VƏTƏN MÜHARİBƏSİ VƏ FƏDAKAR SƏHİYYƏ İŞÇİLƏRİ
Region

VƏTƏN MÜHARİBƏSİ VƏ FƏDAKAR SƏHİYYƏ İŞÇİLƏRİ

Oğuz xalqı ta qədimdən, öz torpaqlarını, vətənini qorumaq üçün həmişə mübariz olmuş, hər qarış torpağı üçün qanını, canını əsirgəməmişdir. Elə yaxın keçmişdə, İkinci Dünya müharibəsində həm döyüş meydanında, həm də arxa cəbhədə məğrur, cəsur Azərbaycan xalqı əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. 1941-1945-ci illərdə 600 mindən çox insan Azərbaycandan cəbhəyə yollanmış və son damla qanına qədər vuruşmuş, igidlik göstərmişdir.

Son 30 ildə Erməni şovinistləri sülhsevər Azərbaycan xalqına qarşı işğalçı siyasəti yürütdü, torpaqlarını zəbt etdi, dinc əhaliyə divan tutdu, etnik təmizləmə siyasəti apardı. Bu azmış ki, Azərbaycan xalqını zorla müharibəyə sövq etdi. Ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Gənclərdə vətənpərvərlik ruhu yüksək, ordu həddən artıq güclü və nizamlı idi. Ermənistanda isə xaos, tənəzzül hökm sürürdü. Ermənistan rəhbərliyinin nankorluğu, işğalçı siyasəti, terroru artıq pik həddə çatmışdı. Ölkə Prezidenti İlham Əliyevin bir çağrışı ilə xalq yekdilliklə ayağa qalxdı, fədakar həkimlərimiz də vətənin müdafiəsinə qoşuldular. Vətən müharibəsində səhiyyə işçiləri elə ilk gündən ön cəbhədə və arxa cəbhədə öz şərəfli borclarını ləyaqətlə yerinə yetirdilər. Respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam edildilər. Gəncə bölgəsinin vətənpərvər həkimləri vətən müharibəsində fədakarlıq, şücaət nümayiş etdirdilər.

Gəncə şəhərində yerləşən hərbi hospitallara yaralılar gətirilirdi. Daşkəsən, Goranboy rayonları və Naftalan şəhəri təmas xəttində olduğundan yaralılar Gəncə şəhərindəki Abbas Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında, Gəncə Müalicə Diaqnostika Mərkəzində, Beynəlxalq Xəstəxanada qəbul olunurdu. Qızğın döyüşlərdə yaralanmış hərbi qulluqçularımız peşəkar həkimlər tərəfindən müalicə olunurdular. Fədakar, təcrübəli həkimlərdən Fazil Qurbanov öz xatirələrini bizimlə bölüşdü: "Təcili tibbi yardım avtomobilləri ilə daşınan yaralı əsgər və zabitlərimizə yüksək səviyyədə yardım göstərilir, onların müalicəsi üçün bütün imkan və vasitələrdən tam istifadə olunurdu. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovniki Elxan İbrahimov və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yaralı hərbi əsgər və zabitlərimizlə görüşür, müvafiq köməkliklər göstərirdilər. 44 günlük Vətən müharibəsində iştirak etdiyimə görə şərəf duyuram. Biz qalib ölkənin, qalib həkimləriyik. Vətən müharibəsində qaynar nöqtələrdə olduq. Vəzifəmizi layiqincə yerinə yetirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz arasında səhiyyə işçilərimiz də var idi".

44 günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq. Hərbi tibb müəssisələrinin, mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmadı. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla, şərəflə xidmət etdilər.

Naftalan şəhəri Qaşaltı, Qaraqoyunlu və Tap Qaraqoyunlu təmas xəttində yerləşdiyindən burada da ağır döyüşlər gedirdi. Yaralananlar var idi. Həkimlərlə birgə yerli sakinlər, hətta, yeniyetmələr belə yaralılara yardım edirdilər. Naftalan Mərkəzi Xəstəxanasının baş həkim əvəzi İlhamə Hüseynovanın rəhbərliyi ilə xəstələrin qəbulu, diaqnostika, müalicə və təxliyyəsi qüsursuz təşkil olunmuşdu.

Təmas xəttində olan Naftalan Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejimində işləyirdi. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov xəstəxanalara baş çəkir, yaralılara maddi və mənəvi dəstək olur, ərazidə yerləşən hərbi hissələrdə mövcud şəraitlə yaxından tanış olur, lazımi tapşırıqlar verirdi. Vətən müharibəsinin ilk günündən son gününədək yaralı hərbi qulluqçulara, mülki əhaliyə könüllü xidmət edən, ehtiyatda olan tibb xidməti kapitanı, anestezioloq-reanimatoloq Bəhruz Məmmədov deyir: "Sentyabrın 27-də səhər saatlarında düşmənin təxribat törətdiyini və ordumuzun əks-hücum əməliyyatına keçdiyini eşitdim. Gəncə hospitalı ilə əlaqə saxladım, dedilər ki, yaralı çoxdur. Tərəddüd etmədən Gəncəyə yollandım. Sentyabrın 27-28-də həmin hospitalda yaralılara qulluq etdim. Sonra hospitalın şəxsi heyəti çoxaldığından digər bölgələrdəki xəstəxana və hospitallara müraciət etdim. Öyrəndim ki, Naftalanda tibbi heyətə ehtiyac var. Mən və üç həkim yoldaşım Naftalan Şəhər Mərkəzi Xəstəxanasına getdik. Ermənilər Tərtəri, Bərdəni vuranda orada çalışan həkimlərin də köməyinə gedirdik. Boş vaxt olanda Yevlax Rayon Mərkəzi Xəstəxanasına da yardım əlimizi uzadırdıq. Elə olurdu ki, günlərlə yatmırdıq. Xəstəxanalara gətirilən hərbi qulluqçular yaralı olduqlarına baxmayaraq, təkidlə döyüş yoldaşlarının yanına qayıtmağa can atırdılar. O qədər yaralı arasında bir nəfərin belə özünü düşündüyünü görmədim. Hamısı döyüşdən kənarda qaldıqları üçün təəssüflənirdilər. Məni təsirləndirən bir an əbədi olaraq yaddaşıma həkk olunub. Xəstəxananın sağ tərəfi morq, sol tərəfi isə təcili yardım şöbəsi idi. Təcili yardım maşını gələndə hamı maşının sağa yox, sola dönməsi üçün dua edirdi. Üç gün yaralı halda döyüşmüş və xeyli sayda düşməni məhv etmiş əsgərin diz nahiyəsini qəlpə dağıtmışdı. Üç gün yarasını sıxıb-açmaqla vəziyyəti nəzarətdə saxlamağa çalışmışdı. Həmin döyüşçü çoxlu qan itirmişdi. Biz onun qan qrupunu təyin edə bilmədik. Ona bir saat yarıma yaxın qapalı ürək masajı etdik. Zorla damar yolunu tapdıqdan sonra qan köçürdük. Qan qrupunu bilmədiyimizdən (O) RH (-), yəni I qan qrupunu köçürdük. Bir saat yarımdan sonra həmin yaralının ürəyi döyünməyə başladı və o, həyata döndü. Ondan sonra həmin yaralı Gəncə hospitalına köçürüldü. Üç gün sonra onu gördüm. Artıq çay içirdi. O hissləri ifadə etmək olduqca çətindir.

Naftalandakı xəstəxanaya getdiyimiz gün gecə saatlarında başından snayperlə vurulan hərbçi gətirdilər. Yolda ürəyi dayansa da, həkim yoldaşlarımızdan biri xəstəni həyata qaytara bilmişdi. Goranboyun Ağcakənd qəsəbəsindəki Xocalı xəstəxanasında da yaralılara xidmət göstərmişik.

Bəli, Vətən müharibəsində həkimlərimizin fədakarlığından qalaq-qalaq kitab yazsaq yenə də azdır.

Prezident cənab İlham Əliyev həkimlərimizi həmişə yüksək qiymətləndirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov fədakar həkimlərlə görüşmüş onlara minnətdarlığını bildirərək, "Təşəkkürnamə"lərlə təltif etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ölkə səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davam etdirilir.

İnanırıq ki, peşəkar və fədakar səhiyyə işçiləri bundan sonra da səhiyyəmizin inkişafına öz töhfələrini verəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".