Ustad jurnalist Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib
Sosial həyat

Ustad jurnalist Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib

Dekabrın 22-də Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasından 110 il ötür. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında ustad sənətkarla bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarının bir qrupu əvvəlcə II Fəxri Xiyabanda N.İmanquliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub.

Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan milli mətbuatında və publisistikasında Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli ənənələrinin davamçısı olmaqla yanaşı, özünəməxsus parlaq ziyalı obrazı yaratmış şəxsiyyətdir. Onun həyat və yaradıcılığı jurnalist peşəkarlığı ilə ziyalı cəsarəti və mərdliyinin bənzərsiz və təkrarsız nümunəsidir. Bildirilib ki, N.İmanquliyevin jurnalistlik fəaliyyətində "Bakı" və "Baku" axşam qəzetləri müstəsna önəm daşıyıb. Ustad qələm sahibinin qurucusu olduğu və 30 il redaktorluq etdiyi bu nəşrlər Azərbaycan jurnalistikasına yeni ahəng və ruh gətirib. N.İmanquliyev tələbələrin sevimlisi olan tələbkar pedaqoq, qayğıkeş müəllim idi.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov özünün jurnalist kimi formalaşmasında Nəsir İmanquliyevin böyük rolunun olduğunu vurğulayıb. Bildirib ki, Nəsir müəllim tələbkarlığı ilə redaksiyanı nizamda saxlamaq qabiliyyətinə malik idi. Redaksiyada yaradıcı mühit, böyük məsuliyyət formalaşdırırdı. Tənqidlə ictimai əhəmiyyət daşıyan məsələlərə sanki nəfəs verirdi.

Uzun illər "Bakı" və "Baku" qəzetlərində çalışmış, hazırda bu nəşrlərin baş redaktoru olan Ağahüseyn Hüseynov qeyd edib ki, Nəsir İmanquliyev Azərbaycanın həm mətbu, həm də ictimai-siyasi həyatında böyük şəxsiyyətdir. Onun nadir duyumu vardı, böyüklə böyük, kiçiklə kiçik idi.

"Fikirlərdə, düşüncələrdə əbədi qalmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Nəsir müəllim belə şəxsiyyət idi. O, yaradıcılıqda yaşıl işıq kimi xatırlanır", - deyən Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Flora Xəlilzadə tələbəsi olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən ustad qələm sahibi pedaqoqla bağlı xatirələrindən söz açıb, onun tələbələrə qayğısından danışıb.

Veteran jurnalist Məzahir Süleymanzadə çıxışında Nəsir İmanquliyevin rəhbərlik etdiyi "Bakı" qəzetinin dil və üslub xüsusiyyətləri baxımından digər dövrü nəşrlərdən fərqləndiyini deyib. Ustad jurnalisti pedaqoq kimi də xarakterizə edən keyfiyyətlərdən söz açan M.Süleymanzadə bildirib ki, onun tələbəsi olmaq böyük xoşbəxtlik idi.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, şair, publisist və nasir Telli Pənahqızı Nəsir İmanquliyevin ictimai-siyasi, mədəni həyatda örnək şəxsiyyət olmaqla yanaşı, əvəzsiz liderlik xüsusiyyətlərini də daşıdığını bildirib.

Filologiya elmləri namizədi, jurnalist və publisist, Nəsir İmanquliyev irsinin tədqiqatçısı Şərəf Cəlilli vurğulayıb ki, ustad jurnalist tarixi özünün həyatı ilə yaradan və yaşadan simadır.

Digər çıxış edənlər - Azərbaycanın Əməkdar artisti, televiziya aparıcısı Nailə İslamzadə, Veteran jurnalist, "Bakı" və "Baku" qəzetlərinin baş redaktor müavini Ənvər Məşədiyev, MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "İki sahil" qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev, Əməkdar jurnalist Aydın Ağazadə, veteran jurnalist Oqtay Ərgünəş və başqaları Nəsir İmanquliyevin Azərbaycanın ədəbiyyatında, incəsənətində özünün koloriti ilə fərqlənmiş tanınmış şəxsiyyətlərin sırasında yer aldığını vurğulayıblar. Bildirilib ki, ustad jurnalistin həyat və fəaliyyəti bütövlükdə söz sənətinin təntənəsi idi, onun xatirəsi hər zaman yaddaşlarda qalacaq.

AZƏRTAC