Vətən həsrətli, sevgi qanadlı şeirlər
Sosial həyat

Vətən həsrətli, sevgi qanadlı şeirlər

Şairlik sənət, peşə deyil, içdən gələn sevgidir. Sözə sevgi. Nə vaxt yarandığı, nə vaxt üzə çıxacağı da bəlli olmaz. İçdə cücərər, bu cücərtilər bir fidana çevrilər, sonra da qollu-budaqlı bir ağac kimi şaxələnər. Bəlkə elə buna görə də söz adamları hərdən geriyə dönüb dediklərinin fərqinə varar, ya xəfif bir utanc hissi keçirib qələmi yerə qoyar, ya da sözlə bağladığı əhdi-peymana sadiq qalıb yoluna davam edər. Bu mənada şairlik həm də zəhmət, əziyyət, “təzə doğulacaq” şeirlərin yükünü çəkməkdir. Elə Əbülfət Mədətoğlunun da dediyi kimi: “Hansısa bir söz Haqdan gəlirsə, onu özün də hiss etmədən öncə yaddaşına, sonra kağıza köçürürsən. Bu iki prosesin arasında sığındığın dörd divar, Allah və O, şahidlik edir. Çünki dünyaya şeir gəlir və onun “göbəkkəsdi”si məhz həmin divarın, Allahın və Onun xeyir-duası ilə gerçəkləşir. Bu mənada mən sizin ixtiyarınıza verdiyim kitabıma öncə dözüm arzu edirəm. Oxucunun iradlarına, istəklərinə dözüm!”

Əbülfət Mədətoğlu 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində doğulub. Respublikanın əməkdar jurnalistidir. Çoxlu sayda nəsr və şeir kitabının müəllifidir. Onun şeirləri Türkiyədə, İranda, Rusiyada çap olunub. “Ədalət” qəzetinin baş redaktorunun birinci müavinidir.

Həmçinin “Qızıl qələm”, “Şahmar Əkbərzadə”, “Məmməd Araz”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” və “Media açarı” mükafatlarına layiq görülüb. Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. İlk mətbu “Kəndim” və “Şorbulaq” şeirləri “Araz” Füzuli rayon qəzetində çap olunub. Bundan sonra “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı” jurnallarında, “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Azərbaycan pioneri” qəzetlərində vaxtaşırı çıxış edib. “Səməni nəğməsi”, “Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Nişanə”, “Ehtiyacın elçi daşı”, “Döymək istədiyin qapılar”, “Allah, məni unutma”, “Ürəyimdəki sənsən” və s. şeir kitabları, “Qəhrəman İbad”, “Zəhmli polkovnik”, “Üfüqdə görünən adam”, “İç dünyamın adamları”, “Mərhəmət və xeyirxahlığa qabil insan”, “Bir ömürdən səhifələr”, “Qovuşan ulduzların nağılı” sənədli povestləri nəşr edilib.

“Dörd divar... Allah, O və Mən” adlı kitabı yeni işıq üzü görüb:

Özüməm, dörd divar, bir də ki, ahım--

Məni ovutmağa cəhd edən kimdi?..

Gedib Allaha da çatıb günahım--

Günahla ölməmi əhd edən kimdi?!

Kitaba daxil edilən şeirlər bölmələrə ayrılmasa da, onların sevgi, vətənpərvərlik ruhu istər-istəməz oxucunu seçim qarşısında qoyur. Əslində bu şeirlərdə mənalar, hiss və duyğular bir məcrada birləşir, bəzən onları bir mətin kimi oxuyursan. Bu isə heç də monotonluğa  gətirib çıxarmır. Bədii üsullardan məharətlə yararlanan şair canlı, zəngin bir mənzərə yaradır, eyni zamanda sözlər arasında semantik keçidlər bir-birinə çulğalaşır.

İlahi eşq... Onun şeirlərinin əksəriyyəti bu ruhda köklənib, oxuyursan, yaxın, doğma, şirin duyğuların sehrinə düşür, ilk tanışlığın, ilk görüşün, ilk qarşılaşmanın iştirakçısına çevrilirsən. Misralar müəllifin bütün nəfəsini, iç dünyasını pıçıldayır sənə. Ürəyin döyünür, çırpınır, şeirlərdəki səmimi etirafların içində sən də ötənlərə dönür, xəyallara dalırsan. Çünki həqiqət, gerçəklik, həyatilik var bu şeirlərdə. Bu məqamda yenə də müəllifin özünə istinad etmək yerinə düşər: “Son söz” əvəzində oxuyuruq: “İnanıram ki, bu kitab yaşadıqlarımın, çəkdiklərimin, xəyallarımın, xatirələrimin dilinə çevriləcək və danışacaq oxucuma mənim bütün iç dünyamı. Bu söhbətin anlayışlı qarşılanacağı birmənalıdır. Çünki bu söhbətin qəhrəmanı da, mövzusu da gerçəklikdir və xoşbəxt bir gerçəkliyin özü kimi oxucularıma üz tuta bilməyimi Tanrı mükafatı hesab edirəm. Çünki sözün yanında olmaq, keşiyində durmaq və sözlə nəfəs alıb, özünü ifadə etmək heç də asan deyil. Bunu bilənlər bilir”.

Bəli, bu gün dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq da asan deyil. Bunun üçün ilk öncə, Vətən övladı kimi onu sevməyi, onun xidmətində durmağı bacarmalısan, əks-təqdirdə sənət də, ədəbiyyat da zamanın sərt sınağına tab gətirə bilməz. “Nədən, niyə və necə yazmaq?” nəzəriyyəsinə şəxsi yanaşmada “Nədən yazırsansa yaz, təki sənin deyiləcək bir sözün olsun və bu sözü ən uyğun bir biçimdə deməyi bacarasan” prinsipinə söykənmək də uğurun yarısıdır.

Düşünürsən, əgər Əbülfət Mədətoğlu öz yaradıcılığında bu kriteriyalara uyğunlaşmasaydı, söz, sənət dünyasında duruş gətirə, özünə oxucu kütləsi qazana bilməzdi. Çünki oxucu yeni nəfəsi, yeni səsi həmişə gözləyir, onu təəccübləndirə, heyrətləndirə bilməsə belə...

Vətən həsrəti, itirilmiş od-ocaq nisgili qürbətdə yaşamaq ağrısı şeirlərinin çoxunun leytmotivini təşkil edir, yaradıcılığından qırmızı xətlə keçir:

Korun-korun, öz odumdan yanırdım,

Öz odumu tək özümün sanırdım,

Qibləm! –deyib, Qarabağı anırdım--

Sən də gəlib duz çilədin yarama...

“Sən də...” adlı şeirində yurd həsrəti çövlan edir, “korun-korun öz odunda yanan” şair yarasına sanki duz çiləyən ilahi musiqi-muğamın təsirindən daha da alışıb-yandığını ifadə edir, yurd-yuvasızlığın acısını yaşayır.

Bu məzmunlu şeirlərinin hər biri həsrətlə yüklənib, yanğıyla köklənib. “Vətən sevdam” şeirində dörd bir yanını cənnət bildiyi Vətəninin seyrinə çağırır, özü-özülə söhbətləşir. Gəzməyə çağırdığı “mənin” qədəminə şehli güllər ələməyə hazır olduğunu və bu gəzintidə onun mütləq “Azərbaycan ölçüdədir ürəyim!” –deyəcəyinə əmindir.

Qarabağı, doğulduğu Xocavəndin Tuğ kəndini görmək istəyi ilə alışıb yanan şair “Vətən səsləyir”, “Mübarəkdi qələbən!”, “Bu günü!”, “Torpaq” və s. şeirlərdə qələbə gününün gətirdiyi sevinc içində Azərbaycan əsgərinə, şəhid anasına ehtiramını ifadə edir, “od olub yandıran, şəhid qanı ilə suvarılan torpağın özünə dönüşün”, Böyük Qayıdışın təminatçısı Ali Baş Komandana minnətdarlıq duyulur:

Soyumu-sətrimi,

Əbədi çətirimi,

Yurd adlı ətirimi,

Od, közümü qaytardın--

Komandan!

“Bir tay pəncərənin şeiri”, “Səhərimin sevgi şeiri”, “Səməni havalı şeir”, “Şam işığında pıçıldayan şeir”, “Rəngli yuxu şeiri”, “Saralan ovqatın şeiri”, “Üzü göyə oxunan şeir”, “19 avqust şeiri”... Bu şeirlər monoloq xarakteri daşıyır, yəni şairin özü ilə söhbəti  və həyatın müəyyən anlarının, yaşanmış ilahi hissin səmimi etirafıdır. Hiss edirsən ki, bu yaşananlar onun həyatında müəyyən iz buraxıb, illər ötməsinə baxmayaraq, hələ də o təsirin altındadır: “Həyatda elə anlar olur ki, ömürə hopur... ömürlüyə çevrilir! Və o anda doğulub, o anda köçürsən!.. Düz 15 ildi mənimlə yol gələn bu şeir oxucu üzünə ilk dəfə çıxır... Sizin üçün necədir? –deyə bilməsəm də, mənim üçün ömürlükdü... Rəngbərəng günlərin, çeşid-çeşid anların içində hər zamanın çiynində bir yük daşıdığını, içində özünə ömürlük etdiyi 19 avqustun yaşadığını, onun taleyinə vurulan möhür olduğunu deyir”.

Şairin bədii təfəkkürünün gücü onun sözişlətmə oyununda, qeyri-adi poetik gedişlər etməsində, sözlə cızdığı əsrarəngiz tablolarla, bənzərsiz təsvirlərlə oxucunu heyrətə gətirməsindədir. Hər halda yenə son söz oxucunun olacaq.

Bizsə, yazımızı kitabın redaktoru Fəridə Rəhimlinin fikirləri ilə bitirmək istəyirik: “Artıq oxucunun olan bu kitab masamızın üzərindədir. Onun dünyaya gəlişi, söz-söz, sətir-sətir özünü ifadə etməsi müəlliflə yanaşı, bir redaktor olaraq mənim də gözlərimin qarşısında baş verib. Şeirlərlə baş-başa qalanda siz bu kitabın özündə nələri ifadə etdiyini hiss edəcəksiniz. Çünki bu kitab həm də sizin duyğularınızın, sevginizin və bir də özünüzlə pıçıltılarınız arasındakı ünsiyyətin real forması kimi sizə doğma olacaq. Bax, buna görə də kitaba öz kitabınız--mənim, sənin, onun və bütövlükdə bizim kitabımız kimi baxacağınıza inanıram. Və nəhayət, müəllifin hər zaman hamımız kimi həsəd apardığı “Bəxtəvər ipəkqurdları, ölür evinin içində” arzusu artıq çin olub. O, Qarabağın azadlığının şahididir. Deməli, artıq ipəkqurduna həsəd aparmağa dəyməz...”

Bir vaxtlar Vətəndən söz düşəndə büzüşüb yumağa dönən--“indi yurdsuz-yuvasızam” –deyən Əbülfət Mədətoğlunun artıq getməyə yeri var!.. Qarabağ!.. Düşünürəm, sənət, söz adamlarının əsl yaradıcılıq yarısı indi başlayır, bundan sonra ilham pərisi ordan pərvazlanacaq --Cidır düzündən!..

 

Zümrüd QURBANQIZI,
“Respublika”.