Vətən sizə  oğul dedi
Sosial həyat

Vətən sizə  oğul dedi

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Vətən sənə canım fəda" layihəsi  uğurla davam edir. Layihənin icra planına uyğun olaraq növbəti tədbir noyabrın 2-də Şuşa şəhərində  "Vətən sizə oğul dedi" adı altında keçirilib. 

44 günlük Vətən müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşərək şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başladı.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi, suverenliyi uğrunda canından keçənlərin xatirəsi sükutla yad edildikdən sonra "Zəfərdən-Zəfərə" adlı buklet və ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları tədbir iştirakçılarına paylandı. Layihə rəhbəri, "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa səfərbər etməsindən danışdı.

Ehtiyatda olan polkovnik-leytenant Elman Rüstəmov, qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açdılar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğunu bildirdilər. Şəhid ailələrinin ürək sözləri dinlənildikdən sonra müqəddəs yerlərin gəzintisinə başlandı.

Bu qədər həyəcanın, kədər qarışıq sevincin içində bir sürpriz də oldu. İki il əvvəl ölüm-dirim savaşının getdiyi  bu günlərdə  Vətənə qurban gedən Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala  azad Qarabağda, "Xarı Bülbül" restoranında ad günü şənliyi təşkil olundu.

Daha sonra xatirə şəkilləri çəkildi, beləcə Şuşanın dağları, qayaları ilə baş-başa bir gün keçirən şəhid ailə üzvləri axşamüstü üzü Bakıya yol aldılar.

Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti.