Vətən oğulları yad edilir
Region

Vətən oğulları yad edilir

 İkinci Qarabağ  savaşında Azərbaycanın qeyrətli övladları 44 gündə düşməni məhv edərək xalqımıza zəfər sevincini yaşatdılar.  Onların bu hünəri həm də bütün dünyanı  heyrətə saldı. Qan töküb  torpağı Vətən edən minlərlə  igidin arasında  dağlar diyarı Yardımlıdan  olan Sadiq Feyziyevin, Elşən Sultanlının adları da  iftixarla çəkilir. 30 il əsir Qarabağın yağıdan azad olmasında şücaət göstərib şəhidlik zirvəsinə ucalan bu Vətən sevdalıları Prezident İlham Əliyevin sərəncamları ilə ölümüdən sonra hər iki qalib şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması”   medalları ilə  təltif ediliblər.

 Bu günlər Yardımlı  Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov başda olmaqla, idarə rəhbərləri, əhali tərəfindən  Sadiq və Elşənin   əziz xatirələri  ehtiramla anılıb,  məzarlarına təzə güllərdən çələng   hörüblər. Çıxışlarda  elin qəhrəman oğullarının şərəfli ömür və döyüş yolundan, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı  şanlı  zəfərdən  danışılıbdır.

Şəhidlərin ailə üzvləri, yaxınları diqqət və qayğıya,  eləcə də Vətən yolunda canından keçən hər bir şəhidin xatirəsinin daim uca tutulmasına  görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını  bildiriblər.

  Zəfər ORUCOĞLU.