilən Tural həmişə deyərmiş ki, nəyin bahasına olursa-olsun, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan qovacağıq. Turalın döyüş yolu doğma Füzuli torpağında başlayıb. Alxanlı kəndi istiqamətində əks-hücum əməliyyatında igidlik nümayiş etdirib, pulemyotla düşmənin canlı qüvvəsini məhv edib. Buradakı ermənilərin döyüş səddini qəhrəmanlıqla dağıdaraq irəliləyiblər.

Turalın xidmət etdiyi tabor Cəbrayıl istiqamətində gedən döyüşlərdə əsl şücaət göstərib, düşmənə sarsıdıcı zərbə vurub, işğalçıları məhv edib. Qızğın döyüşlərin birində Tural qəhrəmanlıq göstərərək həlak olur. Al-qırmızı qanı canından artıq sevdiyi Vətən torpağına tökülüb. Şəhid məzarları ilə qabarıb, ucalıb torpaq, igid oğulların hünəri hesabına düşmən tapdağından xilas olub.

İyul ayının 4-də şəhid Tural Qubatovun doğum günü onsuz keçirilib. Doğmaları, əzizləri şəhidin 23 yaşını həm hüznlə, həm də qürur hissi ilə qeyd ediblər. Şəhidin ailəsi dövlət tərəfindən himayə olunur. Tural Qubatov döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidlərin ruhu ən ali məqama yüksəlib. Onların əziz xatirəsi əbədi yaşayacaq və gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbi olacaq. Şəhid qanı ilə qabaran torpaq müqəddəsdir, ucadır.

   Salman ALIOĞLU,

     “Respublika”.