Vətən oğlu
Sosial həyat

Vətən oğlu

Azərbaycanının   qərar tutmuş,  30 il mənfur  erməni dığaların əsarətində qalan əzəli və əbədi torpağı Qarabağın  44 günə azad etməsində Lerikdən olan dağ  vüqarlı, dağlar oğlu  Babazeynal Babazadə  əsl qəhrəman kimi döyüşüb.  19 yaşında  canını  Vətənə  fəda etməklə əbədi ömür qazanıb. Layiqli  bir övlad olaraq Babazeynal  bu şərəfli həyata çoxdan  hazır idi. Belə ki, 2019-cu ildə  həqiqi hərbi xidmətə yola düşəndə  el-oba qarşısında:  “Vətən torpağı azad olunmamış  silahı yerə qoymaram”- deyə and içmişdi.

Bəli, İkinci  Qarabağ müharibəsində  əsgər  Babazeynal Babazadə  düşdüyü hərbi hissədə nümunəvi xidməti ilə seçilirdi. Onun vətənpərvərliyi, mərdliyi, dosta sədaqəti,  ən əsası düşmənə nifrəti    əsgərlərdə, zabitlərdə  xüsusi rəğbət  hissi yaradırdı.   Hərbi təlimlərdə fəal olub,  mükəmməl döyüş təcrübəsinə yiyələnirdi. O, sentyabrın 27-də  minlərlə qeyrətli  vətən oğlu kimi elə birinci  günü  silahlanıb  torpaqların müdafiəsinə qalxdı.

Babazeynal  döyüşlərdə  misilsiz  şücaət göstərdi. Hər dəfə  minomyotu  ilə  düşmənə  layiqincə “dərs” verirdi. Ölüm-dirim  savaşlarda  dığalar   onun qətiyyəti, cəsarəti qarşısında  tab gətirməyib  itki verə-verə  qaçmağa üz qoyurdular.  Son döyüşləri   Ağdərə  istiqamətində olur. 2020-ci il  oktyabr ayının 7-də   sərrast  atəşlə  düşmənin üç tankını sıradan   çıxardır, çoxlu canlı qüvvəsini məhv edir. Qəfil atılan namərd gülləsindən də özünü qoruya bilmir. Babazeynal  30 illik torpaq  həsrətinə  qanı ilə son qoyan  şəhidlərin  birinə  çevrilir. Beləcə,  qısa həyat yolu  tarixə düşməklə, öz xalqından ötrü  vətənə, torpağa sədaqət  simvoluna döndü. Dövlət də ölümündən sonra  öz qəhrəman oğlunu  yağı düşmənə qarşı qanlı  döyüşlərdə göstərdiyi  şəxsi igidliyə görə  “Vətən uğrunda”, “Suqovuşanın  azad olunmasına görə” medalları ilə təltif edir.

Zəfər ORUCOĞLU.