VƏTƏN BORCU MÜQƏDDƏSDİR
Sosial həyat

VƏTƏN BORCU MÜQƏDDƏSDİR

Vətən müharibəsi şəhidləri - gizir Cəfərli Orxan Etibar oğlunun və müddətdən artıq hərbi qulluqçu İsmayılov Rüstəm Üzeyir oğlunun doğum günü münasibətilə geniş anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, Müdafiə Nazirliyi rəsmilərinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Müdafiə Nazirliyinin rəsmisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətən müharibəsində xalq-ordu birliyindən, təcavüzkar Ermənistanın məğlubiyyətə düçar edilməsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun Zəfər yürüşündən, əsgər və zabitlərimizin qanları və canları ilə hərb tariximizə şanlı səhifələr yazdıqlarından iftixar hissi ilə danışıb. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov bu tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Şəhid Orxan və Rüstəmin yüksək mənəvi keyfiyyətlərindən, peşəkarlıqlarından, şəxsi şücaət və igidlik nümunələri göstərmələrindən danışıb, şəhidin valideynlərinə belə məğrur övlad tərbiyə etdiklərinə görə minnətdarlıq edib. V.Məmmədov qeyd edib ki, bəli, torpaq qanla qarışanda Vətən olur! Vətənin qəhrəman övladlarının torpağa qovuşduğu Şəhidlər Xiyabanı bu gün ən əziz ziyarətgahımıza çevrilib.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Daşkəsəndə səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət edib.

Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də ərazilərimizin düşməndən azad edilməsi uğrunda hər zaman qəhrəmanlıqla döyüşüb, Vətən naminə canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan daşkəsənli gənclərdən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Şəhidlərin valideynləri olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.

Sonra doğum günü qeyd olunan qəhrəman şəhidlərimizin mənalı ömür və şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Vətən borcu kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarını əzmlə yerinə yetiriblər.

Hər iki şəhid Kəlbəcər rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak edərək döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Cəfərli Orxan Etibar oğlu ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, İsmayılov Rüstəm üzeyir oğlu isə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Z.CƏMŞİDOĞLU,

“Respublika”.