Vətən müharibəsində qəhrəman hərbçilərimizin göstərdiyi şücaətlər tarixdə əbədi iz qoyub
Sosial həyat

Vətən müharibəsində qəhrəman hərbçilərimizin göstərdiyi şücaətlər tarixdə əbədi iz qoyub

"Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir". Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu sözləri sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən Anım Gününə həsr olunmuş toplantısında xatırladılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən komitə sədri Rövşən Rzayev bir il əvvəl işğalçı Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi və Qələbə ilə başa çatan əks-hücum əməliyyatında xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaətlərin tarixdə əbədi iz qoyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbçilərimizin rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmən ağır məğlubiyyətə uğradılıb, üç rayonu - Ağdam, Kəlbəcər və Laçını isə döyüşsüz tərk etməyə məcbur olub.

Eyni zamanda, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda hazırda bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.

Dövlət Komitəsinin kollektivi saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.

AZƏRTAC