Vaqif Poeziya Günləri çərçivəsində simpozium
Mədəniyyət

Vaqif Poeziya Günləri çərçivəsində simpozium

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də Şuşada simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumda ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son 30 ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin bənzərsiz yaradıcılığından söz açılıb.

Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi bildirib ki, ədəbiyyatşünas alimlərin və gənc şairlərin iştirakı ilə təşkil olunmuş bu simpozium gələcəkdə keçiriləcək tədbirlər üçün bir istiqamət göstərir. “Belə görüşlər ədəbiyyatımız qarşısında yeni üfüqlər açır. Gələcəkdə belə tədbirlərin daha geniş formatda təşkil ediləcəyi nəzərdə tutulur”, - deyə İlqar Fəhmi vurğulayıb.

Simpoziumda çıxış edən akademik Nizami Cəfərov Vətən müharibəsində qazanılan Qələbədən sonra elmimizin, mədəniyyətimizin inkişafında mühüm işlər görüldüyünü vurğulayıb. Akademik bildirib ki, Qarabağ ədəbi mühiti dedikdə, ilk növbədə, göz önünə Vaqif gəlir. Qarabağın çox böyük ədəbi mühiti olub, vaxtilə burada ədəbi məktəblər fəaliyyət göstərib. Belə simpoziumlar bu ənənələrin bərpasına təkan verəcək.

Şair Adil Cəmil isə bu cür ədəbi tədbirlərin işğaldan azad edilmiş digər şəhərlərimizdə də təşkilinin vacibliyini söyləyib.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu çıxışında bu tədbirlərin ona xoşbəxt günlər yaşatdığını deyib. Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu vurğulayan alim müasir tariximizin Qarabağdan başlandığını diqqətə çatdırıb. Bildirib ki, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olub. Bu mövzuda gələcəkdə də dəyərli əsərlər yaradılacaq.

Simpoziumda çıxış edən yazıçı-publisist Mustafa Çəmənli Qarabağın tarixindən danışıb, gələn il Şuşanın 270 illiyinin keçiriləcəyini deyib. O, Şuşanın əsasını qoymuş Pənahəli xan üçün abidə ucaldılması barədə arzusunu dilə gətirib.

“Ədəbiyyat” qəzetinin bas redaktoru Azər Turan belə tədbirlərin yeni əsərlərin yazılmasına təkan verəcəyini, Vaqif külliyyatının yenidən nəşr olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir Molla Pənah Vaqifin ədəbiyyatımız qarşısında xidmətlərindən danışaraq, şairin məqbərəsinin açılışını və poeziya günlərini ədəbiyyatımız və tariximiz üçün yeni dövr adlandırıb. Vurğulayıb ki, belə tədbirlər yaxın vaxtlarda Şuşanın dünya şəhərinə çevriləcəyini göstərir.

Sonda bildirilib ki, belə tədbirlər növbəti illərdə daha geniş formatda təşkil olunacaq.

AZƏRTAC