Vətən sevgisi,əbədiyyət zirvəsi
Sosial həyat

Vətən sevgisi,əbədiyyət zirvəsi

44 günlük Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı,  xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərimizin keçdikləri qısa, şərəfli ömür yolları göstərir ki, onlar bu ən uca  zirvəyə güclü iradə, əqidə, xarakter ilə yüksəliblər. Odur ki, Azərbaycanın bütövlüyü uğrunda,  torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir. Bu yolda ucalanların xatirəsini yaşatmaq hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın elə bir bölgəsi, kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın.

Belə şəhidlərimizdən biri də Əlizadə Elməddin Sübhi oğludur. Elməddin  11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurmuş, oxuduğu illər ərzində həm sinif yoldaşlarının,  həm də müəllimlərinin böyük sevgisini və hörmətini qazanmışdır. 2015-ci ilin aprel ayında Elməddin SHXÇDX-nin Biləsuvar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən "N" saylı hərbi hissəsində vətən borcunu yerinə yetirir. Kəşfiyyatçı kimi xidmət edir. Elməddin 2016-cı il Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general, 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi olan Polad Həşimovun rəhbərliyi altında  döyüşlərdə iştirak edir.

Hərbi xidmətini başa vurduqdan sonra Elməddin Bakı Tikiş fabrikində, hərbi geyim formaları tikilən sexdə işə başlayır. O,  özü hərbi forma tikir,  zövqlə onların dizaynını verirdi. İşində fərqləndiyinə görə rəhbərlik onun bu sahədə təhsilini,  təcrübəsini artırmaq üçün Türkiyəyə ezam edir. Azərbaycanın haqq savaşı başlayarkən qardaş ölkədə olsa da, vətən məhəbbəti,  düşmənə olan sonsuz nifrəti Elməddini sakit buraxmır. O,  kiməsə bildirmədən təcili vətənə dönür və döyüşlərə könüllü qatılmaq üçün ərizə ilə müraciət edir. Az keçmiş ərizəsinə müsbət cavab alır.

Kəşfiyyatçı kimi Ağdam istiqamətində döyüşlərə başlayır. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə və Şuşa şəhərinin erməni separatçılarından təmizlənməsi əməliyyatlarında düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Noyabr ayının 8-də düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanır, yaralanmasına baxmayaraq yenidən vuruşur və qəhrəmancasına Daşaltıda şəhid olur. Nəşi 9 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin atası Sübhi deyir ki,  iki qızım və iki oğlum var,  Elməddin də ortancıl oğlum idi. Onun döyüş yolu Ağdamdan başladı və Şuşaya qədər getdi. Sonuncu dəfə noyabrın 6-da danışdıq və dedi ki,  "salamatçılıqdı,  özünüzdən muğayat olun. Anamı,  qardaşımı qoru".

Sübhi ilə qohumluq əlaqəmiz var. Uşaqlıq illərimiz birgə keçib. Hərdənbir rastlaşanda kef-əhvalını soruşmaqla yanaşı övladlarını da xəbər alardım. "Vətən üçün iki oğul böyüdürəm", - deyərdi. Həmin illər təxminən Elməddinin 3-5 yaşlarına təsadüf edərdi. Elməddinin babası Nəsrəddin müəllim isə uzun illər təhsil sahəsində çalışıb. Bu gün isə nəvəsinin şəhidlik zirvəsinə yüksəlməyindən fəxrlə danışır. "Həm babası, həm də orta məktəbdə müəllimi olmuşam", - deyə kövrək notlarla söhbətini davam etdirir. Orta məktəbdə oxuduğu illərdə təşkil olunan hərbi vətənpərvərlik tədbirlərində ürəklə, həvəslə iştirak edirdi. Xüsusilə vurğulayım ki, Azərbaycanın Milli Qəhrəmanı, həmyerlimiz Mübariz İbrahimov şəhid olanda Elməddinin 13 yaşı var idi. Elə gün olmazdı ki, Mübariz haqqında nə isə soruşmasın. Hətta şəklini belə yataq otağından asmışdı. Uzun illərin pedaqoqu kimi deyə bilərəm ki vətənpərvərlik bir günə, iki günə insanda baş qaldırmır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil.  Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik həm də doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər,  qeyrət simvoludur. Nəvəm Elməddinin timsalında bunun bir daha şahidi oldum. İndi  torpaqlarımızın işğaldan azad edilməsinə və şəhid babası olduğuma görə başımı dik tuturam. Şəhid ailələrinə, eləcə də qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Mehriban xanıma bir şəhid babası kimi minnətdarlığımı bildirirəm. Digər həmsöhbətim Məhəmməd isə şəhid qardaşı ilə qürur duyduğunu söləyərək hər zaman onunla  fəxr edəcəyini bildirir. Çoxlu arzuları var idi. Təəssüf ki... Qisməti şəhidlik imiş...

Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan,  xalqımızın azadlığını üstün tutan,  bu yolda həyatlarını qurban verərək şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları,  xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Müşfiq MİRZƏ,

"Respublika".