Vətən müharibəsində əməyi olan jurnalistlər mükafatlandırıldı
Digər xəbərlər

Vətən müharibəsində əməyi olan jurnalistlər mükafatlandırıldı

Azərbaycan Mətbuat Şurası 22 İyul - Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirləri ilə birgə Tərtərdə qeyd etməyi təsadüfi deyildi. Həmin müxbirlər və operatorlar Vətən müharibəsində 44 gün tərtərlilərlə bir yerdə olublar. Azərbaycan  Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə media işçilərinin bayramı münasibətilə bu qəhrəman şəhərdə toplantı keçirilib. Əvvəlcə şəhid  jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, media nümayəndələrinə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb və  2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsindən danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək inanılmaz dözüm və qətiyyət göstərib. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər - kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçiliblər. Onların Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna xidmətləri olub.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  bölgələrdəki KİV əməkdaşlarını 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan ətraflı söz açıb: “Mətbuat Şurası ilk dəfədir bu əlamətdar günü regionda qeyd edir. 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu xüsusi vurğulamaq istəyirəm. Jurnalistlərin Vətən müharibəsində son dərəcə böyük əməyi olub. Bu əmək həm peşə borcuna həssas yanaşma, həm də vətənpərvərlik nümunəsi idi”.

44 gün hər kəs, hər bir tərtərli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müsəlləh əsgəri oldu. Jurnalistlər və operatorlar da gərgin şəraitdə işləyib, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşıb, öz peşə borcunu ləyaqətlə yerinə yetirdilər. Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Milli Mətbuat Günü ilə bağlı böyük əməyinizə  töhfə verməyi qərara alıb. İstədik ki, milli mətbuatımızın 146-cı ildönümü həm də xatirinizdə müharibə dövründəki əməyinizə dəyər baxımından yadda qalsın.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. Çox şükür ki, onların hamısı evlərinə, əzizlərinin və doğmalarının yanına sağ-salamat qayıdıb. Vətən müharibəsində informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynayıb. Mətbuat Şurası da öz növbəsində ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırıb. İlk dəfə idi ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası kimi qurumlar Azərbaycanın mövqeyini əks etdirən bəyanatlarla çıxış edib, ermənilərin informasiya təxribatını gündəmə gətirdilər.

Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən müharibəsində ictimaiyyətin operativ və dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə diplomu ilə təltif ediliblər. Qeyd edək ki, “Respublika” qəzetinin bölgə müxbirləri Salman Alıoğlu və Vəli Vəliyev də təltif olunub.

Toplantıda, həmçinin Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin - TRT, ATV, CNN türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri vurğulanıb. Tanınmış fotojurnalist Reza Deqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər.

“Respublika”.