Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov yad olunub
Region

Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov yad olunub

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz hər zaman minnətdarlıqla anılacaqdır. Biləsuvar  rayonunun  Aşağı  Cürəli  kəndində  Vətən müharibəsində rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun xatirəsi ehtiramla anıldı.
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri   iştirak  edirdilər.   Tədbir  iştirakçıları  Cavid   Mahmudovun  məzarını  ziyarət  edib,  üzərinə  gül-çiçək  düzüb  ona  Allahdan  rəhmət, valideyninə  səbir  dilədilər.   Qonaqlar  şəhidin ata ocağında şəhidin  valideynləri  ilə görüşüb, qəhrəmanın  yaşadığı  evə  vurulan  xatirə  lövhəsini açdılar. Anım mərasimində   F.  Qürbətov  qeyd  etdi  ki,  Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı, dövlətimiz  tərəfindən   hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinə  diqqət  və  qayğı  göstəriləcək.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində oxuyub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsəndə  2012-2018-ci illərdə Tovuz rayonunda, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmətdə olub. 2020-ci ildən isə Abşeron rayonunda yerləşən hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı Cavid Mahmudov Ermənistan tərəfindən işğal olunan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də döyüşlər zamanı  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında   qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət nümayiş  etdirdiyinə  görə   Cavid   Hilal  oğlu   Mahmudov   ölümündən  sonra   "Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş,  "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

        Ərəstun   ABDULOV ,      

         “Respublika”.