Vətən torpaqları uğrunda canını fəda edənlər qəlbimizdə daim yaşayacaqlar
Digər xəbərlər

Vətən torpaqları uğrunda canını fəda edənlər qəlbimizdə daim yaşayacaqlar

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində şücaətlə vuruşmuş, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş qəhrəman oğullarımıza, o cümlədən bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olaraq 27 sentyabr Anım Günü kimi təsis edilmişdir.

2020-ci il Azərbaycan üçün mühüm hadisələrin baş verdiyi il olmuşdur. Sentyabrın 27-də öz torpaqlarında əks-hücum əməliyyatı aparan Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq işğal altında olan ərazilərimizi azad etməyə başladı. Azərbaycan 44 günlük müharibə dövründə "Dəmir yumruq" əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə, Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə bəxş etdilər. 27 Sentyabr - Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram, sonsuz sevgi və qürurla yad edirik!

Azərbaycan Prezidenti Vətən müharibəsinin başa çatması münasibətilə xalqa müraciətində demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da şəhidlərimizə hörmət və ehtiramını bu sözlərlə ifadə etmişdir: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".

Şübhəsiz ki, Azərbaycanın xarici və daxili siyasətində 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş İkinci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə Bəyanat Azərbaycan üçün uğurlu hesab olunsa da, Ermənistan barədə bunu söyləmək olmaz.

Belə ki, üçtərəfli Bəyanatın müddəalarına əsasən, Azərbaycan işğal olunmuş Qarabağ bölgəsində öz suverenliyini bərpa etməli; Rusiya sülhməramlıları Laçın dəhlizində və digər ərazilərdə yerləşdirilməli; Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvana birləşdirəcək dəhliz açılmalıdır. Qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra imzalanan bəyanatda Dağlıq Qarabağın statusuna dair hər hansı müddəa yer almamışdır.

Bundan əlavə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, "Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadasına son qoyulmalıdır. Ermənistan Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verməlidir. Sözügedən dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək, nəzəri cəhətdən Türkiyəni Naxçıvan, Azərbaycanın qalan hissəsi və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcəkdir.

Yekun olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda geosiyasi və geoiqtisadi ab-havanın dəyişməsi ilə yanaşı, bu regionda yeni qüvvələr balansının formalaşmasına da öz töhfəsini vermişdir. Əgər müharibə başlamazdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bütövlükdə status-kvonu saxlamağa çalışırdılarsa, indi vəziyyət tamamilə dəyişmişdir.

10 noyabr bəyannaməsi ilə başa çatmış 44 günlük Qarabağ müharibəsinin Azərbaycan Respublikası üçün həm regional, həm də qlobal miqyasda böyük nəticələri olmuşdur.

Bundan əlavə, ikinci Qarabağ müharibəsinin daha bir regional nəticəsini qeyd etmək lazımdır. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 kilometrlik hissəsi işğaldan azad edilmiş, orada sərhəd zastavaları yaradılmışdır. Bu, həm siyasi, həm də qeyri-siyasi baxımdan beynəlxalq aləmdə böyük hadisədir. Otuz ilə yaxındır ki, bu sahələrdə transmilli cinayətkarlığın bəzi təzahürləri, xüsusən də narkotik vasitələrin qanunsuz dövriyyəsi və logistikası kriminal əməkdaşlıq formasında geniş şəkildə təşəkkül tapmış və həyata keçirilmişdir. Artıq bu baxımdan da, işğaldan azad olunmuş ərazilərdə qanunun gücü və hüquqi yurisdiksiya bərpa olunmuş, cinayət təzahürləri aradan qaldırılmışdır.

Öz növbəsində, digər nəticə beynəlxalq terrorizmin qarşısının alınması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, eləcə də terrorçu cinayətkar qrupların məskunlaşdırılmasına (Yaxın Şərqdən, xüsusilə Suriyadan, Livandan və digər ölkələrdən erməni ailələrinin yerləşdirilməsi yolu ilə ərazilərin erməniləşdirilməsinə) son qoyulmuşdur.

44 günlük müharibənin digər mühüm nəticəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru yolunun açılmasının nəzərdə tutulmasıdır. Bu da öz növbəsində təkcə regional deyil, həm də kontinental əhəmiyyətə malikdir. Belə ki, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, eləcə də əks istiqamətdə Türkiyədən Azərbaycana birbaşa quru nəqliyyat marşrutları yaradılacaq. Daha qlobal kontekstdə baxsaq, Türkiyə-Cənubi Qafqaz-Orta Asiya-Çin arasında nəhəng "türk zolağı" bərqərar olacaq. Bu, həm də yeni İpək Yolunda logistik fəaliyyətlərlə bağlı kursun müəyyən edilməsində çox mühüm addımdır. Yəni, Azərbaycan iqtisadiyyatı bu dəhliz vasitəsilə yeni mərhələyə qədəm qoyacaq.

Şübhəsiz ki, bu sahədə baş verən dəyişikliklər Cənubi Qafqazda nəqliyyat infrastrukturu xətlərinin və qovşaqlarının bərpası ilə yanaşı, həm dövlətdaxili və ölkələrarası, həm də regiondaxili və regionlararası ticari-iqtisadi əlaqələrə mühüm təsir göstərəcək. Bu, Azərbaycana Türkiyə ərazisindən qərbə və İrandan keçməklə cənuba yük daşımalarını şaxələndirmək imkanları yaradacaq.

İkinci Qarabağ savaşı nəticəsində işğaldan azad edilmiş ərazilərin Azərbaycanın nəzarətinə keçməsinin ölkəmiz üçün mühüm müsbət nəticələrdən biri də təbii sərvətlərinin, bu ərazilərin rekreasiya potensialının ölkəmizin və xalqımızın mənafeyi naminə istifadəsinin təmin edilməsi olmuşdur. Belə ki, faydalı qazıntılar, xüsusilə qızıl və s. üzərində nəzarətin bərpa olunması ölkəmiz üçün mühüm müsbət nəticələrdən biridir və Azərbaycanın regional üstünlüyünə öz töhfəsini verməkdədir.

Burada bir mühüm məqamı da vurğulamaq lazımdır. 44 günlük müharibədəki qələbə həm də qlobal baxımdan böyük qələbədir, çünki bununla Azərbaycan ermənilərin 200 illik "dənizdən-dənizə" sərsəm xülyalarına, "böyük Ermənistan" iddialarına son qoymuşdur. Bu gün təkcə erməni xalqı deyil, dünyadakı bütün erməni diaspor təşkilatları çox ciddi məğlubiyyət sindromu yaşayır. Son günlər Azərbaycana qarşı törədilmiş təxribatlar da qismən bu cür revanşist əhvali-ruhiyyədən qaynaqlanır.

İnvestisiya və ticarət əlaqələrinə gəlincə, xarici siyasətdə dəyişikliklər beynəlxalq ticarət əlaqələrində və investisiya əməkdaşlığında əhəmiyyətli yeniliklərə səbəb olacaq, mövcud vəziyyət regionda beynəlxalq və daxili inteqrasiya proseslərinə də ciddi təsir göstərəcəkdir.

Geosiyasi nöqteyi-nəzərdən baxdıqda deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Türkiyə ilə Azərbaycan arasında hərbi, siyasi, iqtisadi və mədəni inteqrasiya prosesini sürətləndirəcək. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi əlaqələri daha da genişlənəcək ki, bu da iki qardaş ölkənin Ermənistan bazarına nüfuz imkanları yarada və genişləndirə bilər.

Vətən müharibəsinin uğurla başa çatması regionda qüvvələr balansını dəyişmiş və yeni geosiyasi reallıq yaratmışdır. İndi danışıqlar masasında biz tək deyilik, qardaş Türkiyə də bizimlədir. Türkiyə hərbçiləri Qarabağda atəşkəs rejiminə əməl olunmasına da nəzarət edirlər. Azərbaycanın və Türkiyənin ay-ulduzlu bayraqları bir yerdə dalğalanır və bu, dostlarımız üçün qürur və sevinc, düşmənlərimiz üçün isə ağrı mənbəyidir. Bu gün 30 il davam edən status-kvo artıq mövcud deyil. Status məsələsi gündəlikdən çıxarılmışdır. Qarabağın dağıdılmış şəhər və kəndlərinin bərpasına başlanılmışdır.

Onu da qeyd etmək istərdim ki, İkinci Qarabağ müharibəsində Ədliyyə Nazirliyinin əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu da iştirak etmiş və döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimiz bir müddət icra məmuru vəzifəsində çalışdıqdan sonra nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatında peşəsini davam etdirmişdir. 2018-2019-cu illərdə isə İmişli rayonu İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra etmiş, xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı ilə kollektivin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanmışdır. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edərək 2020-ci ilin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalmışdır. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Həmçinin, ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova ölümündən sonra "Fəxri ədliyyə işçisi" adı verilmişdir.

Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən nazirliyin bütün qurumlarında olduğu kimi, İmişli Regional Ədliyyə İdarəsində də şəhid Ruhin Xəlilovun, habelə bütün şəhidlərin əziz xatirəsi daim yad edilir. Bununla bağlı regional idarənin inzibati binasında stendlər quraşdırılmış, həmçinin mütəmadi tədbirlər təşkil edilir. Bundan başqa, şəhidlərin xatirəsinə hazırda inzibati binanın həyətində fəvvarə kompleksi tikilməkdədir və şəhidin ildönümünə qədər açılışı planlaşdırılır.

Beləliklə, dünyada baş verən çoxsaylı münaqişələrin və müharibələrin gedişatına nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Bunun ən bariz nümunəsi Azərbaycan xalqının Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsidir. Ötən illərdə biz gücləndik, düşməni "dəmir yumruq"la darmadağın etdik. 44 gündə otuz illik işğala, ədalətsizliyə son qoyuldu. 27 sentyabr Anım Günü məhz bu mühüm hadisəni hər il qeyd etmək, onu yaddaşlarda saxlamaq və dünyaya mühüm mesajlar ötürməkdir.

İsgəndər ORUCOV,

Ədliyyə Nazirliyinin

İmişli Regional Ədliyyə İdarəsinin rəisi.