Vacib məsələ: ABŞERONUN SAHİLBOYU QAYALIQLARININ DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI
Elm və təhsil

Vacib məsələ: ABŞERONUN SAHİLBOYU QAYALIQLARININ DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI

Azərbaycan Respublikasının 825 kilometrlik Xəzər dənizi sahilləri zəngin və cəlbedici təbii ekosistemləri ilə məşhurdur. Burada narın, zərif qumlardan ibarət çimərliklər, suyun və küləyin təsiri ilə oyularaq müxtəlif fiqurlara bənzəyən özünəməxsus qayalıqlar, zəngin biomüxtəlifliyə malik bataqlaşmış sahillər, dənizin geoloji yaddaşını özündə əks etdirən terraslar və s. minillər boyu inkişaf edərək formalaşmış, xalqımızın iqtisadi, sosial, mədəni və dini yaşam tərzində silinməz izlər buraxmışdır.

Bu cəhətdən Abşeron sahilləri öz təbii gözəllikləri və əlverişli mövqeyi ilə seçilir. Respublikamızın ən böyük Bakı şəhər aqlomerasiyasının burada yerləşməsi bu sahillərin turizm-rekreasiya dəyərini daha da artırır. Şəhər əhalisinin həftəsonu qısamüddətli dincəlməsi üçün Abşeron sahilləri xüsusilə çox qiymətlidir. Sahilboyu gözəlliklər arasında möhtəşəmliyi baxımından qayalıqlar xüsusilə fərqlənir. Sahil zolağında milyon illər ərzində yerin daxili və xarici qüvvələrinin birgə təsiri ilə formalaşmış unikal təbii relyefə malik qayalıqlar mövcuddur. Sahil zolağında qayalıqlar 10 km-lərlə məsafədə uzanan ərazini əhatə edərək, təbii sərvət və təbiət abidəsi olmaqla yanaşı, unikal ekosistem əmələ gətirmişdir. Belə ərazilər daha çox Goradil-Nardaran, Bilgəh-Buzovna, Şüvəlan-Dübəndi və Bibiheybət sahillərində daha çox yayılmışdır. Bu ərazilər dəniz səviyyəsinin dəyişməsinə müvafiq olaraq müxtəlif canlıların - suitilərin yatağı, balıq papulyasiyaları üçün əvəzolunmaz təbii ekosistem olmaqla yanaşı, çoxsaylı su quşları, o cümlədən, nadir növ durnalar, leyləklər və s. üçün sığınacaqdır. Bu vəziyyət qayalıqların sahilboyu ekosistemlərin çox mühüm təbiət elementləri olduğunu təsdiqləyir. Digər tərəfdən sözügedən qayalıqları, həm xalqımızın tarixinin, mədəniyyətinin, dini inanclarının atributları kimi də dəyərləndirmək olar. Tarixən Bakı kəndlərinin bağ yerləri bu qayalıqlar yaxınlığında olmuş, əhalinin əsas istirahət yerləri kimi məşhurlaşmışdır. Azərbaycanda kapitalizm münasibətlərinin inkişafı ilə bağlı, sonrakı sovet dönəmində və müasir dövrdə də bu ərazilərdə istirahət mərkəzləri yaradılmışdır. Ziyalı insanlarımızın əksəriyyəti Xəzər sahillərini təkcə istirahət yeri kimi deyil, həm də mənəvi yaradıcılıq ocağı kimi istifadə etmişlər. Belə mənəvi yaradıcılıq ocaqlarından biri də Buzovna qəsəbəsinin sahilində yerləşən Buzovna qayalıqlarıdır.

Şairlərimizdən Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm və başqaları, rəssamlarımızdan Səttar Bəhlulzadə, Fərhad Xəlilov və digərləri, xalq artisti Müslüm Moqomayevin simasında və digər böyük yaradıcı insanlarımızın ilham mənbəyi bu sahillər olmuşdur. Buzovnanın və digər sahil qayalıqlarına həsr edilən mövzular saysız-hesabsız sənət əsərlərində öz əksini tapır. Sözün əsl mənasında təbiət möcüzəsi sayılan Buzovna qayalıqları milli kino sənətinin inkişafında da mühüm rol oynamışdır. Burada müxtəlif janrlarda yüzdən artıq kino, sənədli film və kliplər çəkilmişdir. Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, öz ecazkar görünüşü ilə insanların qəlbini fəth edən Buzovna qayalıqları Azərbaycan xalqının milli, mədəni irsinin ayrılmaz və dəyərli bir hissəsidir.

Buzovnanın sahilboyu qayalıqları qəsəbənin şimal və şimal-şərqində yerləşir. Qayalıqlar Buzovnadan Bilgəh istiqamətində iki kilometrə qədər arası kəsilən formada uzanmışdır. Eni 100-200 metr arasında dəyişir. Geoloji cəhətdən tektonik qırılma xətti boyunca uzanaraq şaquli qalxmanın təsiri ilə yaranmışdır. Sonralar xarici qüvvələrin - dəniz dalğalarının və güclü küləklərin təsiri ilə daha cavan yumşaq süxurlar aşınaraq dağıdılmış və nəticədə pleystosen yaşlı sementləşmiş qum və əhəngdaşlarından ibarət qayalıqlar səthə çıxmışdır. Onlar bəzən dənizə "boylanırmış" kimi qəribə və maraqlı qaya çıxıntıları əmələ gətirmişlər. Burada qısa məsafədə 15-dən çox qaya çıxıntısı mövcuddur.

Qayaları dənizdən çimərlik sahəsi ayırır. Çimərliyin əsas hissəsi dənizin geri çəkilməsi ilə kontinental rejimə keçmişdir. Onun eni qövsvari sahildə 150 metrdən çox, digər sahələrdə isə 10 metrə qədər azalır. Dənizin səviyyəsi yüksələndə dalğalar qayalara çırpılaraq onun üzərində indi aydın görünən izlər buraxmışdır.

Buzovna qayalıqları iki denudasion terras şəklində əmələ gəlmişdir. Birinci terrası əmələ gətirən süxur layları 10-15 dərəcə meyilliyə malik olub quruya doğru tədricən gömülür. Əsas qaya çıxıntıları da bu terrasın qaş hissəsindədir. Bu terrrasın hündürlüyü 6 metrdən çox olub, səthinin eni 20 metrdən çoxdur. İkinci qayalıq terrrasın hündürlüyü 4-5 metrə çatır və səthi müxtəlif tikililərlə örtülmüşdür.

Qayalıqlarda üç mağara qeydə alınıb. Onların ağız hissədə eni 8-10 metr və bəzən daha çox, hündürlüyü isə 1-2 metr arasındadır. Mağaraların içi müxtəlif məişət tullantıları və çöküntülərlə dolmuşdur. Mağaraların ön tərəfindəki iri daşlar üzərində qayaüstü rəsmlərə rast gəlinir. Arxeoloq alimlərimizin burada tədqiqat aparması maraqlı olardı.

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olaraq, son 20 ildə Buzovna qayalıqlarının 90%-i ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilmişdir. Nəticədə unikal ekosistemin bir hissəsi bərpası mümkün olmayacaq dərəcədə vəhşicəsinə məhv edilmiş, qayalar çapılmış, doğranılmış, bəzi yerlərinə isə üzərinə beton və tikinti tullantıları tökülmüşdür. 2022-ci ilin yaz aylarından etibarən, Buzovna qəsəbə sakinləri, qayalıqların birmənalı olaraq azadlığı, əzəli vəziyyətində bərpa olunub gələcək nəsillərə ötürülməsi üçün tədbirlər görülməsi məqsədilə dövlət başçısına müraciət etmişdir. Buzovnada sahil zolağının qanunsuz tikililərdən azad olması istiqamətində Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Bakı Şəhər İH qərar qəbul etmiş və 22.06.2022-ci il tarixində ərazidə dərhal söküntü və təmizlik işlərinə start verilmişdir. Bu işdə daha çox fəallıq göstərən, Buzovna qəsəbəsinin sakinlərindən Seyfulla Azər və Elbəy Əlizadənin rəhbərliyi ilə onlara dəstək olan çox sayda gəncin, qəsəbə ziyalılarından Elçin Əliyev, Əsəd Zeynalov və b. köməyi ilə onlarla iməcilik keçirilərək bu mötəşəm qayalıqlar zibillik və tör-töküntüdən təmizlənir. Bu ilin ilk iməciliyi isə ulu öndərimiz Heydər Əliyevin adına keçirilmiş, çox sayda fəal iştirak etmişdir. Bütün Abşeron çimərliklərində olan qayalıqların qorunmasında əhalinin fəallığına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstək olması çox vacib məqamlardan biridir.

Ölkə ziyalıları göstərdiyi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə və dövlətimizə dərin təşəkkürünü bildirir və ümid edirlər ki, Abşeronun turizm əhəmiyyətli sayılan unikal qayalıqları digər ərazilərdə də bağ yerlərindən azad olacaqdır. Ana təbiətin, unikal ekosistemin əzəli vəziyyətində qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə, xüsusi mühafizə olunan təbiət ərazisinin təşkili ilə bağlı, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsaslanaraq, bu qayalıqların Dövlət mühafizəsinə götürülməsi, təbiət abidəsi statusu alması üçün müvafiq qurumların səy göstərməsi vacibdir.

Mirnuh İSMAYILOV,

 Akademik Həsən Əliyev adına

Coğrafiya İnstitutu Landşaft və

landşaft planlaşdırması şöbəsinin müdiri, dosent.

Etibar BƏDƏLOV,

Demoqrafiya və əhali coğrafiyası

şöbəsinin dosenti.