VƏTƏN MÜHARİBƏSİNDƏ ŞANLI QƏLƏBƏMİZ
Siyasət

VƏTƏN MÜHARİBƏSİNDƏ ŞANLI QƏLƏBƏMİZ

"Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur".

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri.

 

"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!".

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Əzəli tarixi torpağımız olan Qarabağın azadlığını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizdən, şanlı Zəfərimizdən 1 il ötür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.

Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaldırdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş edirdi. 

Vətən müharibəsi dövründə hər bir azərbaycanlı ölkə başçısının xalqa müraciətlərində qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Hər qələbə xəbərini aldıqca yenilməz Azərbaycan Ordusu ilə fəxr edir, qürrələnirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq, cəsur və sarsılmaz Ordumuz var deyə qürur duyurduq.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında xalqa müraciətində Qarabağın baş tacı olan Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini fəxarətlə qeyd etmişdir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

Vətən savaşındakı Qələbənin qazanılmasında Dövlət Təhlükəsizliyi Xidmətinin  əməkdaşlarının da xüsusi xidmətləri olmuşdur. DTX-nin hərbi qulluqçuları müharibənin ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başlamış, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra ölkənin aparıcı telekanallarına verdiyi müsahibəsində xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir: "Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər".

Birinci Qarabağ savaşı dönəmində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları misilsiz rəşadət göstərmiş, qəhrəmanlıq örnəyi yaratmışlar. Onlardan 6 nəfəri - Riad Əhmədov, Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Faiq Cəfərov və Bəhruz Mansurov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

44 günlük Vətən müharibəsində də mərdlik, vətənpərvərlik nümayiş etdirən DTX-nin şəxsi heyəti böyük şücaətlə xidmət etmiş, xalqımızın Zəfər tarixinə öz imzasını həkk etdirmişdir. Bu savaşdakı qəhrəmanlığa görə DTX-nin bir sıra hərbi qulluqçusu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, çoxlu sayda orden və medallarla təltif olunmuşdur.   

DTX-nin zabiti, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Həsənov müharibə zamanı keçdiyi şərəfli döyüş yolundan, Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən, xalqımızın göstərdiyi birlik və həmrəylik nümunəsindən bəhs edərək demişdir: "Əməkdaşı olduğum Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin tərkibində Vətən müharibəsində iştirak etmişəm. 44 gün ərzində davam etmiş bu müqəddəs və haqlı savaş həyatımın ən şərəfli və mənalı anları olmuşdur. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız tarixi qələbə qazanmışdır. Dövlətimizin yürütdüyü uğurlu siyasət, xalqımızın nümayiş etdirdiyi birlik və rəşadətli silahlı qüvvələrimizin döyüş əzmi qələbəmizin əsasını təşkil etmişdir. Həyata keçirilmiş uğurlu döyüş əməliyyatları ilə düşmən ordusu darmadağın edilmiş və təcavüzkar ölkə təslim olmağa məcbur qalmışdır. İşğal altında olmuş Vətən torpaqları azad edilmiş, öz doğma yurd-yuvalarını tərk etməyə məcbur qalmış soydaşlarımızın həsrətinə son qoyulmuşdur".

Anar Həsənov onu da bildirmişdir ki, torpaqlarımızın azad olunması uğrunda şəhadət zirvəsinə ucalmış qəhrəmanlarımızı, qazilərimizi heç vaxt unutmayacağıq: "Bundan sonra da dövlətimizin və xalqımızın qalibiyyəti və uğurlu gələcəyi naminə əlimizdən gələni əsirgəməyəcəyik. Zəfər tariximizi və Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur".

Ermənistan kapitulyasiya aktını imzalamamışdan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzaqgörənlik və müdriklik nümayiş etdirərək 29 oktyabr 2020-ci il tarixdə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərman imzaladı. Fərmana uyğun olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində DTX-nin yerli şöbələri və Şuşa Şəhər İdarəsi fəaliyyətə başladı. Hazırda DTX-nin müvafiq strukturlarının əməkdaşları öz vəzifə borclarını şərəflə və layiqincə yerinə yetirərək işğaldan azad edilmiş ərazilərimizdə xidmətlərini davam etdirirlər.

Dövlətimizin başçısı tərəfindən hüquq-mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada DTX-nin Şuşa Rayon İdarəsinin müasir üslubda təmir edilmiş yeni inzibati binasının istifadəyə verilməsi də dövlətimizin başçısının  bu diqqət və qayğısının bariz nümunəsidir.

Vətən müharibəsi dövründə DTX-nin mütəmadi olaraq vətəndaşlara təhlükəsizliklə bağlı ayıq-sayıqlığın artırılmasına dair müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda döyüşən terrorçuların səs yazılarının ifşası və sair bu kimi peşəkarlıqla həyata keçirdiyi tədbirlər, əslində təhlükəsizlik orqanlarının fəaliyyətinin ictimaiyyətə açıqlana biləcək kiçik bir hissəsi idi.

İkinci Qarabağ savaşında düşmənin ölkəmizə qarşı apardığı informasiya mübarizəsi çərçivəsində DTX tərəfindən müvafiq mübarizə tədbirləri də görülmüşdür. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin "Bilgəh" İstirahət mərkəzində "Kiber düşərgə - 2021" adlı yay məktəbinin açılış tədbirindəki nitqində sözügedən məsələyə toxunaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə dövlətimizin əleyhinə yönələn informasiya savaşı zamanı düşmən qüvvələrin həyata keçirdiyi kiber hücumların qarşısı digər əlaqədar dövlət qurumları ilə birlikdə qətiyyətlə alınmışdır. Həmçinin müharibədən sonrakı dövrdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən beynəlxalq təşkilatların və Rusiya sülhməramlı qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi barədə əldə olunmuş razılığa əsasən, əsir və girovluqda saxlanılan bir qrup Azərbaycan vətəndaşının ölkəmizə təhvil verilməsi də növbəti siyasi qələbəmiz kimi xüsusilə qeyd olunmalıdır.

İstər Vətən müharibəsi zamanı, istərsə də sonrakı dönəmdə DTX ölkəmizə qarşı terror və təxribatların qarşısını yüksək peşəkarlıqla almışdır. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin DTX tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilməsi, həmçinin digər xarici ölkə vətəndaşları ilə birgə muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmiş və terrorçuluq əməlləri törətmiş Livan vətəndaşının kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində məsuliyyətə cəlb edilməsi də digər vacib məqamlar kimi vurğulanmalıdır.

Vətən savaşından sonra döyüş meydanında aldığı acı məğlubiyyətlə barışmaq istəməyən Ermənistandakı revanşist qüvvələr hələ də Azərbaycanın qazandığı şanlı Qələbəni, regionda yaratdığı yeni reallıqları  həzm edə bilmir, hər vəchlə öz çirkin əməllərini davam etdirirlər. DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində "Milli təhlükəsizlik" mövzusunda keçirilmiş kursun açılış tədbirində DTX-nin rəisi general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, hazırkı dönəmdə hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Xidmət rəisi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.

"Dəmir yumruq" isə həmişə yerindədir. Dövlətimizin başçısının dediyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək: "Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər".

Hazırda işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi və bərpası istiqamətində möhtəşəm quruculuq işləri həyata keçirilir, nəhəng layihələr icra olunur. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "... Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü... Biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq". Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşası və s. bu kimi genişmiqyaslı tikinti-quruculuq işləri doğma torpaqlarımıza yeni nəfəsin, yeni həyatın qayıtmasının əyani təcəssümüdür. Əminik ki, nəhayət, 30 illik Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz dədə-baba torpaqlarına qayıdacaqlar. Ali Baş Komandanın dediyi kimi, "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq".

"Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında da Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin olunmasında daim ön sıralarda duracaq, doğma Vətənin daha da qüdrətlənməsi naminə bundan sonra da layiqli xidmət nümunələri göstərəcəkdir.  

S.ABDULƏLİZADƏ.