Vətən müharibəsində iştirak edən 44 qaziyə avtomobillər təqdim edildi
Sosial həyat

Vətən müharibəsində iştirak edən 44 qaziyə avtomobillər təqdim edildi

27 Sentyabr - Anım Günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına - qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə  2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu deyib. O cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır.  2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatının da uğurla davam etdirildiyini bildirən H.Abdullayev Nazirlik tərəfindən bu kateqoriyadan olanlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verildiyini diqqətə çatdırıb.  2021-ci ildə isə  100 ədəd və bu gün daha 44 ədəd olmaqla, 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunduğunu diqqətə çatdırıb.

Avtomobillə təmin olunanlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Mustafa KAMAL,

“Respublika”.