Vəkillər Kollegiyası qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da inkişaf etdirəcək
Digər xəbərlər

Vəkillər Kollegiyası qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da inkişaf etdirəcək

28 Dekabr Vəkil Günü

Heç kimə sirr deyildir ki, insan hüquq və azadlıqlarını, onların müdafiəsini vəkillik institutu olmadan təsəvvür etmək olmaz. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının preambulasında da qeyd edildiyi kimi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Məlum olduğu kimi, milli qanunvericiliyə edilmiş dəyişikliklərin nəticəsi olaraq 2018-ci ildən etibarən ölkəmizdə vətəndaşların məhkəmələrdə təmsil edilməsi məsələsi Vəkillər Kollegiyasının üzvlərinə həvalə olunmuşdur. Eyni zamanda Mülki Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi haqqında müvafiq qanunun tətbiqi barədə Prezidentin Sərəncamına əsasən, ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Ötən müddətdə onlarla qəbul imtahanları keçirilmişdir.

Vəkilliyin yeni inkişaf mərhələsinə təkan vermiş dövlət başçısının 22 fevral 2018-ci il tarixli Sərəncamında dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər öz əksini tapmışdır. Sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır.

Sərəncama əsasən, regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılmış, müvafiq binalarla təmin edilmiş, müasir İKT-nin imkanlarından yararlanmalarına dəstək göstərilmiş, bir çox bürolar əsaslı təmir edilmiş, maddi-texniki avadanlıqlarla təchiz edilmiş, regionlarda vəkillərin sayı bir neçə dəfə artırılmış, aylıq üzvlük haqları Bakıdakı vəkillərlə müqayisədə azaldılmış və onların fəaliyyətlərinin stimullaşdırılması üçün müxtəlif tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılmışdır. Bununla yanaşı, Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi təxminən 3500 kvadratmetr olan bina ayrılmışdır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini, 1 milyondan çox vəkili özündə birləşdirən, Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılan və Avropa hüquq peşəsinin səsi kimi tanınan CCBE təşkilatına böyük səs çoxluğu ilə üzv qəbul olunması son 4 ilin ən böyük uğurlarından    biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir.

Hazırda vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması, yəni Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində də üzv kimi fəaliyyət göstərirlər. Həmçinin bu gün Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər.

Dövlət başçısının "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə" imzaladığı Fərmanla illərdir vəkilləri narahat edən daha bir məsələ öz həllini tapmışdır. Aparılan müzakirə və edilən müraciətlər nəticəsində vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20%-dən 10%-ə endirilməsini nəzərdə tutan Qanun 2 iyun 2020-ci il tarixində təsdiq olunmuşdur. Dövlət başçısının 7 noyabr 2017-ci il tarixli sərəncamları ilə Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa dəyişikliklər təsdiq edilmiş və həmin sərəncamlarla vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksəkkeyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması qət olunmuşdur.

Vəkillərin təşəbbüsləri, müxtəlif hüquq sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, Vəkillər Kollegiyasının nəzdində "Biznes hüququ", "Əmək hüququ", "Elektron vəkillik", "Kibercinayətkarlıq və kibertəhlükəsizlik" və "Mübahisələrin alternativ həlli üzrə" komitələri təsis edilmişdir. Eyni zamanda qadın vəkillərin cəmiyyətdə rolunun artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu və qadın hüquqşünasların vəkilliyə marağının artırılması məqsədilə Azərbaycan Qadın Vəkillər Alyansı yaradılmışdır.

Kollegiya tərəfindən ölkəmizin mövcud qanunvericiliyi, habelə beynəlxalq təcrübə, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyası məsələləri nəzərə alınmaqla, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmişdir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyətinə aid olan məsələlərdən biri də metodik tövsiyələrin hazırlanmasıdır. Belə ki, ildə bir neçə dəfə "Azərbaycan vəkili" jurnalı, BMT, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və sair beynəlxalq təşkilatlarla birgə "Vəkilin cinayət işində müdafiə fəaliyyəti" metodik vəsaiti, "Vəkil məsləhətləri" toplusu, Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi/təlimat, "Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri" adlı kitab, BMT İnkişaf Proqramı ilə birlikdə "Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım" bələdçi, "Hüquq və mən" məktəblilər üçün qanunlar və məhkəmələr haqqında bələdçi və "Hüquq və mən" məktəblilər üçün işçi dəftər də daxil olmaqla, müxtəlif hüquq sahələrinə aid kitablar, metodik vəsaitlər, təlimatlar, tövsiyələr, dərs vəsaitləri və sair hazırlanaraq dərc edilmiş və hüquq ictimaiyyətinin istifadəsinə pulsuz verilmişdir. Demək olar ki, Kollegiyanın bütün fəaliyyət istiqamətləri üzrə qaydalar, təlimatlar hazırlanmış və hər biri rəsmi veb-saytda ictimaiyyət və əlçatanlıq üçün dərc edilmişdir.

Eyni zamanda qeyd edilməlidir ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərin rastlaşdıqları problemlərə operativ reaksiya verərək onların qarşılaşdıqları çətinliklərin həllinə öz dəstəyini göstərməkdədir.

Kollegiyanın rəhbərliyi təkcə peşə fəaliyyəti ilə bağlı deyil, eyni zamanda vəkillərin şəxsi problemlərinin həllinə də dəstək göstərir. Rəyasət Heyətinin müvafiq qərarları ilə ötən dövr ərzində müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla vəkilə maddi yardım göstərilmişdir. Bundan əlavə, 249-dan çox vəkil analıq məzuniyyəti, təhsil və digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilmişdir. Həmçinin İkinci Qarabağ müharibəsində iştirak etmiş Vəkillər Kollegiyasının 9 üzvü 2021-ci il üzrə ödənilməli olan üzvlük haqqından azad edilmiş, hər birinə maddi yardım verilmiş, eyni zamanda Rəyasət Heyəti tərəfindən tibbi-sosial reabilitasiyası məqsədilə müalicəyə göndərilmişdir.

Koronavirus pandemiyası dövründə karantin rejimi nəzərə alınmaqla, "Legalaid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir. "Legalaid"in yaradılmasında başlıca səbəb vətəndaşların günün istənilən vaxtında və yerindən asılı olmayaraq onlayn, rahat və keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək və vətəndaşlara ilkin ödənişsiz hüquqi yardım göstərməkdir.

2018-ci ildən başlayaraq Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə, yəni 14 il ərzində 5 yazılı test imtahanı keçirilməklə, vəkillərin sayı 931 nəfər təşkil etmişdir. Lakin son 4 il yarım ərzində isə 9 yazılı test imtahanı keçirilmiş və vəkillərin sayı 2.5 dəfədən çox artırılaraq 2 min 237 nəfərə çatdırılmışdır.

Ümumilikdə isə 4 min 87-dən çox hüquqşünas bu imtahanlarda iştirak üçün müraciət etmişdir. Hazırda ölkədə 1 835 kişi, 402 qadın vəkil var. Vəkillərin 1 767 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır.

Eyni zamanda Rəyasət Heyətinin qərarı ilə vəkil vəsiqələrinin yeni forması hazırlanaraq vəkillərin istifadəsinə verilmişdir. İlk dəfə olaraq vəkil köməkçilərinə 3 il müddətinə etibarlı olan vəkil vəsiqəsinin verilməsi də nəzərdə tutulmuşdur. Qeyd edək ki, hazırda 210 nəfər vəkil köməkçisi fəaliyyət göstərir.

Bundan başqa, vəkillikdə innovasiyaların tətbiqi hər zaman xüsusi həssaslıqla yanaşılan məsələlərdən biri olmuşdur. Vətəndaşların hüquqi yardıma əlçatanlığını təmin etmək üçün Vəkillər Kollegiyasının rəsmi saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmış və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir. Hər bir vəkil üçün elektron kabinet istifadəyə verilmiş və həmin kabinetlər "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunmuşdur.

Kollegiyanın rəsmi sənədlərinin və vəkillərə aid sənədlərin dövriyyəsi həmin elektron kabinet üzərindən həyata keçirilir. Göndərilən yeni sənədlər və məlumatlar barədə vəkillər sms və e-poçt vasitəsilə də məlumatlandırılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti fəaliyyətə başladığı zamandan etibarən vəkilliyə qəbulla bağlı sənəd qəbulu elektronlaşdırılmışdır. Hazırda bu daha da təkmilləşdirilir və veb-sayt üzərindən müvafiq platforma vasitəsilə də namizədlərin onlayn qaydada sənədlərini göndərməsi mümkün olacaqdır. Kollegiyanın Aparatı daxilində sənəd mübadiləsinin elektronlaşdırılması çərçivəsində vəkillərin şəxsi işləri də elektronlaşdırılaraq elektron baza yaradılmışdır. Həmçinin qeyd etmək istərdik ki, artıq ödənişsiz hüquqi yardımlar - yəni "Pro Bono"lar ənənəvi qayda ilə yanaşı, onlayn formada da aparılır.

Bundan başqa, ötən dövrdə "Davamlı tədris üzrə" elektron platforma vəkillərin istifadəsinə təqdim olunmuşdur. Beləliklə, regionlardakı vəkillərin paytaxta gəlmədən onlayn qaydada kurslarda iştirakı təmin edilmiş və sonda onlar üçün onlayn qiymətləndirmə keçirilməsi təmin olunmuşdur. Həmçinin vəkil sorğularının elektron formada əldə olunması üzrə müvafiq qurumlarla hazırda işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə "Elektron vəkil orderi" platforması da istifadəyə veriləcəkdir.

Beynəlxalq əməkdaşlıq məsələsinə gəldikdə isə deyə bilərik ki, əvvəlki illərlə müqayisədə 2018-ci ildən başlayaraq bu sahədə mühüm uğurlar əldə edilmişdir. BMT-nin çoxsaylı ixtisaslaşmış qurumları, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, GİZ, ayrı-ayrı ölkələrin Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri, həmçinin müxtəlif qitələrdəki bu təşkilatların beynəlxalq birlikləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və Ticarət Palataları ilə əməkdaşlıq münasibətləri qurularaq möhkəmləndirilmişdir. Eyni zamanda vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu təşkilatların tövsiyələri ilə "Vəkillərin davranış qaydaları haqqında" Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər təkmilləşdirilmişdir. Daha sonra "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş təkliflər nəzərə alınmışdır. Həmçinin Vəkillər Kollegiyası Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinə həmtəsisçi və üzv, daha sonra Beynəlxalq Vəkillər Assosiasiyasına, Asiya və Sakit Okean Hüquq Assosiasiyasına, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına və Avropa Vəkillər Assosiasiyasına üzv seçilmişdir.

Xüsusilə qeyd edilməlidir ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır. 4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və 13 may 2022-ci il tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlardan sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə üzv qəbul olunmuşdur. CCBE təşkilatına üzv olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək, Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır və son 4 ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.

Vəkillər Kollegiyası öz missiyasına sadiq qalmaqla  insanlarımıza xidmət, qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.

Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və hüququn bir çox sahələrini əhatə edən mütərəqqi məhkəmə-hüquq islahatları vəkillik sahəsində də  davam etdirilir və etdiriləcəkdir.

2022-ci ildə Avropa Şurasının Hüquqi əməkdaşlıq üzrə Avropa Komitəsinin yeni təsis edilmiş alt qurumu olan vəkillərin müdafiəsi üzrə Ekspertlər Komitəsinin Strasburqda hibrid formada keçirilən ilk iclaslarında Vəkillər Kollegiyası nümayəndələrinin də təmsil olunma imkanı əldə edilmişdir. Bundan başqa, Kollegiyanın təqdimatı əsasında Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinə üzv seçilmişdir.

 

Gənc hüquqşünasların vəkilliyə marağının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu mənada Vəkillər Kollegiyasının Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti ilə bağlanmış əməkdaşlıq sazişləri uğurlu təşəbbüs kimi qiymətləndirilə bilər. Həmin əməkdaşlıqlar çərçivəsində, Kollegiyanın maddi dəstəyi ilə DİA-da "Hüquq ədəbiyyatı kitabxanası" yaradılmış, kitabla təmin edilmiş, o cümlədən universitetlərlə birgə elmi-praktiki konfrans keçirilmiş və müxtəlif layihələr və proqramlar icra edilmişdir.

Eyni zamanda tələbələrin həm könüllü formada, həm də ali təhsil müəssisələrinin istehsalat təcrübəsi ilə bağlı müraciəti əsasında vəkil qurumlarında peşəkar təcrübə keçmələri təmin olunur. Son illər ərzində edilən müraciətlərə əsasən, ümumilikdə 235 tələbə təcrübəyə cəlb olunmuşdur. Onlardan 120 nəfəri ali təhsil müəssisələrinin müraciəti, 115 tələbə isə fərdi müraciət əsasında bir neçə aylıq təcrübə proqramlarında iştirak etmişlər. Həmçinin ölkədə ilk dəfə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ildə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi 1 aylıq Yay Məktəbi təşkil olunmuşdur. Keçirilmiş "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim edilmiş, fərqlənmə ilə bitirən 36 tələbə isə bölgələrdə təşkil olunmuş yay düşərgəsində iştirak etmişdir.

Vəkillər Kollegiyası tələbə təşkilatları ilə də səmərəli əməkdaşlıq edir, onların inkişafına dəstək göstərir. Belə ki, Dövlət İdarəçilik Akademiyasının Hüquq Klubunun məhkəmə simulyasiya üzrə layihəsinə maddi yardım edilmiş, həmçinin BDU "Sabah" qrupunun tələbələrinin məhkəmə müsabiqələri də daxil olmaqla, ali təhsil müəssisələrinin daxili tədbirlərinə, tələbələrin digər təşəbbüslərinə müxtəlif formalarda dəstək edilmişdir. Hər il Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə tərəfdaşlığa uyğun olaraq ADA Universitetində də Məhkəmə Müsabiqələri təşkil olunur.

Kollegiya və ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ELSA hər il 3 instansiya məhkəmələrində Milli Məhkəmə, Arbitraj Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda səhnələşdirilmiş məhkəmə müsabiqələri təşkil edir və final mərhələ təntənəli şəkildə Ali Məhkəmədə keçirilir.

Bu müsabiqələr zamanı kazusların hazırlanması, çoxsaylı təlimlərin təşkil olunması birbaşa vəkillər tərəfindən aparılır, habelə Kollegiyanın müraciəti əsasında məhkəmələrdə real hakimlərin iştirakı təmin edilir. Bundan başqa, Hüquqi Yardım və Tədris Mərkəzinin inzibati binası və bir neçə vəkil bürosunda vəkillərin təlimçi kimi iştirakı ilə 44 təlim, vörkşop, panel müzakirə, "Career Talks" - "Karyera Söhbətləri", müştəri konsultasiya müsabiqələri, kampaniyalar, iclaslar baş tutmuşdur.

Vəkillər Kollegiyası məktəblilər üçün də layihələr həyata keçirir. GİZ ilə əməkdaşlıq çərçivəsində Kollegiya respublikamızın 10 orta məktəbində "Hüquq və Mən" layihəsi keçirmişdir. Eyni zamanda ADA Universiteti gənclərinin təşəbbüsü və Vəkillər Kollegiyasının maddi-akademik dəstəyi ilə Bakı və Gəncədə çoxsaylı məktəblərdə yüzlərlə şagird üçün "Voice of law" hüquqi maarifləndirmə layihəsi həyata keçirilmişdir.

Kollegiya və ümumən vəkil peşəsi üçün taleyüklü məsələlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun müasirləşdirilməsidir və bu sahədə islahatların aparılmasıdır. Məhz bu istiqamətdə son dönəmlər Vəkillər Kollegiyası aidiyyəti dövlət orqanlarının iştirakı ilə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər aparmaqdadır. Hesab edirik ki, son illər fəaliyyətimiz zamanı rast gəldiyimiz çətinliklərin hamısı qanunun yenilənməsini, müasirləşdirilməsini tələb edir. Qanun şərti olaraq canlı bir orqanizmdir. O da daim yenilənməli, təzələnməlidir, bugünkü günün tələblərinə cavab verməlidir. Demək olar ki, qanunun bir çox müddəalarına, maddələrinə dəyişikliklərin edilməsi gərəkdir. Burada Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qəbul, vəkillərin intizam icraatı, Kollegiyanın funksiyaları, fəaliyyəti bir çox məsələlər var ki, əminik ki, son nəticədə həm vəkillərimiz üçün, həm də onların xidmətlərindən yararlanan insanlarımız üçün arzuolunan nəticələr ərsəyə gələcəkdir.

Təbii ki, qeyd olunanlar vəkillik sahəsində son dövrlər görülmüş işlərin çox az bir hissəsini əhatə etməsinə baxmayaraq, Vəkillər Kollegiyası öz missiyasına sadiq qalmaqla insanlarımıza xidmət, qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.

Beləliklə, bu gün ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və hüququn bir çox sahələrini əhatə edən mütərəqqi məhkəmə-hüquq islahatları vəkillik sahəsində də davam etdirilir və etdiriləcəkdir.

Sonda fürsətdən istifadə edərək xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Anar BAĞIROV,

Azərbaycan Respublikası Vəkillər

Kollegiyası Rəyasət Heyətinin sədri,

Məhkəmə-Hüquq Şurasının üzvü.