Vətən sevgisi
Sosial həyat

Vətən sevgisi

Şəhid mayor Ramil Mərdan oğlu Ağayev özünü dərk edəndən ilahi bir məhəbbətlə doğma Vətəninə bağlanır. İkinci Qarabağ müharibəsində haqq savaşımızda 36 yaşında canından keçməklə bunu sübut edir. Məhz buna görə Ramilin ölümü dünyaya göz açdığı dağlar diyarı, igidlər yurdu Lerik rayonuna şöhrət gətirdi. İndi burada hər yerdə, hər zaman Ramilin adı dillərdən düşmür. Vətən sevgisi Ramilə elə bir əbədi ömür yaşatdı ki, o heç vaxt unudulmaz. Hər dəfə xatırlananda ürəklərə qürur bəxş edər. İndi onun həyat yolu hər lerikli üçün örnək, ucalıq zirvəsidir.

Kiçik yaşlardan Vətən sevgisi ilə yaşayan Ramil 18 yaşına çatanda lerikli balası yağı dadanmış yurd yerlərinin taleyinə biganə qala bilmir. Odur ki, çətin məqamda, odlar yurdu, müdriklər beşiyi, varlığına ürəkdən tapındığı doğma Azərbaycanına sipər olmaq üçün hərbçi peşəsini seçir. Düşmən tərəfindən işğal edilən Vətən torpaqlarının hər qarışının qisasını yağıdan almaq məqsədilə 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Hər şeyi xalqına, Vətəninə gərək olmaq eşqi, yanğısı ilə öyrənir. 26 iyun 2006-cı ildə həmin təhsil ocağını mükəmməl biliklə başa vurur. 2007-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat Zabit Hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə ona leytenant hərbi rütbəsi verilib, Mingəçevir şəhərində "N" saylı hərbi hissəyə göndərilir.

Zabit Ramil canından artıq sevdiyi doğma Azərbaycana ləyaqətlə xidmət edir, onun keşiyində ayıq-sayıq durur. Necə deyərlər, torpağına-daşına canını qurban verən oğul olur. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində isə qeyrətli igid oğlanların sırasında Vətənin harayına birinci çatır, torpaq uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə qəhrəmanlıqla döyüşür, qəddar erməni faşistlərinin 12 tankını sıradan çıxarır, 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olur.

İgid Vətən oğlu Ramil Ağayev ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli "Rəşadət" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin, Cəbrayılın azad olmasına görə" medallarına layiq görülür. Şəhid zabitin təltifləri ailə üzvlərinə verilib.

Bəli, xalqımızın igid, cəsur, qəhrəman oğlu Ramil ölümü ilə gələcək nəsillərə nümunə, örnək olan boylandığı rəşadət zirvəsindən daha mənalı, dəyərli yaşamaq üçün bizləri Vətəni, torpağı sevməyə səsləyir. Etibarlı, sədaqətli həyat yoldaşı, yadigar qoyduğu iki qız uşağı isə tutduqları saf əməllərlə Ramilin qalxdığı zirvəyə sanki bir şərəf qatırlar...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.