Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir
Səhiyyə

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Ölkə Prezidenti İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır, vərəmə qarşı mübarizədə müsbət nəticələrə nail olunaraq digər dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən Təlim mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir. 2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən bu Təlim mərkəzinə "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq cari ildə bu status ikinci dəfə növbəti dörd il müddətinə uzadılıb. Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim mərkəzi dünyada cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində beynəlxalq statusa malik yeganə təlim mərkəzidir.

Bu illər ərzində Təlim mərkəzində ümumilikdə 150-dən artıq yerli və beynəlxalq treninq keçirilərək ümumilikdə 2000-dən çox dinləyici iştirak edib. Beynəlxalq treninqlərdə Qərbi Avropa, Asiya, Afrika, Cənubi Amerika regionlarından və postsovet məkanından 20 xarici ölkənin Ədliyyə, Səhiyyə və Daxili işlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatlarını təmsil edən müxtəlif nümayəndə heyətləri iştirak ediblər. Onlar Bakıya səfərlər edərək vərəmlə mübarizə sahəsində tətbiq olunan modellərlə yaxından tanış olaraq müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.

Qazaxıstanın penitensiar sistemində tibb xidməti sahəsində islahatların aparıldığı nəzərə alınaraq vərəmlə mübarizədə Azərbaycanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkənin Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya Milli Elmi Mərkəzinin direktoru Malik Adenovun Ədliyyə Nazirliyinə müraciətinə əsasən geniş tərkibli nümayəndə heyəti bu günlərdə ölkəmizdə səfərdə olub.

Nümayəndə heyətinə Qazaxıstanın bu sahədə ən təcrübəli mütəxəssisləri, Ftiziopulmonologiya Milli Elmi Mərkəzinin elmi işçiləri, o cümlədən tibb elmləri doktorları və professorları, habelə ictimai səhiyyə və penitensiar sahələrində, beynəlxalq layihələrdə, habelə qeyri-hökumət sektorunda inzibati və vərəmə nəzarət sahəsində çalışan məsul şəxslər daxil olunublar.

Səfər zamanı yerli və beynəlxalq təlimçilər tərəfindən nümayəndə heyəti üçün vərəmə nəzarət proqramı barədə geniş təqdimatlar keçirilib, həmçinin Azərbaycanın penitensiar müəssisələrində bu sahədə ölkəmizin təcrübəsi ilə əyani tanışlıq imkanı yaradılıb.

Bakı istintaq təcridxanasına, 10 saylı cəzaçəkmə və İxtisaslaşmış müalicə müəssisələrinə başçəkmələr zamanı vərəmə nəzarət üzrə görülən işlər, o cümlədən məhbuslar arasında vərəmin aşkarlanması, innovativ texnologiyaların tətbiqi ilə laborator diaqnostika, infeksiyaya nəzarət tədbirlərinə riayət edilməklə mərkəzləşdirilmiş model əsasında müalicə üzrə bir sıra müəssisələrdə həyata keçirilən tədbirlər praktiki olaraq nümayiş etdirilib.

Qeyd olunmalıdır ki, vərəmlə mübarizə sahəsində əldə olunmuş və beynəlxalq aləmdə təqdir olunan nailiyyətlər nəticəsində penitensiar müəssisələrdə vərəmdən ölüm və ona yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə ötən il penitensiar müəssisələrdə vərəmdən ölüm 140 dəfədən çox azalıb. 2010-cu ildə vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsindən sonrakı dövrdə də dövlətimizin siyasi iradəsi ilə bu sahədə islahatlar uğurla davam etdirilərək penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək göstəricilərə nail olunub.

Ölkəmizdə ÜST-nin tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 96 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 88 faiz müsbət nəticələr əldə olunub ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.

AZƏRTAC