Vətən sevdalı igidlər
Region

Vətən sevdalı igidlər

İgidlik, cəsurluq, şücaət Vətən sevdalı oğulların damarlarında axan qanda həmişə özünü büruzə verib. Sakit, lal axan çaylar qəflətən necə kükrəyirsə, aşıb daşırsa, qəhrəmanlıq da bir anda baş verir. Düşünməyə, qərar qəbul etməyə vaxt qalmır. Şanlı qələbə ilə başa çatan Vətən müharibəsində düşmənə sonsuz nifrət gənc əsgərlərin, zabitlərin  göstərdiyi igidliyin nümayişinə çevrilib.

44 gün davam edən Vətən müharibəsi bütün dünyaya göstərdi ki, torpaq uğrunda,Vətən naminə ən döyüşkən xalq Azərbaycan xalqıdır. Bu xalq heç vaxt  işğalla barışmadı. Dünyasını dəyişən qarabağlı yaşlı insanlar son nəfəsində də Qarabağ dedilər, məni əmanət basdırın, Qarabağ işğaldan azad olunandan sonra qəbrimi ora apararsınız deyərək vəsiyyət etdilər. Müzəffər Azərbaycan ordusu torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan erməni silahlı qüvvələrini döyüş meydanında məhv etdi, düşmənə sarsıdıcı zərbə vurdu, ermənilərin güvəndiyi hərbi texnikaları sıradan çıxardılar.

Əsgər və zabitlərimiz qan və can bahasına bayrağımızı qaldırdılar, üçrəngli bayrağı düşmənin mövqeyinə sancdılar, indi azad edilmiş torpaqlarda  bayrağımız qürurla dalğalanır. Düşmənə qarşı şir kimi döyüşən, onu məğlub edən oğullardan biri də Anar Əsədovdur. Anar Rafiq oğlu Əsədov 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbdə oxuyanda birinci Qarabağ müharibəsi başlayıb. Anar  uşaq olanda erməni vəhşiliyinin şahidi olub, ailəsi ev- eşiyindən didərgin düşüb, düşməndən qisas almaq ümidiylə boya-başa çatıb.

Anar 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, ilk günlərdən hərb sirlərinə yiyələnib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işdə çalışıb. Ancaq işğal altında qalan torpaqların harayı, düşmənə nifrət hissi onu rahat buraxmayıb. Qəti qərar verən Anar Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Fiziki və döyüş hazırlığını artırıb, ön cəbhədə ayıq-sayıq dayanıb. Həmləçi snayper və manqa komandiri olan Anar Vətən müharibəsi başlayanda döyüşə ilk atılanlardan biri olub. Qorxu bilmədən həmişə öndə gedərək düşmənin atəş nöqtələrini susdurub, döyüş yoldaşlarının irəli getməsinə şərait yaradıb.

Snayper silahı ilə düşmənə ağır zərbə endirən, onlara əsl cəhənnəmi yaşadan Anar döyüş yoldaşları ilə yalnız irəliyə doğru hərəkət ediblər. İlk günlərdə cəbhədən gələn Qələbə xəbərlərində Anarın da zəhməti olub. Düşmənin pusqusuna düşən, döyüş yoldaşlarını xilas edən Anar qəhrəmanlıqla həlak olub. Vətən sevdalı döyüşçünün qanı canından artıq sevdiyi torpağa tökülüb, şəhid adının ucalığına yüksəlib.

Şəhid Anar Əsədov ailəli idi. Dörd övladı yadigar qalıb. Onsuz keçirilən ad günündə qəhrəman döyüşçünün əziz xatirəsi uca tutulub, xatirələr dilə gətirilib. Atalarının igidliyi ilə fəxr edən övladları dövlət tərəfindən himayə olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Rahat uyu, Vətən sevdalı döyüşçü, torpaqlarımız işğalçılardan azad edilib, yurd yerlərimizə yeni bir həyat qayıdıb. Adınız və qəhrəmanlığınız əbədi yaşayacaq!

Salman ALIOĞLU,

“Respublika”.