Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası
Digər xəbərlər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası

Dünən Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. O, fevralın 3-dən etibarən 107 nəfər vəkilliyə namizəd üçün icbari təlimlərin başlayacağını diqqətə çatdırıb. Sədr tədrisin mürəkkəb olacağını, lakin bunun bacarıqlı və peşəkar vəkillərin hazırlanmasına müsbət təsir göstərəcəyini vurğulayıb. A.Bağırov ölkəmizdə vəkillərin sayının artdığını və bu artıma şəffaf qəbul prosesi nəticəsində nail olunduğunu bildirib.

İclasda, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.

A.Bağırov həmin hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayıb: "Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".

Sədr Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə hakim vəzifəsinə təyin edilmiş vəkillərə fəxri fərmanları təqdim edib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş iki namizəd and içib.

İclasda, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında vəkilliyin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürov hesabat nitqi ilə çıxış edib.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Vəkillər Kollegiyasında görüləcək işlər üzrə Tədbirlər Planı təsdiq olunub. Bildirilib ki, Plan çərçivəsində mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi də nəzərdə tutulub.

Həmçinin iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. "Qanunçuluq" vəkil bürosunun vəkili Ramil Rüstəmovun və Şirvan regional vəkil bürosunun vəkili Emil Quliyevin müraciətləri üzrə intizam icraatının başlanılması məsələsinə baxılıb, lakin vəkillər iclasın gedişində barışdığı üçün icraata xitam verilib.

İclasda, həmçinin dövlət hesabına hüquqi yardımın göstərilməsi zamanı pozuntulara yol vermiş vəkillər barəsində intizam icraatının başlanılması məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunub.

Ü.VAHİDOĞLU,

“Respublika”.