Valeriy Kolyux: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini görmək çox xoşdur
MÜSAHİBƏLƏR

Valeriy Kolyux: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini görmək çox xoşdur

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini görmək çox xoşdur. Azərbaycan dövləti münaqişənin aktual olduğu bütün mərhələlərdə onun danışıqlar yolu ilə həllini prioritet seçdiyini dünyaya nümayiş etdirib. Bununla bərabər, münaqişənin hərbi yolla həlli məsələsini də özünün müstəsna hüququ olduğunu vurğulayıb. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi Ukrayna üçün olduqca həssas mövzudur. Beynəlxalq hüququn normalarını rəhbər tutan beynəlxalq təşkilatlar və dövlətlər daim Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Bu, Ukrayna dövlətinin də xarici siyasətində dəyişməz mövqe kimi yer tutub.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunması sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirən Valeriy Kolyux qeyd edib ki, 30 illik işğaldan sonra buna nail olmaq xalqın və onun rəhbərinin birgə iradəsinin nəticəsidir.

Azərbaycana səfər müddətində Ukrayna nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə olacağını deyən Kolyux deyib ki, məqsəd bu torpaqlarda törədilən dağıntıların və aparılan quruculuq-bərpa işləri ilə tanış olmaqdır. Bütün dünya kimi, Ukrayna da işğaldan azad edilmiş ərazilərdə aparılan işləri maraqla izləməkdədir.

Ukrayna parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko bu səfərin ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi, indiyədək qurulmuş əməkdaşlığın inkişafına kömək edəcəyinə töhfə verəcəyinə əminliyini bildirib. Paytaxtımızla bağlı fikirlərini bölüşən Kreydenko deyib: "Paytaxt Bakı qonaqpərvərliyi ilə bərabər, gözəlliyi ilə də bizi heyrətləndirdi".

AZƏRTAC