VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İNTİQAM ƏSGƏRLİNİN XATİRƏSİ ANILIB
Sosial həyat

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İNTİQAM ƏSGƏRLİNİN XATİRƏSİ ANILIB

İntiqam Əsgərli Masallının Viləş kəndində dünyaya göz açıb. S.Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik kursunda oxuyub. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunda təhsil alıb.

Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində igidlik, şücaət göstərib. Döyüşlərdə fədakarlığı, xüsusi xidmətləri ilə fərqlənib. Noyabrın 9-da Şuşada döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıq nümunəsi göstərdiyinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən İntiqam Bayram oğlu Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Prezidemtin müvafiq sərəncamları ilə «Vətən uğrunda», «Şuşanın azad olunmasına görə» medalları ilə təltif olunub.

İntiqam ailəli idi. İki övladı-Nur və İntiqam yadigar qalıb. Masallı şəhərinin mərkəzi küçələrindən biri Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adını daşıyır. Milli Məclisin deputatı Məşhur Məmmədovun köməyilə gənc heykəltəraş Akşin Balayev İntiqamın büstünü hazırlayıb.

Viləş kəndinin sakini, xeyriyyəçi Bəxtiyar Məmmədovun və həmyerlilərinin maliyyə dəstəyilə kəndin mərkəzində şəhidlərin xatirəsi şərəfinə abidə-bulaq kompleksi inşa olunub. Qəhrəmanın doğum günü kompleksin önündə anım tədbiri keçirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri, ziyalılar və media nümayəndələri açılış mərasimində iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söhbət açıb. Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Şəhidlik zirvəsinə ucalmış igidlər daim ehtiramla xatırlanır, onlar ürəklərdə əbədi yaşayacaqlar.

İntiqamın qardaşı Nurlan Əsgərov da 2016-cı ilin Aprel döyüşlərində şücaət, qəhrəmanlıq göstərib. Döyüş zamanı şəhidlik məqamına yüksəlib. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Anaları Ziba xanım mərasimdə çıxış edərək övladlarının uşaqlıq xatirələrindən, vətənpərvərliyindən, keçdikləri döyüş yolundan danışıb. Qeyd edib ki, qəhrəmanların ömrü qısa olur. Övladları həyatda şərəflə yaşayıblar, torpaq uğrunda şəhid olublar, adları müstəqil Azərbaycanın tarixində əbədi qalacaqdır.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, qəhrəmanlıq dastanı yazan, ad gününü qeyd etdiyimiz İntiqam kimi igid oğulların Vətən müharibəsində göstərdiyi şücaət, qəhrəmanlıq çağdaş tariximizin ən şanlı səhifəsidir. Şəhidlərin xatirəsini yad etmək, onların ailələrinə qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

 Şəhid Xudayar Yusifzadənin anası İradə xanım, şəhid Sübhanın anası Mehriban Əbdürrəhmanova, Qarabağ qazisi İslam Əzimov və başqaları Azərbaycan Ordusunun qazandığı misilsiz qələbədən söz açıblar, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını   bildiriblər.

Masallı Dövlət Regional Kollecinin tələbə və müəllimlərinin ifasında «Ölümümə inanma» adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Viləş kənd tam orta məktəbinin şagirdləri Vətənə, şəhidlərə, qəhrəmanlara həsr olunan şeirlər söyləyiblər.

Sonra mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüblər. Viləş kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, məzarlarının üzərinə qərənfillər düzülüb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.