Vətən müharibəsi qəhrəmanları rəssamların əsərlərində
İQTİSADİYYAT

Vətən müharibəsi qəhrəmanları rəssamların əsərlərində

Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə Qubada yerləşən “Shahdag Guba & Truskovets Medical Sanatorium” mərkəzində rəngkarlıq simpoziumu keçirilir.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat verib. Oktyabrın 24-ə kimi davam edəcək simpoziumda tanınmış rəssamlar iştirak edirlər.

Belə ki, Vətən müharibəsi nəticəsində qazanılmış zəfərin ildönümü ərəfəsində baş tutan simpoziumda qalibiyyətdən ilhamlanan rəssamlar Vətən müharibəsi qəhrəmanlarını vəsf edən mövzulara üstünlük verəcəklər.

Məlumatda daha sonra bildirilir ki, mədəniyyət və sosialyönümlü layihənin məqsədlərindən biri də rəssamların bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları rəsmə köçürmələrini təmin etmək, həmçinin fərqli formada təbliğ və təşviq etməkdir. Bununla yanaşı, simpozium çərçivəsində rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiriləcək.

Simpozium günlərində xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək, eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı mühazirə oxuyacaq.

Simpozium müddətində rəssamların ərsəyə gətirdikləri sənət əsərləri 2022-ci ilin yanvar ayının ortalarınadək “Shahdag Guba & Truskovets Medical Sanatorium” mərkəzində sərgilənəcək.

***      

“Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisi

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" --1-ci Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" Sərgisi öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgini dəstəkləyən qurumlardandır və sərgidə xüsusi stendlə təmsil olunur.

Agentlikdən məlumat verilir ki, KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilir. Stenddə həmçinin, müvafiq istiqamətdə KOBİA-ya daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib.

Həmçinin, KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən dövlətin güzəştli kreditləri barədə də məlumat verilir.

Qeyd edək ki, ilk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul və layihələr nümayiş olunur.

            ***

Polyak memarlarının Azərbaycandakı abidələri

Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb.

Dövlət Turizm Agentliyinin verdiyi məlumatda bildirilir ki, polyak sənətkarlarının Azərbaycandakı fəaliyyətini əks etdirən broşür Azərbaycan Turizm Bürosunun Polşanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar --  İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.

Nəşrdə 4 polyak memarın müəllifi olduğu Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu (Tağıyevin Qızlar Məktəbi), AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev Muzeyi, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Bakı Univermağı, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası, Yeni Avropa hotelinin binası, Müqəddəs Məryəm Katolik Kilsəsi və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur.

Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir.

Burada, həmçinin XX əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında hazırlanan məscid, kilsə və s. diqqətə çatdırılır.

                                                           ***

Turizmin gələcək inkişafı məqsədilə əməkdaşlıq

Azərbaycanın regionlarında turizmin inkişafına dəstək, regional turizm müəssisələrinin idarə olunması və təşkili, turizmlə bağlı infrastruktur və xidmətlərin yaxşılaşdırılması, eləcə də yerli icmaların imkanların genişləndirilməsi kimi məsələlər oktyabrın 19-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşü zamanı müzakirə olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, görüşdə Agentlik sədri postpandemiya dövründə ölkə turizminin bərpası və regional turizmin cəlbediciliyinin artırılması istiqamətində aparılan işlərdən, eləcə də  xarici turistlərin Azərbaycana yenidən səfər etmələri üçün bir sıra ölkələrlə sərhədlərin açılması, ölkə turizminin inkişafını ləngidən amilllərin aradan qaldırılmasında görülən işlərdən danışıb.

BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti qurumun Azərbaycandakı 30 illik fəaliyyətini yüksək qiymətləndirib. O, BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın regionlarının cəlbedici turizm məkanları kimi inkişafına dəstək göstərilməsində, eləcə də turizmlə əlaqəli sahələrdə  peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və maarifləndirmə işlərinin artırılmasında maraqlı olduqlarını bildirib.

Görüş çərçivəsində turizmin gələcək inkişafı məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Bəybala BƏYBALAYEV,

“Respublika”.