VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ
Sosial həyat

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsinin iştirakçıları və qaziləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirmişdir ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük Zəfər qazanmış xalq olaraq qarşılayırıq. 30 illik bu  arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk. Vətən Savaşında qurban gedən  şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən savaşı sübut etdi ki, Azərbaycan Ordusu nəinki Qafqaz regionunun ən güclüsüdür, əslində dünyanın ən peşəkar, ən qətiyyətli ordularından biridir. 

Şəhər icra hakimiyyətinin başçısı qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğu” elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur. Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri ölkə başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər.

Sonda 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər yürüşü” adlı videoçarx, Şəhər Mədəniyyət Mərkəzi tərəfindən vətənpərvərlik mövzusuna həsr edilmiş musiqi kompozisiya nümayiş etdirilmişdir.

Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Zabit XƏLİLOV,

“Respublika”.