Vətən fədailəri medallarla təltif olunub
Region

Vətən fədailəri medallarla təltif olunub

Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Birinci Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, Vətən uğrunda canlarından keçməyə hazır olan qazilərimizə öz minnətdarlığını bildirib. Rayon rəhbəri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioriteti olduğunu vurğulayıb.

Qeyd olunub ki, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.

Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 2 tərtərli şəhidin medalları ailə üzvlərinə, 15 nəfər müharibə iştirakçısı və 3 nəfər qazinin medalları isə özlərinə təqdim olunub.

Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.