Üzeyir və Füzuli vəhdəti
Mədəniyyət

Üzeyir və Füzuli vəhdəti

«LEYLİ VƏ MƏCNUN» - 115

Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının meydana gəlməsi Azərbaycan professional musiqi məktəbinin yaranması tarixi hesab olunur. Bu opera  dünya  musiqi mədəniyyətinin  qabaqcıl ənənələrindən  qidalanmaqla bərabər, musiqi dilinin  fərdiliyi, böyük dəyəri və xəlqiliyi ilə fərqlənir.

Nazim ƏLİVERDİBƏYOV,

 bəstəkar.

Xalqımızın milli mədəni irsinin qorunması yolunda var qüvvəsi ilə çalışan, özünün dünyaşöhrətli əsərlərində də milli adət-ənənələrimizi ön plana çəkən Üzeyir Hacıbəyov milli musiqinin müxtəlif problemlərinə aid məqalələr, ədəbi və publisistik əsərlər, o cümlədən Azərbaycan xalq musiqisinin əsasları haqqında tədqiqat əsəri yazmışdır. O, elə bir tarixi dövrdə yaşayıb yaratmışdır ki, milli musiqi sənətimizin hansı səhifəsinə müraciət etmişdirsə, onu ilk dəfə yaratmalı olmuşdur.

Bildiyimiz kimi, XVI əsr estetikası özünün təkmil və dolğun ifadəsini böyük şair Məhəmməd Füzulinin yaradıcılığında tapmışdır. Füzulinin fikrincə həyatın dərk olunmasında şeir insanlara böyük kömək edir və etməlidir. Bu da təsadüfi deyil ki, insan qəlbinin ən nəcib hisslərini, məhəbbət və sevgi mövzularını bütün incəliyi ilə əks etdirən Füzuli şeirləri,  hər zaman onu oxuyanların, dinləyənlərin, dərk edənlərin  qəlbinə hakim kəsilir. Elə buna görə  də, Füzuli şeirləri musiqiyə daha tez qovuşur, bir-birini tamamlayır, daha ahəngdar səslənir, ürəyə yatır, qəlbləri oxşayır. Təsvir vasitələrinin çoxçeşidliliyi, gözəlliyi, ahəngdarlığı baxımından Füzuli yaradıcılığı bəşəri simfoniyadır. Həm də elə bir simfoniyadır ki, onun ayrı-ayrılıqda hər hansı səsi öz-özlüyündə gözəl bir melodiyadır.

Üzeyir Hacıbəyov ilk musiqi əsəri yazmaq fikrinə düşdükdə daxili duyumu ilə hiss edirdi ki, xalqını müasir musiqi sənətinə cəlb etmək üçün məhz opera kimi demokratik və sintetik bir janra, yəni səhnə ilə, müəyyən ədəbi süjetlə bağlı olan bir janra müraciət etməlidir. Xalq məhz belə bir sintetik janrı qavramaq və qəbul etməyə hazır idi. Çünki əsrlərdən bəri müxtəlif mərasim tamaşaları, ilin mövsümlərinin dəyişməsi ilə əlaqədar olan şənliklər, oyunlar xalq arasında həmişə musiqi ilə müşayiət edilərdi. Belə mərasim tamaşalarından birinin Azərbaycan operasının yaranmasında əsas amillərdən olması haqda Ü.Hacıbəyov özü belə yazırdı: «1907-ci sənədən bəri Azərbaycan türkləri arasında opera əmələ gəlməsinin birinci amillərindən birisinin «şəbeh» olduğu şübhəsizdir».

«Leyli və Məcnun» operasını bəstəkar 1907-ci ildə yazmağa başlamışdı. Lakin bu mövzuda opera yazmaq fikrinə Üzeyir  Hacıbəyov hələ çox qabaqlar, 1897-1898-ci illərdə Şuşada yaşayarkən düşmüşdü. Bu illərdə 13 yaşlı Üzeyir doğma Şuşa şəhərində səhnə həvəskarlarının oynadığı «Məcnun Leylinin məzarı üstündə» mövzusunda kiçik bir səhnəni görmüşdü. Həmin səhnədə məşhur xanəndə Cabbar Qaryağdıoğlu Məcnun rolunu oynayırdı. Üzeyir özü isə xorda oxuyurdu. Bu səhnə kiçik Üzeyiri elə həyəcanlandırmışdı ki, bir neçə ildən sonra Bakıya gələndə onda opera yazmaq fikri daha da güclənmişdi. Operanın yaranma tarixindən söhbət düşərkən Üzeyir bəy deyirdi:

««Leyli və Məcnun» operası  musiqinin bu janrına xalqımızın güclü daxili tələbatı nəticəsində yaranmışdır.  Mən bu operanı yaradarkən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».

1908-ci il yanvarın əvvəlində Bakının müxtəlif yerlərində qəribə afişalara rast gəlmək olurdu. Bu afişalarda şənbə günü yanvarın 12(25)-də, Tağıyev teatrında ilk dəfə müsəlman səhnəsində «Nicat» Cəmiyyətinin opera artistləri tərəfindən hazırlanmış 5 pərdə 6 şəkilli «Leyli və Məcnun» operasının göstərilməsi haqda xəbər verilirdi.

«Leyli və Məcnun» operası 22 yaşlı Üzeyir Hacıbəyovun yaradıcılıq yollarında ilk addımları idi. Qara Qarayevin sözləri ilə desək: «Dahi insanların sənət yollarındakı ilk addımları böyük və mənalı olur. «Leyli və Məcnun» operası da məhz belə addımların bəhrəsi olmuşdur».

Pak məhəbbət və gözəllik təbliğ edən bu əsər opera səhnəmizin zinəti olub öz musiqisi və bədiiliyi ilə geniş tamaşaçı kütləsini özünə cəlb etmişdir. Üzeyir bəyin xalq  musiqisindən bacarıqla istifadə etməsi «Leyli və Məcnun» operasının  təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə də böyük şöhrət tapmasına səbəb olmuşdur.

Bəşər tarixində ədəbi mövzu olan, ülvi məhəbbəti tərənnüm edən «Leyli və Məcnun» əfsanəsinin tarixi çox qədimdir. Bu mövzu hələ ərəb şifahi ədəbiyyatında mövcud imiş. Leyli və Məcnunun saf və faciəvi məhəbbəti əsrlər boyu bir çox sənətkarların diqqətini cəlb etmişdir. İlk dəfə bu mövzunu qələmə alan XII əsrin böyük mütəfəkkir şairi Nizami Gəncəvi olmuşdur. Nizamidən sonra bir sıra xalqların sənətkarları da bu mövzuya müraciət etmişlər. Onlardan Əmir Xosrov Dəhləvi (XII əsr), Əlişir Nəvai (XV əsr), Cami (XV əsr) və başqalarını göstərmək olar.

  Üzeyir Hacıbəyov  «Leyli və Məcnun» operasını yaradarkən məhz Füzuli poemasına müraciət etmişdir. Buna səbəb isə Füzuli poemasının həm doğma Azərbaycan dilində yazılması, həm də şairin qəzəllərinin axıcılığı, musiqililiyi ilə xalq arasında məşhur olması idi. Azərbaycan xanəndələri də illər boyu muğamları oxuyarkən, ilk növbədə  Füzuli qəzəllərinə müraciət etmişlər.

Bəstəkar operadakı qəzəllərin bəzilərini Füzulinin «Divan»ından götürmüşdü. Opera janrının xüsusiyyəti ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov əsərin librettosunu yazarkən Füzuli poemasının mətnini xeyli ixtisar etmiş, bir sıra hissələrin mətnini isə bəstəkar özü yazmışdı. O, Füzuli poemasında olan bəzi hadisələri, məsələn Məcnunun doğulmasını, onun atası ilə Məkkəyə getməsini, atasının məzarı üzərində Məcnunun naləsini və poemanın axırıncı səhnəsini verməmişdi. Lakin bununla bərabər, bəstəkarın yüksək dramaturji hissiyyatı ona Füzuli poemasının əsas süjet fabulasını, ictimai fəlsəfi, əxlaqi ideyasını saxlamağa kömək etmişdi.

Ü.Hacıbəyov XVI əsrin poemasına başqa bir dövrün - XX əsrin sənətkarı kimi öz münasibətini bildirmiş, məhz ona görə poemadakı Leyli surətini operaya olduğu kimi köçürməmiş, onu daha fəal, öz hüquqsuzluğunu daha aktiv bildirən qadın obrazı kimi vermişdir. Orta əsr feodal cəmiyyətinin əxlaq normalarına meydan oxuyan Füzuli poemasının əsas pafosu Ü.Hacıbəyovun musiqisində müasir demokratik ünsürlərlə daha da zənginləşmişdir.

Bəstəkar yalnız «Leyli və Məcnun» operasında deyil, özünün digər əsərlərində, o cümlədən   musiqili  komediyalarında da Füzuli qəzəllərindən istifadə etmiş, «O olmasın, bu olsun» operettasında Sərvər və Gülnazın, «Arşın mal alan» operettasında isə Əsgər və Gülçöhrənin mənəvi aləmlərini, iztirab və sevinclərini onların vasitəsilə məharətlə açmışdır. Bundan başqa, Üzeyir bəy ədəbi və jurnalistlik fəaliyyətində də Füzuli poeziyasından məharətlə bəhrələnmişdir.

Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan 115 yaşlı «Leyli və Məcnun» operası  bir əsrədək vaxt keçməsinə baxmayaraq, hələ də nəsildən-nəslə ötürülərək Azərbaycan Opera və Balet Teatrının səhnəsində öz əbədi ömrünü yaşayır. Çünki bu opera  Azərbaycan xalqının doymadan, sevə-sevə tamaşa etdiyi, dinlədiyi bir əsərdir.

Təranə HƏSƏNOVA,

Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi.