Vətən sizi heç vaxt unutmayacaq
Sosial həyat

Vətən sizi heç vaxt unutmayacaq

Aprel şəhidi Dilsuz  Məmmədağa oğlu  Qarayev  23 dekabr  1990-cı ildə  Ağcabədi  rayonunun  Hindarx qəsəbəsində  anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət keçəndən 6 ay sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət edir və buranı bitirdikdən sonra  Xüsusi Təyinatlı Qüvvələrin  giziri kimi xidmətə başlayır. Paytaxtda qulluq zamanı Dilsuz ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, cəbhə bölgəsində  yerləşən "N" saylı hərbi  hissələrdən  birinə  göndərilir.

2016-cı il aprelin 1-dən 2-nə  keçən  gecə  Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin  bölmələri arasında cəbhənin  Tərtər  və  Cəbrayıl-Füzuli  istiqamətlərində  şiddətli  döyüşlər başlayır. Tarixə  Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşur. Verilən tapşırıqların öhdəsindən peşəkarcasına gəlir. Kəşfiyyatçı olaraq  düşmənin  qiymətli  məlumatlarını əldə edir. Dilsuz 3 aprel  2016-cı ildə  Talış kəndi  istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur. Aprelin 4-ü  Dilsuz Qarayev doğulduğu  Hindarx qəsəbəsində son mənzilə yola salınır. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də qatılır. Dilsuz Qarayev göstərdiyi qəhrəmanlığa görə,  ölümündən sonra Prezident  İlham Əliyevin  Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Anası Cəvahir Hacıyevanın dediklərindən : “Dilsuzun körpəlikdən idmana çox böyük həvəsi vardı. Sanki Tanrı onu hərb üçün yaratmışdı. O, həmişə əsgər mahnılarını zümzümə edirdi. Həmişə: “Ana mən əsgər gedəndə birdən ağlayarsan”, - deyərdi. Düzü bu sözləri o qədər demişdi ki, artıq bir gün yenə elə deyəndə ona tərs-tərs baxdım. Yəni təkrar o söz deməsin deyə... Oturmuşdum, gəlib dizlərimi qucaqlayıb dedi ki, “Ana niyə elə baxdın? O gün yadındadı əsgər gedən oğlanın anası necə ağlayırdı. Mən istəmirəm ki, mənim anam mən əsgər gedəndə ağlasın. Dilsuz bu sözləri deyəndə təxminən 8-9 yaşları var idi. Onun uşaq olmasına baxmayaraq, doğrusu bu cür düşünməsi məni qürurlandırsa da, amma belə düşünməsini istəmirdim. Onun özünü əsgər kimi təsəvvür etməsindən narahat deyildim. Əsas narahatlığım onun çox illər öncəni düşünməsi, uşaq beyninin yüklənməsinin hansısa bir narahatlıq yaratmasından ehtiyat edirdim. Bizim bir qohumumuz, 1994-cü ildə Ağdərənin Talış istiqamətində şəhid olub. Dilsuzun təhsil aldığı orta məktəb hazırda həmin şəhidin - Qaraş Əliyevin adını daşıyır. Hər il Qaraşın doğum və şəhid olduğu tarixlərdə anım günləri keçirilir. Dilsuz bu günlərə xüsusi hazırlaşardı. İnanın həmin günlər üçün tam fərqli vətənpərvərlik şeirləri hazırlayardı. Ona kimsə kömək etməzdi. Şeiri özü seçər, hazırlaşar  peşəkar sənətkarlar kimi, odlu-alovlu deyərdi. O, hələ 3-cü sinifdə oxuyanda Qaraşın anım günü keçirilirdi. Bir şeir dedi. Şeir şəhidlərin ölməzliyindən bəhs edirdi. Dilsuz şeiri deyib qurtarandan sonra, əlini açıb, mən Qaraş Əliyev kimi düşməni məhv edərək şəhidlik zirvəsinə ucalacağam deyib, irəli yeridi. Tədbir üçün qoyulan şəkili və bayrağı öpüb yerinə döndü. Sonra müəllimi dedi ki, onun bu hərəkəti ssenaridə yox idi. Onu Dilsuz özü eləmişdi. Elə tədbirdən sonra da onun bu hərəkəti bir müddət danışıldı”.

Dayısı Nadir Hacıyev: “Dilsuz bizim üçün bacıoğlu yox, elə bil kiçik qardaşımız idi. Biz onu həmişə bu cür qəbul eləmişik. Həmişə hamıya  hörmətlə yanaşan  Dilsuzun bir dəfə özündən yaşca böyük birinə əsəbləşdiyini eşitdim. Mənə bunu giley edən şəxsə inanmadım. Çünki Dilsuzdan elə bir şey gözləmirdim. Necə ola bilər ki, həmişə özündən böyüklərə hörmətlə yanaşan biri, bu dəfə belə etsin. Axşam evə gələndə onu çağırıb söhbət eləmək istədim. Yoldaşı dedi ki, artıq hərbi hissəyə gedib. Bir müddət keçəndən sonra evə gəlmişdi, ondan məsələnin necə olduğunu soruşdum. Mənə dedi ki, "O, bilirsən heç mənə nə deyib... Mənə deyir ki, anan sənə çox əziyyət çəkib. Çalış ön xətdən geri çəkil. Arxada xidmət elə”. Onda dedim ki, qardaş sənə görə deyir də, səni istəyib deyir. O zaman Dilsuzdan aldığım cavabdan qürur duydum. Mənə dedi ki, dayı, məni istəyən adam məni xidmətdən geri çəkilməyə dəvət etməz. İncimə, dayımsan, amma sənə də eyni cavabı verərdim. Sonra bir xeyli dərdləşdik”.

Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!                                                                                                   

                                                                                                     M.MİRZƏ,

                                                                                                   “Respublika”.