Vətən müharibəsi - informasiya cəbhəsi
Siyasət

Vətən müharibəsi - informasiya cəbhəsi

İki il bundan əvvəl sentyabr ayının əvvəlində Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədindəki mövqelərimizi, sərhəd kəndlərimizi davamlı olaraq atəşə tutur, eyni zamanda işğal etdikləri torpaqlarımızdan keçmiş təmas xəttindəki hərbi, mülki obyektləri dağıtmağa və ələ keçirməyə çalışırdı. Buna qədər isə Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Müzəffər Azərbaycan Ordusunun hünəri sayəsində düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edildi.

Xronoloji ardıcıllığa nəzər salanda bir daha aydın olur ki, hələ 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etmiş və bu bəyanatdan dərhal sonra keçmiş təmas xəttində bir sıra hərbi təxribatlar baş vermişdi. Keçmiş cəbhə xəttində və dövlət sərhədində düşmən ölkənin hərbi qüvvələri təxribatçı əməllərini davam etdirir, azərbaycanlı əhalini təhdid altında saxlayırdı.

Bütün bu təxribatlara baxmayaraq, Prezident İlham Əliyev çox böyük qətiyyətlə, çoxşaxəli, prinsipial, dürüst xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal iş aparır, sıx əlaqələr qurulur, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirir, ölkəmizin nüfuzunu artırırdı. Və nəhayət, bölgədə Azərbaycan həlledici amilə çevrildi. Ermənistan isə Azərbaycana qarşı təxribatlarını artırır, yeni ərazilər işğal etməyə cəhd göstərirdi...

Azərbaycanın hərb tarixinə yazılan 2020-ci il 27 sentyabr... Həmin gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində düşmən ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi.

Həmin gün Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı xalqımıza məlumat verərək səhər tezdən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiyini bildirdi: "Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir".

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələri, yüksək döyüş taktikası, peşəkarlığı düşmən ölkənin hərbi qüvvələri arasında panikaya səbəb oldu. Mənəvi-psixoloji və hərbi üstünlüyümüz, erməni ordusunun real döyüşlərdə düşdüyü acınacaqlı vəziyyət dünya erməni lobbisinin, diasporunun, baş nazirinin sərsəm xəyallarını darmadağın etdi. Və dərhal da öz ağalarına, havadarlarına zəng edərək yalvardılar ki, nəyin bahasına olursa-olsun Azərbaycanı dayandırın. Qanlı döyüşlərin getdiyi cəbhə xəttindən uzaqlarda isə informasiya müharibəsi başlamışdı, erməni havadarları müxtəlif informasiya və televiziya kanallarını Azərbaycana göndərir, əsası olmayan, qərəzli suallarla hadisələri başqa səmtə yönəltməyə cəhdlər edilirdi. Lakin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Döyüşlərdə olduğu kimi, Azərbaycan informasiya cəbhəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Bundan başqa, erməni kiber hücumlarına da layiqincə cavab verildi.

Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri qəsdən mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Onlar münaqişədə Türkiyənin iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı sualları dönə-dönə təkrarlayır, Prezidentimizin dediyi kimi, hətta prokuror kimi bizi ittiham etməyə çalışırdılar. Prezident İlham Əliyev isə dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə xüsusi sifarişli ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, çox böyük qətiyyətlə, səbir və dözümlə informasiya cəbhəsini təkbaşına yardı və hər dəfə də bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxardı. Eyni zamanda, Qarabağın tarixini, münaqişənin səbəblərini, çox tutarlı faktlarla dünyaya çatdırdı.

Günlər keçdikcə qəhrəman oğullarımızın qanı və canı bahasına ermənilərin güvəndikləri ohanyan xətləri bir-birinin ardınca dağıdılır, düşmənə sarsıdıcı zərbələr vurulur, digər tərəfdə isə informasiya cəbhəsində düşmənin havadarları, ermənipərəst qüvvələr sözün əsl mənasında, məhv edilirdi. Bu barədə misallar çoxdur. Almaniyanın ARD telekanalının apardığı müsahibəyə diqqət yetirək. Telekanalın müxbiri sual verir: - "biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?". Prezidentimizin həmin suala çox sərrast, qısa, lakonik, lakin çox dəyərli və bəzilərinin tarixi yaddaşını təzələyən dəqiq cavabı: - "Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir".

Ötən 19 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ problemini bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində tarixi faktlarla dilə gətirib, bu barədə dəfələrlə çox müfəssəl danışıb. Bu zaman kəsiyində dövlətimizin başçısı var gücü ilə çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu dünyada hər kəs bilsin. Məhz belə də oldu, informasiya cəbhəsində əldə olunan nəticələr döyüş meydanındakı qələbələrlə üst-üstə düşdü. Çox qürurlu bir mənzərə yarandı: hər iki cəbhədə qalib Ordunun məğrur, müzəffər Ali Baş Komandanı İlham Əliyev, digər tərəfdə isə ordusu dağılmış, rəzil duruma düşmüş, ordan-burdan yardım diləyən, kömək istəyən Nikol Paşinyan.

Prezidentimizin "əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri bu gün ermənilər üçün artıq qaçılmaz həqiqətdir. Erməni silahlı qüvvələri Qarabağdan çıxarılır, bölgədə sülh çağırışları eşidilir, revanşistlərin törətdiyi təxribatlar isə sönməkdə olan ocağın külünü xatırladır...

Salman ALIOĞLU,

"Respublika".