Vətən müharibəsi qəhrəmanının xatirə kompleksi ziyarət edilib
Region

Vətən müharibəsi qəhrəmanının xatirə kompleksi ziyarət edilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin əməkdaşları gənc könüllülərlə birlikdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsinin qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun Qəbələ şəhərindəki Xatirə Kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibədə qazanılmış qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışmışlar.

Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra 1997-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübə keçdikdən sonra 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində başlanan döyüşlərdə iştirak edərək igidlik göstərib və medallarla təltif edilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərib və oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və digər sərəncamlarla "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".