Vətən müharibəsi: xalq-dövlət birliyinin möhtəşəm qələbəsi
SİYASƏT

Vətən müharibəsi: xalq-dövlət birliyinin möhtəşəm qələbəsi

Tarixin səhifələrindən və zamanın gərdişindən yaxşı bilirik ki, erməni cəmiyyəti sağalmaz xəstəliyə tutulub, qan onların gözlərini elə bağlayıb ki, reallıqla barışa bilmirlər, sağlam təfəkkürdən uzaq düşüblər. Belə olmasaydı, müharibədə məğlub olan Ermənistan sülh müqaviləsi bağlamaq yerinə sentyabrın 12-də sərhədlərimizdə genişmiqyaslı təxribatlar törətməzdi. Düşmən layiqli cavabını aldı, yüzlərlə əsgər və zabiti məhv edildi, çoxlu sayda yaralısı oldu, hərbi infrastrukturu yerlə yeksan edildi. Vətən müharibəsində Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın Qarabağın üzərinə bulud kimi çökmüş qara niyyətli, işğalçı, qəsbkar, yadelli düşməni əzərək məhv etdi, bir vaxtlar öz ordusu ilə lovğalanan erməni generalları və zabitləri əsgərlərini darda qoyaraq "dovşan kimi" qaçdılar, dilənib-dolanıb yığdıqları hərbi texnikaların külü göyə sovruldu, bir çoxu da ordumuz tərəfindən qənimət kimi götürüldü. İgid oğullarımızın qanı-canı bahasına işğaldan azad edilən torpaqlarımızda indi üçrəngli bayrağımız qürurla dalğalanır, bu yerlərə yeni həyat qayıdır, düşmənin xarabalığa çevirdiyi torpaqlarda dirçəliş başlayıb, quruculuq işləri sürətlə aparılır, yollar çəkilir, hava limanları inşa olunur, "ağıllı şəhər" və "ağıllı kənd"lər qurulur.

Yaxşı xatırlayırıq ki, 2020-ci ilin payızında Azərbaycan həm döyüş meydanında, həm informasiya cəbhəsində, həm də təbliğat sahəsində işğalçı Ermənistana və onun havadarlarına, ermənipərəst qüvvələrə qarşı gərgin mübarizə apardı. Münaqişəni dondurmağa çalışan ATƏT-in Minsk qrupu, bəzi dövlətlər, dünya erməni lobbisi elə güman edirdilər ki, daha Azərbaycan heç vaxt torpaqlarını azad edə bilməyəcək və ermənilər də bu xəyallarla Qarabağda, Şərqi Zəngəzurda talançılıqla məşğul olur, təbii sərvətlərimizi qarət edir, tarixi və dini abidələrimizi dağıdır, burada qanunsuz məskunlaşma aparırdılar. İki il bundan əvvəl yeni ərazilər işğal etmək həvəsinə düşən ermənilər cəbhə xəttində elan edilmiş atəşkəsi tez-tez pozur, təmas xəttində yaşayan azərbaycanlılara qarşı terror törədir, dinc insanları və uşaqları qətlə yetirirdi. Münaqişənin həlli ilə məşğul olan dövlətlər Ermənistanın bu həyasızlığına, vəhşiliyinə açıq şəkildə göz yumurdular.

2020-ci ilin payızında bütün dünya böyük bir həqiqəti anladı və şahidi oldu ki, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlar silahlı qüvvələrimizin bölmələri tərəfindən azad edilib, 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində qazanılıb. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki qələbəmiz Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti fədakarlığı, ölçülüb-biçilmiş siyasəti sayəsində və müzəffər ordumuzun şücaəti ilə mümkün olub. Müharibənin ilk günləri bir daha göstərdi ki, biz təkcə Ermənistanla döyüşmədik, şanlı və qəhrəman ordumuzun ildırımsürətli əks-hücumları düşməni və onun havadarlarını ciddi təşvişə saldı. Xalqımız şahid oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev sözün əsl mənasında bir neçə cəbhədə düşmənə qarşı cəsarətlə mübarizə apardı. Ali Baş Komandanın ordusu cəbhədə, özü isə siyasət meydanında, dünyanın informasiya məkanında ermənilərə, onların təəssübkeşlərinə və dünya ermənilərinə qarşı qətiyyət, cəsarət, böyük fədakarlıq, möhkəm siyasi iradə nümayiş etdirdi.

İşğalçıları əzərək irəliləyən ordumuzun bölmələrinin fədakarlığına yüksək qiymət verən Azərbaycan Prezidenti oktyabrın 20-də xalqa müraciətində əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu diqqətə çatdırdı:

- Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz "Twitter" hesabımda, "Twitter" vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik.

Cəbhədə əldə olunan uğurlar haqqında hər dəfə xəbər verən dövlət başçısı oktyabrın 26-da növbəti müraciətində Azərbaycan xalqına həlledici qələbənin yaxında olduğunu bildirərək dedi ki, biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.

2020-ci il noyabrın 8-də isə Bakıdakı Şəhidlər xiyabanından Qalib Ali Baş Komandan doğma xalqına Şuşa zəfəri ilə bağlı xoş müjdəni çatdırdı. Ata vəsiyyətini şərəflə yerinə yetirən, tarixi qələbəyə imza atan, Azərbaycanı dünyaya tanıdan, xalqının məhəbbətini qazanan, sülhün və sabitliyin keşiyində dayanan, Azərbaycanı daha işıqlı sabahlara aparan möhtərəm İlham Əliyevin həyatı və titanik fəaliyyəti çoxəsrlik tariximizin ən şərəfli səhifəsidir.

Vətən müharibəsindən dərhal sonra azad edilmiş torpaqlarda düşmənin basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə, ardınca isə həyat əhəmiyyətli infrastrukturun qurulmasına başlanıldı. Eyni zamanda, işğaldan azad edilən ərazilərin yeni hüquqi bazası yaradıldı. 2021-ci il iyulun 7-də imzalanmış tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı Vətən müharibəsinin əsas nəticələrindən birinə çevrildi. Tarixçilərin və politoloqların qənaətinə görə, bu dövlət sənədi ilə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda - Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla Qarabağ iqtisadi rayonu yardıldı. Bununla da, Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldıraraq bildirdi ki, 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi.

44 günlük Vətən müharibəsi dövründə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin cəmiyyətimizə müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Xalq-dövlət birliyinin möhtəşəm qələbəsi Azərbaycanın gələcək taleyinə və tarixinə qızıl hərflərlə yazıldı.

Salman ALIOĞLU,

"Respublika".