VAKSİNASİYA ZAMANIN TƏLƏBİDİR
Region

 VAKSİNASİYA ZAMANIN TƏLƏBİDİR

Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının (COVID-19) yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Yardımlı rayonunda maarifləndirmə və təbliğat işləri, profilaktik tədbirlər mütəmadi qaydada aparılır.

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar tapşırıq və göstərişlərinə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

İcra başçısı Ayaz Əsgərovun rəhbərliyilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin yoxlanılması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə mobil qruplar tərəfindən müntəzəm reydlər təşkil olunur.

Ticarət, iaşə və xidmət obyektlərində keçirilən reydlərdə, həmçinin maarifləndirmə tədbirlərində vətəndaşlara zərurət olmadan digər şəxslərlə təmasdan uzaq olmaları, maska taxmaları, şəxsi gigiyena qaydalarına əməl etmələri tövsiyə  olunur.

Rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə Yardımlı şəhərinin prospekt və küçələrində, dövlət müəssisələrində, yaşayış binalarında, ticarət və xidmət obyektlərində, əhalinin sıx toplaşdığı yerlərdə, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı konteynerlərdə növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Rayonda vaksinləşmə prosesi geniş vüsət alıb. Əhali ilə aparılan  maarifləndirici söhbətlər gözəl nəticə verir, -deyə Yardımlı mərkəzi rayon xəstəxanası publik hüquqi şəxsin direktoru Rasim Əkbərov vaksinləşmənin gedişi barədə dedi: “Rayonda 69 minə yaxın əhali yaşayır. Bunlardan 46700 nəfərin yaşı 18-dən yuxarıdır. Vaksin olunanların ümumi sayı 48951 nəfərdir. Birinci doza alanların sayı 21266 nəfər, hər iki doza vurulanların sayı 27685 nəfərdir. Rayon üzrə peyvəndlənmə faizi 60-a çatır.

Vaksinləşməni sürətləndirmək məqsədilə iki səyyar və stasionar qrup yaradılıb. Səyyar qruplar qrafik əsasında rayonun ucqar kəndlərində əhali arasında peyvəndlənmə aparır. Eyni zamanda vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün çox vacib, əhəmiyyətli olduğu və dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunur. Görülən tədbirlərin nəticəsində koronavirus infeksiyasına yoluxanların sayı minimuma enib. Aşkar olunmuş 20 aktiv xəstə müalicəyə cəlb edilib.

Əsas məqsəd insanları bu qorxulu infeksiyadan qorumaqdır. Rayonun səhiyyə işçiləri pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndirir, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır”.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.