Vətən müharibəsi iştirakçısı 24 yaşlı Mehrac AZƏRTAC-da böyük sevgi və coşqu ilə qarşılandı
Sosial həyat

Vətən müharibəsi iştirakçısı 24 yaşlı Mehrac AZƏRTAC-da böyük sevgi və coşqu ilə qarşılandı

Müzəffər Ordunun qalib əsgəri kimi doğma kollektivə qayıtmaq çox xoş və qürurvericidir. AZƏRTAC-ın “Cəsur döyüşçü” medalı və digər medallarla təltif olunmuş əməkdaşı Mehrac Ağasiyev Qubadlıda hərbi xidmətini ləyaqətlə başa vuraraq işinə dönüb. İş yoldaşları 44 günlük Vətən müharibəsinin iştirakçısı olan 24 yaşlı Mehracı böyük sevgi və coşqu ilə qarşılayıblar.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, eləcə də  Azərbaycan mediasının Şanlı Zəfər yolunun işıqlandırılması istiqamətində fəaliyyətindən danışıb. Vurğulanıb ki, böyük Qələbənin qazanılmasında Prezident İlham Əliyev dövrünün yetirmələri olan müasir düşüncəli, aydın təfəkkürlü vətənpərvər gənclər xüsusi rol oynayıb. Onlardan biri də Mehrac Ağasiyevdir.

Qeyd olunub ki, AZƏRTAC-ın kollektivi müharibənin ilk saatlarından son gününədək qələmi silaha çevirərək rəşadətli Ordumuzun döyüş yolunu anbaan işıqlandırmağa çalışıb, qurtuluş savaşının bitkin salnaməsini ortaya qoyub.

Tədbirdə işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlərin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun fəaliyyəti xatırlanıb. İşğaldan azad edilmiş ərazilərə ezam olunmuş çəkiliş qrupunun üzvləri, o cümlədən Məhərrəm və Sirac son dərəcə gərəkli, fədakarlıq tələb edən missiya yerinə yetirirdilər. Hazırda Məhərrəm İbrahimovun işini AZƏRTAC-ın əməkdaşları sırasında yer alan Qarabağ qazisi Elmir Səftərov layiqincə davam etdirir. Bu gün hərbi xidmətini başa vuraraq kollektivə qayıdan Mehrac Ağasiyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Mehracın döyüşlərdə göstərdiyi şücaət onun ailə üzvləri ilə yanaşı, iş yoldaşlarını da qürurlandırır.

Şabran rayonunda sadə, zəhmətsevər bir ailədə dünyaya göz açan Mehrac Ağasiyev 2017-ci ildə AZƏRTAC-da işə qəbul olunub və iki il sonra həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan Mehrac Lələtəpə istiqamətində düşmənin müdafiə səddini yaranlardan biri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın azad olunması uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Ağır döyüşlərin birində yaralanan Mehrac Şirvan və Tovuz şəhər xəstəxanalarında müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb və Qubadlıda hərbi xidmətini davam etdirib. O, vətənpərvərlik dərsini atası - təbiət vurğunu Firudin müəllimin ocağında alıb. Anası Almaz Ağasiyevanın müəllimə işlədiyi Şabran şəhərindəki orta məktəbdə Mehraca həm də Vətənə sevgi hissləri aşılayıblar. Qeyd edək ki, igid əsgərin bacısı Nurtac Ağasiyeva 2016-cı ildən AZƏRTAC-ın ingilis dilində informasiya baş redaksiyasında işləyir.

Səmimi qarşılanmasına görə AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə minnətdarlıq edən Mehrac Ağasiyev Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatmasında Azərbaycan əsgərinin, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevə sarsılmaz inamının oynadığı roldan, ordumuzun yüksək döyüş qabiliyyətindən danışıb.

Mehrac Ağasiyevə AZƏRTAC-ın plaketi və hədiyyələr təqdim olunub.

Sonda ulu öndər Heydər Əliyevin foyedəki büstü qarşısına, şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun portretləri önünə gül dəstələri düzülüb.

AZƏRTAC