Valyuta  ehtiyatlarının artımı düşünülmüş siyasətin real nəticəsidir
İQTİSADİYYAT

Valyuta  ehtiyatlarının artımı düşünülmüş siyasətin real nəticəsidir

Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi  və aparılan uğurlu iqtisadi inkişaf kursu valyuta ehtiyatlarının formalaşmasına da imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Milli Neft Strategiyasının reallaşmasının davamı olaraq atılan məqsədyönlü addımlar XXI əsrin ikinci onilliyində də ölkənin strateji valyuta ehtiyatlarının artımını təmin etmişdir. Tədiyyə balansının profisiti hesabına Azərbaycanın strateji valyuta ehtiyatları son 10 ildə 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatmış və bu rəqəm bütövlükdə ölkənin ÜDM-ni üstələyir. Makroiqtisadi və məzənnə sabitliyi baxımından son on il ərzindəki dövrün mürəkkəbliyinə  baxmayaraq, 2020-ci ilin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6,5 milyard ABŞ dolları həcmində qorunub saxlanılmışdır. Şübhəsiz ki, Azərbaycanın strateji valyuta ehtiyatları ölkədə makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlılığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsində mühüm rol oynamaqla yanaşı, ölkənin iqtisadi zənginliyində və etibarlı tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasında da mühüm rol oynayır.

Ölkənin strateji valyuta ehtiyatlarının artması onun təhlükəsiz və səmərəli idarə edilməsi məsələsini daha da aktuallaşdırmışdır. Son onillik ölkənin valyuta ehtiyatlarının  idarə edilməsi təcrübələrinin formalaşdırılması, idarəetmə çərçivəsinin və infrastrukturunun təkmilləşdirilməsi, eləcə də dünyanın aparıcı maliyyə institutları ilə qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi baxımından da intibah dövrü kimi səciyyələnir. Son 10 ildə ölkənin strateji ehtiyatlarının valyuta, alət və coğrafi diversifikasiyası genişləndirilməklə təhlükəsiz və likvid saxlanılması təmin edilmiş, habelə, investisiya gəlirləri hesabına artırılmasına nail olunmuşdur. Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci il iyun ayının sonuna 51,9 milyard ABŞ dolları təşkil edir ki, bunun da 44,1 milyard dollarını Neft Fondunun vəsaitləri, 6,5 milyardını Mərkəzi Bankın valyuta ehtiyatları və 1,3 milyardını Maliyyə Nazirliyinin vəsaitləri təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə danışarkən vurğulayıb: “Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord hədəfə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxtkı, dünya bazarında neftin qiyməti dörd dəfə düşmüşdü, yenə də biz valyuta ehtiyatlarını artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitlərimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm də iqtisadi sahədə, biznesin inkişafı baxımından”.

Ölkənin strateji valyuta ehtiyatlarının çoxalması, ilk növbədə, kredit reytinqinin yüksəlməsinə təsir etmişdir. Belə ki, valyuta ehtiyatlarının artması xarici investorlar üçün ölkənin cəlbediciliyini artırmışdır. Həmçinin, valyuta ehtiyatlarının sürətlə artması ölkənin ödəniş qabiliyyətli olması, öhdəliklərin vaxtında yerinə yetirilməsi deməkdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü “makroiqtisadi bufer” formalaşdıran amildir. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında qeyd olunur ki, Azərbaycan hökuməti strateji valyuta ehtiyatlarının idarə olunması istiqamətində çevik siyasət yürüdür. Bu siyasət dünyada maliyyə böhranının davam etdiyi dövrdə böyük valyuta ehtiyatlarına malik ölkə üçün böhranın hər hansı təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir. Beynəlxalq maliyyə institutları Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradıldığını, maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində çevik iqtisadi addımların atıldığını, ümumilikdə, valyuta bazarının bütün seqmentlərində inkişaf templərinin müşahidə olunduğunu bəyan ediblər. Bu tendensiya valyuta ehtiyatlarının artması ilə bərabər, həm də milli valyutanın-manatın aktiv siyasət aləti kimi nüfuzunun artmasına imkan yaradır.

Valyuta ehtiyatlarının güclənməsi həyata keçirilən islahatların uğurla aparılmasını şərtləndirir. Ölkəmizdə son illər minlərlə yeni iş yerlərinin açılması bunun bariz ifadəsidir və bu iş yerlərinin 27 faizi qeyri-neft sektorunda olub. Bununla yanaşı, Azərbaycanın valyuta ehtiyatlarının artmasına yeni yaradılan sənaye zonaları da mühüm təsir göstərib. İndiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox iş yeri yaradılıb. Prezidentin tövsiyəsi ilə kənd təsərrüfatı sektoruna da kapital qoyuluşu artıb. İndi regionlarda aqroparklar və iri fermer təsərrüfatları yaradılır.

Son 10 ildə Azərbaycanın valyuta ehtiyatları bir neçə il istisna olmaqla (neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə əlaqədar) dinamik artımla müşayiət olunub. Belə ki, Azərbaycanın valyuta ehtiyatları 2010-cu ildə 27 778,4 milyon, 2011-ci ilin on ayında 39 185,8  milyon, 2012-ci ilin on ayında 44 698,9 milyon, 2013- cü ildə  49 071,9 milyon, 2014-cü ildə 52 347,7,  2015-ci ildə 41 752,8, 2016-cı ildə 39 954,8 milyon, 2017-ci ildə 41 187,5 milyon, 2018-ci ildə 44 522,2 milyon, 2019-cu ildə 44 140,9 milyon ABŞ dolları olmuşdur. Azərbaycanın valyuta ehtiyatları 100 dəfədən çox artmışdır (son 15 ildə). Hazırda ÜDM-in 70 faizi həcmində strateji valyuta ehtiyatı formalaşmışdır ki, bu göstəricilərə görə Azərbaycan dünyada ilk 15 ölkə sırasındadır.

Bu gün Azərbaycanda strateji valyuta ehtiyatlarının artmasının dinamik xarakter alması Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində  aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı sürətdə inkişaf etsin, bir sektordan-neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”.

Əli SADIQOV,

“Respublika”.