VƏTƏN SEVDALI QƏHRƏMAN
Region

VƏTƏN SEVDALI QƏHRƏMAN

Anasız Vətən, Vətənsiz də Ana olmaz. İkisini eyni dərəcədə sevməli, qorumalıyıqAzərbaycanımızın mərd, igid oğulları bu kəlamlar uğrunda göz qırpmadan özlərini vətən savaşına, qızğın döyüşlərə ataraq müdafiəyə qalxdılar, son damla qanlarına qədər vuruşdular... Belə ölümə meydan oxuyanlardan biri də Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğludu.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları, ailəsi və yaxınları ilə birgə rayonun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun ildönümü münasibətilə şəhidin məzarını ziyarət etdilər. Alı Qocayev Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdən danışaraq bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi və  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, tariximizə qızıl hərflərlə yazıldı. Bu şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına əldə olundu. Vətən müharibəsində samuxlular da Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına vuruşdular.

Vətən müharibəsi şəhidinin keçdiyi şərəfli döyüş yolundan geniş söhbət açdı və vurğuladı ki, Babək Cəfərov gənclərə örnəkdir. Daha sonra, şəhidin yaşadığı ünvanda adına inşa edilmiş ehsan bulağının açılış mərasimi oldu.  Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlu  15 avqust 1991-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Qəsəbə  tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Prezidentin  müvafiq Sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edərək böyük şücaət göstərib.

25 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun sürən reanimasiyadan sonra 8 mart 2021-ci il tarixdə şəhadətə qovuşub. 9 mart 2021-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhid  torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi. Məxsus adlı oğlu, Zeynəb adlı qızı var.

                            Zabit XƏLİLOV,

            “Respublika”.