Vətən sizə oğul dedi...
Sosial həyat

Vətən sizə oğul dedi...

Bu torpaq şəhid qanı ilə suvarılıb, yüzlərlə insan əlil olub, dinc insanlar ev-eşiyindən didərgin düşüb. Ağdam Ermənistana və onun havadarlarına qarşı 1988-1993-cü ilin iyul ayına kimi mərdliklə, böyük igidliklə döyüşüb, düz beş il Yuxarı Qarabağdan ermənilər tərəfindən qovulan soydaşlarımıza qucaq açıb, onlara maddi və mənəvi dayaq olub. Ermənistanın və keçmiş sovetlər birliyinin 366-cı alayının hücumları qarşısında mərdliklə, fədakarlıqla dayanıb, 6 min nəfərə yaxın şəhid verib, 15 Milli Qəhrəman adını tarixin səhifələrinə şərəflə yazıb. İllər uzunu ona ağrıyırdıq ki, Ağdam öz döyüşkən övladları ilə birlikdə şəhid olub. Düşmənlər ən qədim bir şəhəri yer üzündən silsələr də, ağdamlıların ruhunu işğal edə bilmədilər.

Düşmənin yer üzündən silməyə çalışdığı Ağdam indi gözümüzün nuruna, ürəyimizin, qəlbimizin döyüntüsünə, fikrimizə, düşüncəmizə və ruhumuza qayıdıb. Erməni canilər elə bildilər ki, Ağdamı yerlə yeksan edəndən sonra o unudulacaq, yaddan çıxacaq. Türkün qatı düşməni olan ermənilər, hətta Ağdamın quru torpağından belə heyif çıxıb, o dilsiz-ağızsız torpağı yandırıb, onun bağrına köz basıb və oranı minalarla zəhərləyiblər. Müzəffər Azərbaycan ordusu düşməni məhv edərək parlaq qələbə ilə Qarabağı öz həqiqi sahiblərinə qaytarıb. Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına yurd yerləri işğalçılardan azad edilib.

Qalib Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində şanlı ordumuz  Ermənistan adlı dövlətin 30 ildə yaratdığı mifi cəmi 44 günə yerlə yeksan edib, işğal altında qalan torpaqlarımız azad edilib, erməni ordusu darmadağın edilib. Xalq --İlham Əliyev birliyinin sarsılmazlığı qarşısında ermənilər və onların havadarları tab gətirə bilmədilər.

Vətən müharibəsində ordumuzun sıralarında 400 nəfərdən çox ağdamlı əsgər və zabit Ermənistanın işğalçı hərbi qüvvələrinə qarşı igidliklə döyüşüb, qəhrəmanlıq nümayiş etdiriblər. Döyüşlərdə 49 nəfər şəhid olub, 181 nəfər isə qazilik mərtəbəsinə ucalıb. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin əziz xatirəsi uca tutulur, ailələri dövlət tərəfindən himayə olunur, şəhid adları əbədiləşdirilir. Bir sözlə, heç kim unudulmur.

Bu günlərdə rayonun Ayaq Qərvənd kəndində Vətən müharibəsi şəhidləri Elman İsmaylovun və Rafiq Vəliyevin xatirəsinə hörmət əlaməti olaraq abidə-bulaq inşa edilib.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri, veteranlar və məktəblilər iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Qarabağ uğrunda gedən döyüşlərdə, böyük siyasət meydanında və dünyanın heyrətlə izlədiyi informasiya müharibəsində qətiyyətlə döyüşən, sözün əsl mənasında, mübarizə aparan Qalib Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində, özü də hər gün qazanılan Zəfərə imza atıb. Demək olar ki, 44 gün ərzində Azərbaycan bir yumruq kimi birləşib cəbhədən gələn xəbərləri həyəcanla, necə deyərlər, kirprik qatlamadan, səbirsizliklə gözləyib. Bu gün hər birimiz qürurla deyirik ki, Prezident İlham Əliyevin qurduğu, müasir silahlarla təchiz etdiyi, dünyanın ən güclü orduları sırasında layiqli yer tutan Azərbaycanın silahlı qüvvələri işğala son qoyaraq ölkəmizin sərhədlərini bərpa edib.

Möhtərəm Prezidentimiz İlham Əliyev 2021-ci il mayın 28-də hamımızın, xüsusilə Ağdam camaatının səbirsizliklə gözlədiyi müjdəni xalqımıza yaşatdı. İşğaldan azad edilən  və Ermənistan tərəfindən xarabalığa çevrilən Ağdam şəhərinin yenidən qurulmasının təməl daşını qoydu. Müzəffər Ali Baş Komandan bir daha dünyaya nümayiş etdirdi ki, güclü və qalib Azərbaycan Ermənistanın viran qoyduğu şəhərləri və kəndləri yenidən quracaq, insanlar öz dədə-baba yurdlarına dönəcək. Çünki Azərbaycan bölgədə ən güclü və ən varlı bir ölkədir.

Mərasimdə çıxış edənlər 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışıblar. Vətən müharibəsi şəhidləri Elman İsmaylovun və Rafiq Vəliyevin döyüş yolundan ətraflı söz açılıb, bildirilib ki, onlar Vətənə layiq övlad kimi xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq.

Məktəblilərin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Salman ALIOĞLU,

        “Respublika”.