Vaksinasiya olunmayan vətəndaşlara COVİD-19 pasportu satan şəxslər saxlanılıb
Digər xəbərlər

Vaksinasiya olunmayan vətəndaşlara COVİD-19 pasportu satan şəxslər saxlanılıb

Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVİD-19 pasportu satmaları müəyyən olunub.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta COVİD-19 pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.

İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfərə belə saxta sənəd satdıqlarını etiraf ediblər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş COVİD-19 pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC