Vətən sevgisinin, qəhrəmanlığın, cəsarətin zirvəsi
Sosial həyat

Vətən sevgisinin, qəhrəmanlığın, cəsarətin zirvəsi

Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə ağcabədili gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib, öz canını Vətənə fəda edib. Ağcabədi rayonundan 3000 nəfərə yaxın şəxs 44 günlük Vətən müharibəsində iştirak edib. Müharibədə 1 nəfər mülki şəxs olmaqla 42 nəfər şəhid olub, 310 nəfər yaralanıb, 63 nəfər müharibə iştirakçısının əlillik dərəcələri müəyyən edilib. 2022-ci il sentyabrın 12-14-də erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən hərbi qulluqçu Emin Elnur oğlu Fərzəliyev şəhidlik zirvəsinə ucalıb.

Rayonda şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğı göstərilir, həmin ailələr ziyarət edilir, üzləşdikləri çətinliklər həll olunur. Bu barədə Ağcabədi Rayon İcra Hakimiyyəti  yanında şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş müharibə iştirakçıları və müharibə veteranları ilə işin təşkilinə dair Komissiyanın hesabat yığıncağında ətraflı bəhs edilib. Yığıncaqda RİH başçısı aparatının məsul işçiləri, komissiyanın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, eləcə də ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Tədbirdə icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Vətən müharibəsində  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Qələbədən ətraflı söz açıb və bildirib ki, 44 günlük müharibə zamanı düşmən tərəfindən cəbhədən uzaqda yerləşən yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması, dinc insanların həlak olması ermənilərin törətdiyi hərbi cinayətdir.Cinayət isə heç vaxt cəzasız qalmır, qəhrəman oğullarımız döyüş meydanında düşməndən qisas aldılar, şəhidlərin qanı yerdə qalmadı.

Yığıncaqda RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucovun məruzəsi dinlənilib. Bildirilib ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə şəhidlərimizin nəşinin gətirilməsi, dəfni, yas, ildönümü mərasimləri və digər mühüm tədbirlər həyata keçirilib, şəhid məzarları mütəmadi olaraq ziyarət edilir. Müharibə iştirakçılarından 168 nəfər evində ziyarət olunub, həmin günlərdə evdə olmayan bütün yaralıların ailələrinə isə yardımlar göndərilib. Bundan başqa, qismən səfərbərliklə hərbi xidmətə cəlb olunmuş rayon sakinləri, eləcə də müddətdən artıq hərbi xidmət edən qulluqçular və zabitlərin ailələrinə müharibə dövründə rayon icra hakimiyyətinin daxili imkanları hesabına ərzaq sovqatları çatdırılıb. Belə ki, 2020-ci ilin dekabr ayınadək 2200 nəfər Vətən müharibəsi iştirakçısının ailəsinə sovqat verilib. Müharibə zamanı Ağdam, Tərtər və Ağcabədidə təmas xəttinə yaxın kəndlərdə yaşayan və evlərini tərk etməyə məcbur olmuş 20 minə qədər sakin isə rayon icra hakimiyyəti tərəfindən müxtəlif sığınacaqlarda yerləşdirilib, ərzaq, isti geyim və digər lazımi ləvazimatlarla təmin edilib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağcabədidə də şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhid adlarının əbədiləşdirilməsi üçün 42 küçəyə onların adı verilib, həmin küçələrdə xatirə lövhələri qoyulub. Bu günədək yüzdən artıq şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları yerli dövlət qurumlarında işlə təmin olunub.

Yığıncaqda çıxış edənlər şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

                                                   Salman ALIOĞLU, 

                                                       “Respublika”.