Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni məhsuldar üzüm sortları yaradılır
İQTİSADİYYAT

Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni məhsuldar üzüm sortları yaradılır

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” respublikada üzümçülüyə dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq, nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin etmişdir.

Qeyd edək ki, 2003-cü ildə üzümlüklərin sahəsi 8 min hektara, üzüm istehsalı 65 min tona yaxın idisə, 2020-ci ildə bu göstəricilər nəzərəçarpacaq dərəcədə artaraq üzümlüklərin sahəsi 16,5 min hektara, üzüm istehsalı 208 min tona, məhsuldarlıq isə 92,8 sentnerdən 104,8 sentnerə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası da uğurla davam etdirilir.

Tarixi məlumatlardan və ampeloqrafik tədqiqatlardan məlum olmuşdur ki, Azərbaycanda vaxtilə 500-ə yaxın yerli üzüm sortları əkilib-becərilmişdir.

Yerli üzüm sortlarının və məhsulun biokimyəvi zənginliyinə malik olması ölkədə müxtəlif növ yüksək markalı şərabların istehsalına imkan verir. Azərbaycan şərabları özünün son dərəcə gözəl və təkrarolunmaz buketinə və əla keyfiyyətinə görə 1964-cü ildən başlayaraq beynəlxalq sərgilərdə və dequstasiyalarda dəfələrlə qızıl, gümüş medallara, fəxri diplomlara layiq görülmüşdür. 1967-ci ilin məlumatlarına görə isə, Azərbaycanın markalı desert və turş şərabları, konyakları, şampan şərabları 37 medala, o cümlədən 13 qızıl medala layiq görülmüşdür, hazırda da bu proseslər davam edir.

Üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq, üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və tələbi ilə üzüm bağlarının ümumi sahəsi xeyli genişlənmiş, üzüm istehsalının həcmi isə xeyli yüksəlmişdir. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə Respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli sərəncamı ilə isə Üzümçülük və Şərabçılıq ET İnstitutu yaradılmışdır. İnstitut 1977-ci ilin mart ayından fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda da qeyd edildiyi kimi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlərin, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədqiqat işləri aparılır. Həmçinin, üzümçülük və şərabçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi üçün mütəxəssis hazırlığı davam etdirilir, müvafiq təhsil proqramları hazırlanır və nəşr olunur.

İnstitutda hibridləşdirmə üsulundan  istifadə  etməklə  yeni  yüksək məhsuldar süfrə  və texniki istiqamətli üzüm sortlarının və hibrid formalarının yaradılması işləri ilə əlaqadar aparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridi yaradılmışdır. Müxtəlif hibrid kombinasiyalar üzrə valideynlərindən tezyetişkənliyinə, məhsuldarlığına, keyfiyyətinə, xəstəlik və zərərvericilərə davamlılığına, yüksək şəkərlilik və turşuluq toplamaq qabiliyyətinə görə seçilən hibrid formalar müəyyən edilmiş, bəzilərinin seleksiya işləri və qiymətləndirilməsi başa çatdırılmış, becərilmə texnologiyası işlənib hazırlanmışdır. İnstitutda yabanı üzümün oidiuma davamlı forması ilə müxtəlif davamlılığa, kəmiyyət və keyfiyyət göstəricilərinə malik olan  üzüm sortlarının (Ağ şanı, Ağ Dərbəndi, Gəncə qızılı üzümü, Novrast, Səfeyi, Abşeron keçiməməsi, Qara üzüm, Qırmızı üzüm, Qara şanı sortları və Ağ şanı x Çəhrayı Tayfı hibrid forması) hibridləşdirilməsi həyata keçirilmiş və 10 kombinasiya üzrə yüzlərlə hibrid toxmacar əldə olunmuşdur. Bunun nəticəsində 10 hibrid kombinasiya üzrə 27 hibrid forma müəyyən edilərək perspektivliyi qiymətləndirilmişdir.  Onlardan 6 sort - Azəri, Göygöl, Bəhrəli, Kəpəz, Şamaxı hədiyyəsi, Gəncəvi KTN-in Aqrar Xidmətlər Agentliyi  tərəfindən dövlət reyestrinə daxil edilmiş (rayonlaşdırılmış), 5 yeni sort - İlhami, Şirəli, Qarabulağı, Nüvədi novrastı və Emində sınağa təqdim olunmuşdur. Daha 12 yeni hibrid formasının seleksiyası və qiymətləndirilməsi başa çatdırılmış və sınağa təqdim olunmaq üçün hazırdır. Bu sortlar xəstəlik və zərərvericilərə davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə və istifadə istiqamətinin genişliyinə görə valideynlərindən fərqlənirlər. Bu sortlar respublikada üzüm və şərabçılıq məhsulları üzrə milli brendlərin istehsalının artırılmasına imkan yaradır.

Yeni hibrid mənşəli Azəri üzüm sortu  Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) “Ticarət Liderləri Klubu” tərəfindən 1998-ci ildə Madrid şəhərində keçirilən müsabiqədə Beynəlxalq Prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu tərəfindən “Almaz Ulduz” mükafatına layiq görülmüşdür. Osort İnstitutun Gəncə Təcrübə Stansiyasında funksional dişi tipli Orta Asiya mənşəli Katta-Kurqan süfrə üzüm sortu ilə ikicinsli yerli süfrə sortu olan Təbrizinin çarpazlaşdırılmasından alınmışdır. Sort çox yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin xarici, o cümlədən əmtəəlik  görünüşü gözəl, xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlıdır. Barlı zoğların miqdarı 52-58 %; bar əmsalı 0,71-1,12; məhsuldarlıq əmsalı 1,22-1,76; salxımın sayı 25-36 ədəd; salxımın orta kütləsi 350-500 q; kolun məhsuldarlığı 7-10 kq; hektardan məhsuldarlıq 148-220 sentner arasında dəyişir.

Göygöl yeni hibrid üzüm sortu Tavkveri x Qara Lkeni üzüm sortlarının hibridləşdirilməsindən alınıb. 2010-cu ildə Dövlət Reyestrinə daxil edilib. 

Gecyetişən üzüm sortudur. Vegetasiya müddəti 161 gün davam edir.  Oidium xəstəliyinə davamlılığı (2-2,5 bal - yarpaqda) və tolerantlığı (3-3,5 bal - gilədə), antraknoz xəstəliyinə tolerantlığı (3-3,5 bal) və bozçürümə xəstəliyinə isə davamlılığı ilə (2-2,5 bal) seçilir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 68,8 %; bar əmsalı 1,03; məhsuldarlıq əmsalı 1,46; salxımların sayı 32 ədəd; salxımların orta kütləsi 280 qr; kolun orta məhsuldarlığı 6,7 kq; hektardan məhsuldarlıq 148,9 sentnerdir.

Salxım və gilələrinin mexaniki quruluş və xüsusiyyətlərinə görə tipik texniki istiqamətlidir. Giləsində şəkərlilik 100 kubsantimetrdə 19,1 qram titrlənən turşuluq 5,67 qramdır. Sortun məhsulu qırmızı süfrə və desert şərablarının istehsalı üçün yararlıdır. Respublikanın dağətəyi ərazilərində əkilib-becərilməsi perspektivlidir.

Kəpəz yeni hibrid üzüm sortu Tavkveri x Xindoqnı sortlarının çarpazlaşdırılmasından alınmışdır. 2017-ci ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti (BSQ və TNDX) tərəfindən Dövlət Reyestrinə daxil edilmişdir. Xəstəlik və zərərvericilərə davamlılığı: Mildiu, oidium, bozçürümə, antraknoz xəstəliklərinə qarşı nisbətən davamlıdır. Salxım yarpaqbükəni ilə zəif sirayətlənir.

Məhsuldarlığı: Barlı zoğların miqdarı 79,5% zoğun bar əmsalı 1,33; salxımın miqdarı 48 ədəd; salxımın kütləsi 189 q; tənəyin orta məhsuldarlığı 7,2 kq; məhsuldarlıq isə hektardan 150  sentner təşkil edir. Giləsində 100 kub sm-də 21 qram  şəkərlilik, bir kubdesimetrdə 5,8 qram  titrlənən turşuluq var. Salxım və gilələrinin əmtəəlik keyfiyyəti və orqanoleptik xüsusiyyətləri yüksəkdir. Şərabın fiziki-kimyəvi göstəriciləri: Sortdan qırmızı üsulla süfrə şərabı (qırmızı) alınmışdır (2009-cu ildə).  Şərabın tərkibində spirtlilik 12,7 % həcm, titrlənən turşuluq bir kubdesimetrdə 6,5 qram, uçucu turşuluğu 0,78 qram, ümumi ekstrakt  21,4 qramdır. Şərabın rəngi tipinə uyğun olub, harmonik dada və ətirə malikdir. Sort tipik texniki istiqamətlidir. Sort müxtəlif növ şərabların alınması ilə yanaşı, təzə halda istifadəyə və alkoqolsuz məhsulların alınması üçün yararlıdır.

Bəhrəli  yeni hibrid üzüm sortu  Bayanşirə x Semilyon üzüm sortlarının hibridləşdirilməsindən alınmışdır. 2017-ci ildə Dövlət Reyestrinə daxil edilmişdir. Xəstəlik və zərərvericilərə davamlılığı: Sort oidium və mildiu xəstəliyinə qarşı tolerantlıq nümayiş etdirir. Salxım yarpaqbükəni ilə zəif sirayətlənir.

Barlı zoğların miqdarı 78,5 %; zoğun bar əmsalı 1,23; salxımın miqdarı 44 ədəd; salxımın kütləsi 198 q; tənəyin orta məhsuldarlığı 7,2-8,2 kq, hektara düşən məhsuldarlıq 150-170 sentner arasında dəyişir. Giləsində 100 kubsantimetrdə 17,6 qram şəkərlilik, kubdesimetrdə 8,2 qram titrlənən turşuluq toplanır.  Salxım və gilələrinin əmtəəlik keyfiyyəti və orqanoleptik xüsusiyyətləri yüksəkdir.

Şərabın fiziki-kimyəvi göstəriciləri: Sortdan qırmızı üsulla süfrə şərabı (ağ) alınmışdır.  Şərabın tərkibində spirtlilik 12,5 % həcm,  titrlənən turşuluq desimetrdə 7,5 qram, uçucu turşuluğu desimetrdə 0,76 qramdır. Şərabın rəngi tipinə uyğun olub, harmonik dada və ətirə malikdir.

Sınaqda olan İlhami, Şirəli, Qarabulağı, Nüvədi novrastı və Emin hibrid üzüm sortları yüksək məhsuldarlıqları və keyfiyyətləri ilə seçilir və hər bir sortun özünəməxsus xüsusiyyətləri vardır. Onların arasında şirəli üzüm sortu texniki istiqamətli olub, yüksək şəkərlilik toplayır və məhsulu şampan şərab materialı və turş süfrə şərabları üçün əvəzsiz xammalıdır. Nüvədi novrastı tezyetişkənliyinə görə fərqlənir. Yüksək şəkər toplayır, əmtəəlik görünüşü yüksəkdir. İlhami bənövşəyi giləli sort olub, gecyetişkənliyinə, tənək üzərində uzun müddət qalmağına, saxlanmaya və daşınmaya, o cümlədən xəstəlik və zərərvericilərə  davamlılığına görə səciyyələnir. Qarabulağı sortu gilələri sarı olub, tam yetişdikdə kəhrəba rəngi alır. Salxım və gilələrinin xarici görünüşü, o cümlədən əmtəəlik görünüşü çox gözəldir. Çox iri salxımları (1-2 kq) olur, gilələrin özünəxas ətri və dadı vardır. Yüksək dad keyfiyyəti ilə seçilir. Emin hibrid üzüm sortu digərlərindən və valideynlərində xəstəlik və zərərvericilərə davamlılığına görə fərqlənir. Salxım və gilələrinin xarici görünüşü gözəldir. Zoğun bar əmsalı çox yüksəkdir. Ağ giləlidir, tam yetişdikdə kəhrəba rəngi alır.

Aparılan tədqiqatlar nəticəsində bir neçə yerli və introduksiya olunmuş üzüm sortunun  (yerli-Təbrizi, Hüseyni, Zeynəbi, Çəhrayı kişmiş, Qırmızı hüseyni, Ağ gavra,  Gözəl üzüm, Qaragöz, Mahmudu, Ağ Salyan üzümü, Novrast introduksiya olunmuş- Moldova, Prima, İtaliya muskatı, Soqdiana kişmişi, Parkent, Çəhrayı tayfı, Üzümlüklərin kraliçası, Doyna, Sultanina, Danuta, Sentenial sidlis, Attika, Superior, Şiraz və s.) Abşeron ekoloji şəraitində böyümə və inkişaf, məhsuldarlıq, keyfiyyət, fitosanitar xüsusiyyətləri öyrənilmiş və perspektivli olduqları müəyyən edilmişdir. Həmin sortların müsbət fenoloji, yüksək inkişaf, davamlılıq, kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınaraq fermer təsərrüfatlarında geniş sahələrdə əkilib-becərilməsi məqsədəuyğun hesab edilmişdir.

İnstitutda ölkəyə yeni gətirilmiş üzüm sortlarının aqrobiloji və adaptasiya xüsusiyyətləri və becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirilir.

Vüqar SƏLİMOV,

KTN-in Üzümçülük və Şərabçılıq ET

İnstitutunun direktoru, aqrar elmlər doktoru.