Vedinin sarı torpaq yolları...
Region

Vedinin sarı torpaq yolları...

Sadə, səmimi, ziyalı xanım Fəqət Şadlinskaya tanınan və seçilən ictimai xadimdir, həyat yolu sevib-seçdiyi jurnalistika ilə bağlı olub, yaşadığı rayon, onun zəhmətkeş insanları haqqında yazdığı yazılar qəzetlərdə dərc olunub, sonra dövlət işlərində çalışıb, uzun illər ərzində Bərdə Rayon İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində çalışıb.

Taleyi elə gətirib ki, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiyaya uğrayan bir ailənin gəlini olub, onların çəkdiyi ağrıları onlarla birgə yaşayıb. Bir neçə il əvvəl onun qayınanası, respublikanın Əməkdar müəllimi, "Şərəf nişanı" ordenli Xırda Şadlinskaya ilə həmsöhbət olmuşam, onların üzləşdikləri deportasiya və faciələrlə bağlı çoxlu söhbətlərimiz olub və bu faciə haqqında gücüm çatan qədər yazılar dərc etdirmişəm. Rəhmətlik Xırda xanım danışırdı ki, əmim Abasqulubəy Şadlinski erməni daşnaklara qarşı çox ciddi mübarizə aparıb, daşnak Andranikin qoşunlarının məhv edilməsində şücaət göstərib, Vedibasar mahalının və digər mahalların əhalisinin erməni təcavüzündən qorunmasında qəhrəmanlıq göstərib. Təəssüf ki, deportasiya vaxtı Abasqulubəyin məzarı Böyük Vedi kənd məktəbinin həyətində qaldı, Şadlinskilərin indiki nəsli bunu ürəkağrısı ilə dilə gətirir. Xırda xanım danışırdı ki, əmim Abasqulubəy öldürüləndə dörd yaşım var idi. Qərbi Azərbaycandan ailəsi ilə birlikdə didərgin düşən Xırda xanım uzun illər müəllim işləyib, gənc nəslin təlim-tərbiyəsində böyük əmək sərf edib.

Həmsöhbətim, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya xatırlayır ki, qayınatam və qayınanam uzun illər ərzində hər səhər yuxudan duranda Vedini xatırlayır, o mahalın sarı torpaq yollarından danışır, doğma yurdun həsrətini göz yaşları içərisində dilə gətirirdilər. Fəqət xanım söhbətinə davam edərək deyir:

- Tarixin saxtalaşdırılması mənfur Ermənistanın ikrah doğuran hiyləgərliyi və ən bağışlanmaz mənfur hərəkətidir. Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev həmişə bu çağırışı edirdi ki, gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. Ümummilli lider çox böyük uzaqgörənliklə tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasının, gələcək nəsillərə çatdırılmasının qarşımızda əsas vəzifə olduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olmasında da əsas məqsəd elmi ictimaiyyətin qarşısında duran vəzifələrin müzakirəsi və onlara nail olmağın yollarının göstərilməsi idi. Həmin görüşdə bir daha bəyan edildi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Çoxəsrlik tariximizi özündə əks etdirən kitablar çap olunmalı, müxtəlif dillərə tərcümə edilməli, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Ümummilli liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin tariximizə bağlılığı, qorunması və gələcək nəsillərə çatdırılması çağırışı atdığı addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş yığıncaqda bildirib ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: "Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. "Erməni alimləri" xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurmalar əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir".

Dövlət başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələrini vərəqləyərək Azərbaycan xalqının ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı siyasətinə məruz qaldığını bildirdi, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan etdi. Bu mühüm hadisəyə diqqət yönəldildi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Ona görə buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmaq haqqında öz dəyərli tövsiyələrini bildirdi: Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.

Qarşıya qoyulan əsas hədəflərdən biri də tarixi həqiqətlərlə bağlı kitabların yenilənməsidir. Həmin kitablar bütün dillərə tərcümə edilməlidir. Təbii ki, bu, təbliğat işinin miqyasının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. İldə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsinin əhəmiyyəti haqqında öz təkliflərini çatdıran dövlətimizin başçısı dost ölkələrin alimlərinin, arxeoloqlarının, tarixçilərinin təşkil ediləcək konfranslara dəvət edilməsini ən vacib amil kimi diqqətə çatdırdı. Görülən və görüləcək işlərə söykənərək bir daha bu əminlik ifadə edildi ki, biz Qərbi Azərbaycana qayıdacağıq.

Söhbəti yazdı:

Salman ALIOĞLU,

"Respublika".