Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anılıb
Sosial həyat

Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anılıb

Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum günü məzarı önündə qeyd edilib.

İkinci Şəhidlər xiyabanına toplaşan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qəhrəmanın döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edib, üzərinə əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda, haqq yolunda şəhadət məqamına yüksələnlərin ölməzliyi, əbədiliyi bir daha vurğulanıb.

Mərasimdə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Hərbi orkestrinin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Qeyd olunub ki, Vətən müharibəsinin ilk günündən döyüşlərə can atan təcrübəli və peşəkar zabitin səsi-sorağı Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdən gəlir və hərbi əməliyyatlar zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla yerinə yetirilməsində fərqlənir. 2020-ci il oktyabrın 21-də Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən polkovnik-leytenant Anar Vaqif oğlu Əliyev qəhrəmancasına şəhid olur.

Vurğulanıb ki, polkovnik-leytenant Anar Əliyevin peşəkar zabit, nümunəvi komandir kimi xidmətləri həmişə yüksək qiymətləndirilib. Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən uğrunda", Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci və 2-ci dərəcəli, "Qüsursuz xidmətlərə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.

Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad - "Vətən Müharibəsi Qəhrəmanı" adı verilir və "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülür.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Tərtərin Vətən müharibəsində alınmaz möhtəşəm qalaya, tərtərlilərin isə hər birinin mübariz əsgərə çevrildiyini qeyd edərək deyib: "Vaqif müəllim əslən Kəlbəcərdən olmasına, Anarın Kəlbəcərdə doğulmasına baxmayaraq biz onları həm də tərtərli kimi tanıyırıq. Vaqif müəllim, Səkinə ana parlaq ziyalıdırlar, vətənpərvərdirlər, hamı onların hörmətini saxlayır. Bu cür valideynlərin Anar kimi oğulları olması heç kimdə şübhə doğurmur. Bu nəsildə qadın, kişi bilmədən hər kəs Vətənin dar günündə döyüşçü olur, həm ön, həm də arxa cəbhədə. Vaqif müəllimin bacısı Mələk xanım Birinci Qarabağ müharibəsi veteranıdır. Tərtərlilər bu ailə ilə fəxr edirlər.

İcra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, Tərtər şəhərində mərkəzi küçələrdən biri şəhidin adını daşıyır.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, döyüş yoldaşları çıxış etmişlər.

Şəhidin valideynləri Vaqif müəllim, Səkinə ana, həyat yoldaşı Vüsalə Əliyeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".